Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 13:22

Mehman Əliyev: 'Hər şey Qərbin mövqeyindən asılı olacaq'


Mehman Əliyev

Avropa Birliyi (AB) ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin razılaşdırılması üçün danışıqlar başlanır.

Avropa Birliyi Şurasının prezidenti Donald Tusk belə deyib. Danışıqlara fevralın 7-də start veriləcək.

Prezident İlham Əliyev AB-Azərbaycan əməkdaşlığında “yeni fəslin açıldığını”, yeni strateji mərhələ başlatmaqdan ötrü vaxt itirməmək və tələsmək lazım gəldiyini bildirib.

Donald Tusk insan haqları durumunun diqqət mərkəzində olduğunu bəyan edib.

Buna da bax:​ Avropa Parlamentində 'Azərbaycan dinləmələri' keçirilir [yenilənir]

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosu-nun bu yöndə suallarını cavablandırır:

Mehman Əliyev: "Bu gün Azərbaycanda demokratiyanın boğulması Qərbin güzəştindən qaynaqlandı"
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

- Mehman bəy, demək olarmı ki, iki tərəf arasında yeni mərhələ başlanır və proses sürətlə müsbət səmtə yönələcək? İndiki şərtlərdə buna nə dərəcədə ümid etmək olar?

- Proseslərin sürətlə gedəcəyinə ümid etmək çətindir. Söhbət ondan gedir ki, tərəflərin bu sazişə, onun vəzifə və məqsədlərinə yanaşması fərqlidir. Azərbaycan tərəf yenə də enerji sahəsi, təhlükəsizlik, ticarət sahəsində əməkdaşlığa daha çox maraq göstərir. Amma məsələnin digər tərəfində - hüququn aliliyində, azadlıqlar, insan haqları və demokratiyanın inkişaf etdirilməsində maraqlı deyil. Avropa Birliyi isə üstünlüyü bunlara verir. Siyasi komponent bu əməkdaşlığın daha dərin və daha geniş keçirilməsinə problem yaradır. Azərbaycan-AB ticarət əlaqələrində, nefti çıxsaq, görərik ki, Gürcüstan-AB münasibətləri ilə müqayisədə aramızda nə qədər böyük fərq var. Yəni indiki halda AB və Azərbaycanın məqsəd və vəzifələri fərqlidir.

Buna da bax:​ Dinləmələr öncəsi Xədicə İsmayılın işığı söndürülüb, amma...

- Sizcə, bu məsələdə ortaq məxrəcə nə qədər ümid bəsləmək olar?

- Son zamanlar təzyiqlərin artdığını görürük. Bu da həm də onunla bağlıdır ki, Azərbaycanın iqtisadi durumu geriləyib. Bunu hakimiyyət də anlayır, amma bununla belə, müqavimət göstərir. İlham Əliyev fevralın 6-da Avropa Parlamentinin başçısı ilə görüşməkdən imtina etdi. Ona görə ki, AP-də insan haqları məsələsi müzakirə edilməliydi. Bu, demarşdır və ondan xəbər verir ki, Azərbaycan hakimiyyəti, hələlik, AB ilə münasibətlərdə ciddi dəyişikliklərə hazır deyil. Danışıqlar gedəcək və müəyyən mənada alver predmetinə çevriləcək. Bu məsələdə, açığı, hər şey Qərbin münasibətindən asılı olacaq. Yumşalma getsə, güzəştlər olsa, deməli, məsələ uzanacaq. Yox, AB-nin mövqeyi sərt olacaqsa, hakimiyyət güzəştlərə getməyə məcbur qalacaq.

- Sizcə, Azərbaycan Avropa Birliyi ilə münasibətlər qurmaqda nə dərəcədə maraqlıdır?

- AB ilə Azərbaycan arasında sənəd 1996-cı ildə imzalanmışdı. Amma o sənəddəki müddəaların böyük hissəsi reallaşmadı. Sonradan Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq ortaya çıxdı. Əvvəl aktiv olsa da, bu əməkdaşlıq da sonradan zəiflədi. Neft pulları gəldikcə, Azərbaycan gücləndikcə, bu məsələdə yubanma oldu, hətta pozuntulara yol verildi. Siz də bilirsiniz, vətəndaş cəmiyyətinə qarşı nə baş verdi, siyası məkanda nələr yaşandı, basqılar artdı, korrupsiya artdı... 2015-ci ildəsə Azərbaycan AB ilə üzvlük haqda saziş imzalamaqdan qaçdı. Ona görə sonradan modernləşmə haqda saziş ortaya çıxdı. İndi də strateji əməkdaşlıq haqda danışılır. Mənim gördüyüm odur ki, Qərb hakimiyyətə güzəştlərə gedir, ancaq hakimiyyət bunu da qəbul etmək istəmir. İstəyir ki, ancaq o dediyi istiqamətdə əməkdaşlıq edilsin, başqa məsələlərlə bağlı siyasətini bildiyi kimi davam etdirsin. Burda ziddiyyət var. Və yenə deyirəm ki, hər şey Qərbin mövqeyindən asılı olacaq. Əslində, bu gün Azərbaycanda demokratiyanın boğulması və basqılar Qərbin güzəştindən qaynaqlandı.

Buna da bax:​ Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

- Moldova, Ukrayna və Gürcüstanda standartlarını qoruyan Avropa Birliyinin Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalarkən, güzəştə getməsi nə dərəcədə ağlabatandır?

- İş ondadır ki, Qərb onlarla assosiativ üzvlük haqqında saziş imzalayıb. Azərbaycan da buna imza atmalı idi. Ancaq hakimiyyət 2014-cü ildən başlayaraq prosesi pozdu. Nazir Elmar Məmmədyarov Riqa sammitində sazişə imza atmalı idi, bir də gördülər ki, Məmmədyarov yoxdur, aradan çıxıb. Ora prezident gəlməli idi, amma gəlmədi, naziri göndərdi, o da yarım gün iştirak edib heç kimə heç nə demədən sammiti tərk etdi. Bu sənəd də, əslində, kompromis sənəd idi. Sammitdə də deyilmişdi ki, Azərbaycan, Ermənistan və Belarusla ayrıca sənəd imzalamaq lazımdır, çünki onlar hazır deyillər. Qısası, Azərbaycan hakimiyyəti hər şey etdi ki, assosiativ üzvlüklə bağlı sənədi yüksək öhdəlikləri də olduğu üçün imzalamasın. Hər dəfə məsələni uzadırlar. İndi də bunu uzadacaqlar.

Xatırlatma

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə səfərdədir. O, fevralın 6-da Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogherini, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk, AB-nin enerji komissarı Maros Sevcovic-lə görüşüb.

Buna da bax:​ İlham Əliyev Avropa Parlamenti rəhbəri ilə görüşməyib, səbəbi...

Federika Mogherini Azərbaycanın AB ilə əməkdaşlığının genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün xoş xəbər sayıldığını, AB-nin Azərbaycana etibarlı dost və tərəfdaş olduğunu söyləyib.

AB-nin enerji komissarı Maros Sevcovic deyib ki, bu, Azərbaycanla Avropa Birliyi “arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq”.

Prezident İlham Əliyev bu görüşlərdə tərəflər arasında imzalanması gözlənən strateji əməkdaşlıq sazişi haqda danışmayıb. Hər halda rəsmi məlumatda bu barədə heç nə deyilmir. Əksinə, prezident yenə enerji təhlükəsizliyindən, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Dünya Bankı ilə əməkdaşlığından danışıb.

Buna da bax:​ HRW: 'AB Azərbaycan hökumətinə təzyiq göstərsin'

İlham Əliyev fevralın 6-da Avropa Parlamentinin yeni sədri Antonio Tajani ilə planlaşdırılan görüşünü ləğv edib.

Avropa Parlamentinin toplantı və müzakirələrinin icmalını təqdim edən internet səhifəsinin verdiyi xəbərə görə, buna səbəb Avropa Parlamentində İlham Əliyevin görüşü ilə eyni vaxtda Azərbaycandakı insan haqlarının durumu ilə bağlı dinləmələrin keçirilməsidir.

Xəbərdə Avropa Parlamentində toplaşan hüquq müdafiə təşkilatları və hüquq müdafiəçilərinin İlham Əliyevin A.Tajani ilə görüşünü ləğv etməsini qınadıqları bildirilir. Ancaq Azərbaycanın rəsmi qurumları görüşün ləğvi və bunun səbəbi ilə bağlı, hələlik, hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG