AzadlıqRadiosunun araşdırması Avropa İttifaqının (Aİ) qanunsuz və pozucu fəaliyyətlərdə suçlayaraq qara siyahıya saldığı bir rusiyalı diplomatın ATƏT missiyasının tərkibində Serbiyada keçiriləcək parlament və yerli seçkilərdə müşahidəçilik edəcəyini üzə çıxarıb.
49 yaşlı Aleksandr Studenikin Rusiyanın Aİ-dəki missiyasının tərkibində məsləhətçi vəzifəsini tuturdu. Di gəl, ötən ilin aprelində o və daha 18 rusiyalı diplomat "persona non qrata" (arzulanmaz şəxs) elan edilərək Brüsseldən çıxarılıb.
AzadlıqRadiosunun müxbirləri Miryana Yevtoviç, Mark Krutov və Maya Jivanoviçin qələmindən çıxan məqalədə deyilir ki, Aİ qara siyahıya salınan rusiyalı diplomatların Aİ və üzv dövlətlərin maraqlarına və güvənliyinə qarşı fəaliyyətlərlə məşğul olduğunu bildirib.
ATƏT missiyasının tərkibində casus?
İndi Studenikin dekabrın 17-də Serbiyada keçiriləcək parlament və bələdiyyə seçkilərinə müşahidəçi kimi qatılacaq 30 nəfərlik ATƏT missiyasının tərkibindədir.
Daha öncə yayılmış bir xəbərdə Studenikinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) əməkdaşı olduğu iddia edilib. Məxfi sənədlərə çıxışı olan bir yüksək vəzifəli Avropa rəsmisi də AzadlıqRadiosuna Studenikinin SVR-ə işlədiyini söyləyib. Ancaq Studenikinin özü kəşfiyyatla hər hansı bağı olduğunu danır.
Studenikin ATƏT Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin (ODIHR) seçki müşahidə missiyasının tərkibində olan dörd rusiyalıdan biridir. Qrupun tərkibində onlardan başqa ABŞ, Britaniya, Almaniya, Fransa, Danimarka, Belarus və daha yeddi ölkədən müşahidəçilər var.
Studenikinin Serbiyaya təyinatı keçicidir, ancaq bu ölkə Aİ-dən qovulan Rusiya diplomatlarının üz tutduğu məkana çevrilib.
AzadlıqRadiosunun martda apardığı başqa bir araşdırmasında Rusiya kəşfiyyatı ilə bağları olan və Aİ-nin qara siyahısına salınan, azı, üç diplomatın Serbiyada akkreditasiyadan keçən Rusiya diplomatlarının arasında peyda olduğu üzə çıxıb. Serbiya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra ona qarşı sanksiyalara qoşulmayan azsaylı Avropa ölkələrindən biridir.
Ötən ilin fevralında Moskvanın Ukraynaya hücuma başlamasının ardınca Aİ hökumətləri yüzlərlə rusiyalı diplomatı qara siyahıya salıb. Onlardan bir neçəsi isə casusluqda ittiham edilib. Sözügedən diplomatların Aİ ərazisindən çıxarılması belə baş verib.
Qərb hökumətləri Moskvaya qarşı sanksiyalara qoşulması üçün Belqrada təzyiq edir. Hakim Serbiya Proqressiv Partiyası və prezident Aleksandar Vuçiç qatı rusiyayönlü mövqeyi ilə tanınan partiyalarla koalisiyalarını qoruyub saxlayıblar. Avropayönlü müxalifətsə əhalinin çox hissəsinin Rusiyanı dost dövlət kimi gördüyü ölkədə populyarlıq qazanmağa çətinlik çəkir.
Vuçiç daim Belqradın Aİ-yə qoşulmaq yönündəki səyləri və Rusiya ilə dost münasibətləri arasında balans saxlamağa çalışıb. Serbiya ilə ortaq din və dil kökləri olan Rusiya Qərblə qarşıdurmalarda Belqradı dəstəkləyib.
Aİ 19 rusiyalı diplomatın adını qara siyahıya salıb
ATƏT-də çalışan rusiyalılar əvvəllər də Aİ ölkələrinə daxil olmaqla bağlı çətinliklərlə üzləşiblər. Ötən il Polşa hökuməti ATƏT Parlament Assambleyasının iki rusiyalı əməkdaşını "persona non qrata" elan edib və onların dövlət güvənliyini təhdid etdiyini bildirib. Onlardan biri, Darya Boyarskaya Kalininqraddakı yaxınlarını ziyarət etməyə cəhd edərkən Litva-Rusiya sərhədində saxlanıb.
ATƏT üzvü olan ölkələr seçki müşahidə missiyalarının tərkibində görmək istədikləri şəxsləri özləri seçirlər. ATƏT-in özü üzv dövlətlərin tövsiyə etdiyi bu müşahidəçilərin seçilməsini birbaşa yönəltmir.
Daha öncə Haaqada Kimyəvi Silahların Qadağan Olunması Təşkilatında (OPCW) çalışan Studenikin ATƏT-in seçki müşahidəçisi kimi fəaliyyətə başlamaq üçün noyabrın 19-da Serbiyaya gəlib.
ODIHR sözçüsü AzadlıqRadiosuna bildirib ki, təşkilat Aİ-nın Studenikini "persona non qrata" elan etməsi barədə məlumatlandırılmayıb və deyib ki, müşahidəçilər davranış kodeksinə əməl etməyə borcludurlar: "Kodeksin hər hansı ciddi pozulması müşahidəçinin akkreditasiyasının dərhal ləğvinə səbəb olacaq".
Aİ qara siyahıya saldığı 19 rusiyalı diplomatın adını nə açıqlayıb, nə də birbaşa casusluqda suçlayıb. Sadəcə bu diplomatların öz diplomatik statuslarının ziddinə fəaliyyətlərlə məşğul olduğunu bildirib.
Studenikinin adı hələ də Rusiyanın Aİ-dəki daimi missiyasının saytında qalır. Onun vəzifəsi sənaye əməkdaşlığı üzrə məsləhətçi kimi göstərilib.
Hələ də yenilənməyən saytda Brüsseli tərk etmiş bir çox başqa rusiyalı diplomatın da adı var. Onlardan biri Denis Pavlovdur. AzadlıqRadiosunun daha bir araşdırmasının nəticələrinə görə, bu diplomat sonradan rus muzdlu döyüşçüləri ilə yerli polisi əlaqələndirmək üçün Mərkəzi Afrika Respublikasına ezam edilib.
Studenikinin Linkedin profilindəki məlumata görə, o, 2014-cü ildə - Rusiyanın Aİ-dəki daimi missiyasında çalışmağa başlamazdan öncə peşəkar diplomat olmayıb. Kimyəvi müdafiə sahəsində hərbi təhsil alan Studenikin OPCW-da çalışıb. 193 üzvü olan bu təşkilatın məqsədi kimyəvi silahların birdəfəlik ləğvidir.
"Noviçok" ətrafında baş verənlər
Rusiyanın bu qurumla münasibətləri 2018-ci ildən bəri bir qədər gərginləşib. Həmin ildə təşkilat İngiltərədə keçmiş Rusiya casusu Sergey Skripal və qızının zəhərlənməsində artıq sovet dövründə mövcud olan güclü "Noviçok" silahından istifadə edildiyini təsdiqləyib. Britaniya bu hücuma görə Rusiya hərbi kəşfiyyatını ittiham edib.
"Noviçok" ətrafında baş verənlər bütövlükdə Rusiyanın beynəlxalq razılaşmaya zidd olaraq bəyan edilməmiş, gizli kimyəvi silah proqramının mövcud olduğunu düşünməyə əsas verir.
Rusiya Skripal və müxalifət lideri Aleksey Navalnının "Noviçok"la zəhərlənməsində əli olduğunu danır. Halbuki Rusiya kəşfiyyatının əməkdaşlarının hər iki hadisə ilə əlaqəli olduğunu göstərən ciddi dəlillər var. Moskva gizli kimyəvi silah proqramının olmasını da inkar edir.
2018-ci ilin oktyabrında Niderland və ABŞ-ın rəsmi qurumları Rusiya hərbi kəşfiyyatını OPCW-nin kompüter sistemlərini yarmaq cəhdində ittiham edib.
Ötən ay Rusiyanın OPCW-nin İcraiyyə Şurasına yenidən seçilmək cəhdi uğursuz olub. Bu o deməkdir ki, təşkilatın tarixində ilk dəfə Moskva onun qərarverici qurumunda yer almayacaq.
ATƏT noyabr ayında Şimali Makedoniyada öz illik sammitini keçirib. Bir neçə üzv ölkənin xarici işlər naziri yüksək rütbəli Rusiya diplomatlarının, o cümlədən xarici işlər naziri Sergey Lavrovun iştirakına görə tədbiri boykot edib.