Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 03:06

Suriya danışıqlarına ümidlər azdır


Astanada Suriya danışıqları - 23 yanvar 2017

Bu gün – yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada Suriyayla bağlı çoxdan gözlənilən danışıqlar başlayır. Amma toplantıdan öncə baş verənlər təşkilatçıların irəliləyişə ümidini azaldıb.

Suriyada sülhlə bağlı danışıqları Türkiyəylə Rusiya, bir də İran təşkil edib. Onlar ilk dəfə olaraq Suriya prezidenti Bashar al-Assad-ı və qiyamçıları bir araya gətirməyə, uzunmüddətli sülhə nail olmağa çalışırlar. Ancaq ilkin sülh müqaviləsinə imza atsalar da, bəzi əsas qiyamçı dəstələrin təmsilçiləri bugünkü toplantıya qatılmayacaqlarını elan ediblər. Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un müavini Mikhail Bogdanov-un dediyinə görə, 14 qiyamçı qrup toplantıya nümayəndəsini göndərməyə razı olub. Amma onların da Suriya rəsmiləriylə üz-üzə gələcəyi, yoxsa vasitəçilərlə danışacağı hələ bəlli deyil. Rusiyanın danışıqlardakı təmsilçisi Aleksandr Lavrentyev belə deyib.

Buna da bax-'İslam Dövləti' Palmiradakı amfiteatrı dağıtdı

«ZAMANA EHTİYAC VAR»

Rəsmilər toplantıya hazırlıq prosesinin də çətinliklə keçdiyini bildiriblər. «Ancaq bu cür məsələləri bir günə həll etmək mümkün deyil... Missiyanın yerinə yetirilməsindən ötrü zamana ehtiyac var». Bunu isə Rusiyanın Qazaxıstandakı səfirinin müşaviri Aleksandr Musienko söyləyib.

«The Wall Street Journal» bu danışıqların Rusiya-Türkiyə əməkdaşlığından ötrü sınaq olduğunu yazır. Qəzetə görə, danışıqların nəticəsi əməkdaşlığın əhəmiyyətini göstərəcək.

Suriyada döyüşlər.
Suriyada döyüşlər.

Əvvəllər Rusiyayla Türkiyə Suriyada qarşı mövqeləri tuturdular; Rusiya Suriya lideri Bashar al-Assad-ın, Türkiyə isə qiyamçıların tərəfdarı kimi tanınırdı. Amma son zamanlar tərəflər bir araya gəlib, İranı da özlərinə qoşaraq ölkədə uzunmüddətli sülhə nail olmağa çalışdıqlarını deyirlər. Türkiyə baş nazirinin müavini Mehmet Şimşek Davosda jurnalistlərlə söhbətində ortadakı faktların durumu xeyli dəyişdiyini, Suriya prezidenti B.Assad-ın devrilməməsinin danılmaz reallıq olduğunu söyləyib.

Buna da bax-Türkiyə Suriya siyasətinin 'əvvəldən səhv olduğunu' etiraf etdi

ABŞ prosesdən kənarda saxlansa da, Rusiya yeni administrasiyayla bağlı fərqli mövqe tutduğunu, onları da danışıqlara dəvət etdiklərini bildirib. Amma yeni prezident Donald Trump Astanaya xüsusi nümayəndə heyəti göndərmir. «The Wall Street Journal» yazır ki, Birləşmiş Ştatları toplantıda Qazaxıstandakı səfir təmsil edəcək.

ÜMİD AZDIR

Danışıqlarla bağlı ümidləri azaldan qiyamçıların həm öz aralarında razılıq əldə edə bilməməsi, həm də atəşkəsə əməl olunmamasıyla bağlı etirazlarıdır. Qiyamçılar Assad rejiminin də, Rusiya ordusunun da onların mövqelərinə hücumları davam etdirdiyini bildirirlər. Onlar Astana danışıqlarında məsələnin siyasi həllindən çox, sözün əsl mənasında, atəşkəsə nail olmaq istədiklərini deyirlər.

Xatırladaq ki, CNBC bu günlərdə Rusiya, Türkiyə, İran danışıqlarının başqa məğzinin də olduğunu, Suriyanı bu regional dövlətlər arasında nüfuz dairələrinə bölünməsi, prezident B.Assad-ınsa öz postunda bir neçə il qalması barədə razılıq əldə edildiyini yazmışdı.

Plana görə, Astana danışıqları sabah da davam etdirilməlidir. Danışıqların ikinci raundu isə gələn ay Cenevrədə keçirilməlidir.

Suriyada vətəndaş müharibəsi 6 ildən çoxdur davam edir. Müharibə 400 minə yaxın adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG