Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 13:37

Türkiyə Suriya siyasətinin 'əvvəldən səhv olduğunu' etiraf etdi


Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş “Türkiyənin Suriya siyasəti barəsində “bunun əvvəldən böyük səhvlərlə dolu olduğuna inananlardanam…İndi bunu təmir edirik, düzəldirik” deyib.

Hürriyet qəzetinə müsahibəsində baş nazirin müavini bunu da vurğulayıb ki, Ankaranın Bəşər əl-Əsədin siyasi gələcəyi məsələsində mövqeyi dəyişməyib.

"Təbii ki, Əsəd rejiminin, zalımların yanında yer alacaq deyilik…Belə bir qatilin iş başında qalmasının insanlıq olmadığını düşünürük” - deyib Kurtulmuş.

Lakin o əlavə edib ki, “ortalıqda sülh danışıqlarının başlanması ilə bu barədə birlikdə qarşılıqlı qərar verəcək insanlar var”.

Cənab Kurtulmuşun “birlikdə və qarşılıqlı qərar verəcək insanlar” deyəndə ilk növbədə Rusiya rəhbərliyini nəzərdə tutduğunu düşünmək olar, çünki o eyni müsahibədə Rusiya aviasiyasının “Fərat qalxanı” əməliyyatında Türkyəyə dəstək verdiyini də etiraf edib.

Qəzetin “əvvəlki siyasət yanlışdı, lakin təzəsi varmı” sualına cavabda Numan Kurtulmuş deyib: “Suriyada yürüdülən siyasət yanlış idi və təəssüf ki, bunun bədəlini Suriya xalqı ödədi” deyib.

O deyib ki, həmin vaxt heç bir ölkənin problemi çözmək üçün planı yox idi.

“Kaş ki, Türkiyə, İran və bölgənin başqa ölkələri ən başdan bir araya gələydi və kənardakı ölkələrin müdaxiləsi olmadan problemi çözəydi – deyib baş nazirin müavini, - Bundan sonra biz Türkiyə olaraq yeni bir sülh perspektivini ortaya qoymağa çalışırıq. Biz Suriya xalqının yanındayıq, ancaq təkbaşına gücümüz bu müharibəni bitirməyə yetmədi”.

“Suriyadakı kürd qardaşlarımız…”

Təhlilçilər Numan Kurtulmuşun bu sözlərini Ankaranın ənənəvi NATO müttəfiqlərinə arxa çevirərək, Moskvaya üz tutmasının işarəsi kimi yozurlar.

Rəsmi Ankara əvvəlcə bildirirdi ki, həm Rusiya, həm də Türkiyə Suriyanın vahid bütöv dövlət kimi qalmasını istəyir və bu, Türkiyənin maraqlarına tamamilə uyğundur.

Erdoğan hökuməti bunu belə yozurdu ki, guya Moskva Suriyada heç bir kürd muxtariyyətini dəstəkləməyəcək. Amma Moskvanın Suriya kürdləri ilə işlədiyi də Ankaraya sirr deyildi.

Bu müsahibənin başqa bir məqamından isə belə başa düşmək olar ki, Ankara hətta Suriya kürdlərinin muxtariyyəti məsələsində də güzəştə getməyə “dünəndən” hazırdır.

“Bir şeyi xatırlatmaq istərdim. Dünya, Suriyanın şimalında kürdlərin yaşadığından xəbərsizkən, həm ata Əsəd, həm də oğul Əsəd zamanındakı bütün görüşlərimizdə “Siz nədən Suriyadakı kürd qardaşlarımıza kimlik vermirsiniz? Niyə bunları bərabərhüquqlu yurddaşlar olaraq görmürsünüz” deyə təzyiq göstərmişik” – deyib Numan Kurtulmuş.

Beləcə rəsmi Ankara ilk dəfə olaraq “Suriyadakı kürd qardaşlarımız” siqnalını verib.

Bundan iki gün əvvəl Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ABŞ-ın yeni prezidentinə müraciət edərək onu “Türkiyə, ya da Suriya kürdləri” seçimi etməyə çağırmışdı.

Numan Kurtulmuşun müsahibəsindən Trump komandasının mümkün cavabını yalnız təxmin etmək olar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG