Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:13

Akira Kurosavanın müasir blokbasterlərə təsiri


Akira Kurosava
Akira Kurosava

Dünyanın tanınmış rejissorları vaxtaşırı ilham mənbəyi kimi Akira Kurosava yaradıcılığına müraciət edirlər, ondan öyrənirlər

Dünyanın tanınmış rejissorları vaxtaşırı ilham mənbəyi kimi Akira Kurosava yaradıcılığına müraciət edirlər, ondan öyrənirlər.

Kurasavanın təsirini “Star Wars” (“Ulduz müharibələri”) də daxil olmaqla bir çox populyar filmlərdə görmək mümkündür.

Kurosavanın kinoya gətirdiyi inqilabi yeniliklər bu gün də aktuallığını itirməyib. Onun Qərb tamaşaçısını heyran edib bugünə qədər çəkilən blokbasterlərə ilham verdyi isə danılmazdır.

“Ulduz müharibələri”nə təsiri

Kurosavanın təsir etdiyi müasir blokbasterlərdən bəlkə də ən məşhuru Corc Lukasın “Star Wars” saqasıdır. Lukas filmindəki samuray elementlərini Kurosavadan təsirlənərək yaradıb.

1977-ci ildə ekrana çıxmış orijinal “Star Wars” filmi o zaman Kurosavanın “The Hidden Fortress” (“Gizli qala”) filminin yumşaq remeyki kimi görülmüşdü. Filmin sekvelləri isə Kurosava yaradıcılığına göndərmələrlə doludur.

Şekspirin fərqli kontekstə köçürülməsi

Akira Kurosavanın özü əsasən Amerika filmlərindən, Con Ford kimi rejissorların işlərindən ilham alsa da, kino onun yeganə ilham mənbəyi deyildi.

Onun ən sevdiyi ilham mənbələrindən biri də ingilis şairi Uilyam Şekspir idi. O, Şekspirin üç pyesini ekranlaşdırıb. Hər dəfə də hekayə və personajları tamamilə yeni kontekstə köçürüb.

O zamandan bəri Şekspirin fərqli kontekstə köçürülməsi Hollivud kinosunda adi praktikaya çevrilib. Məsələn, “The Lion King” “Hamlet”in hekayəsini Afrika savannasına, “Gnomeo & Juliet”sə “Romeo və Cülyetta”nın hekayəsini bağa köçürüb.

“Yojimbo”nun baş qəhrəmanı

Kurosavanın ən çox remeyki çəkilən filmi “Yojimbo”dur. Ancaq rejissorların çoxu “Yojimbo”ya müraciət etsələr də bu haqda danışmırlar.

Serco Leone və Corbuççi “Yojimbo”nu “spagetti vesternlərinə (“A Fistful of Dollars” (“Bir ovuc dollar”) və “Django”) çeviriblər. Yeri gəlmişkən, amerikalılar köhnə Amerika qərbi haqda Avropada, əsasən italyan rejissor və prodüserlərinin çəkdiyi filmlərə kinayə ilə “spagetti vesterni” deyirlər.

Brüs Uillis isə “Yojimbo”nun azsaylı rəsmi remeyklərindən biri olan “Last Man Standing” (“Ayaqda qalan sonuncu adam”) filmində baş rolu ifa edib.

“Yojimbo”nun Sancuro adlı tənha müsbət qəhrəmanı çox sayda blokbasterin mənfi qəhrəmanı üçün ilham mənbəyi olub. “Man with No Name” (“Adı olmayan adam”), “Snake Plissken”, “John Wick”, “The Mandalorian” bu qəbildən olan filmlərdən sadəcə, bir neçəsidir.

Kurosavasayağı açılış səhnəsi

Əksər əkşn filmlərinin açılış səhnəsində qəhrəman ssenarinin yerdə qalan hissəsinə aidiyyəti olmayan işlə məşğul olur.

Bu trendin “Yeddi Samuray” filmindən gəldiyi hesab edilir. Bu filmdə Kambei oğlan uşağını uşaq oğrusundan xilas etmək üçün özünü rahib kimi qələmə verir.

Zorakılıq

Kurosavanın filmlərində zorakılığa çox rast gəlinir. Bunu ən çox “Ran” və “Makbet”in yeni kontekstə köçürülmüş versiyası olan “Throne of Blood” (“Qan taxtı”) filmlərinə aid etmək olar.

Kurosavanın klassik samuray filmləri müasir blokbasterlərin əsasını formalaşdırdığı üçün bu günün rejissorları öz filmlərində zorakılıqsız keçinə bilmirlər. Kurosavanın döyüşçüləri kimi, Hollivudun superqəhrəmanları da çox zorakıdır. Hətta sevgi haqqında olan “Titanic” filminin sonunda belə silahlı manyak var.

Yağış

Kurosavanın “Yeddi samuray”ındakı yağış səhnələrinin tamaşaçıları heyran etməsindən bəri yağışdan tez-tez güclü səhnələrin yaradılması üçün istifadə edilir.

“The Lord of the Rings: The Two Towers” (“Üzüklərin ağası: iki qala”) filmində Helm dərəsi döyüşündə gərginliyi artırmaq üçün yağışdan istifadə olunub.

“The Matrix Revolutions” (“Matriks inqilabları”) filmində Neo ilə Agent Smitin həlldedici döyüş səhnəsində də, “Blade Runner”in final səhnəsində də yağış var.

“Yeddi samuray” formulu

“Yeddi samuray”da bir quldur dəstəsi bir kəndi terrorizə edir. Müvəqqəti dəstə isə kənd əhalisini quldurların hücumundan qorumaq üçün səfərbər olur. “Yeddi samuray”ın ən çox tanınan Hollivud rimeyki isə onun hekayəsini köhnə Amerika qərbinə daşıyan “The Magnificent Seven” (“Möhtəşəm yeddilik”) filmidir.

Ancaq “Yeddi samuray” formulu çox sayda başqa blokbasterdə də istifadə olunub. “Saving Private Ryan” (“Sıravi Rayanı xilas edərkən”), “The Expendables” (“Qarşısıalınmazlar”), “The 13th Warrior” (“13-cü döyüşçü”), “Battle Beyond the Stars” (“Ulduzlardan kənarda döyüş”) filmlərini, habelə “The Mandalorian”, “The Walking Dead” (“Yeriyən ölülər”) və “The A-Team” (“A komandası”) filmlərindən bəzi epizodları misal göstərmək olar.

XS
SM
MD
LG