Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 08:44

ABŞ ordusu bugündən İran limanlarını bloklamağa başlayır

Hörmüz boğazı
Hörmüz boğazı

ABŞ ordusu bugündən, aprelin 13-dən İran limanlarında bütün gəmilərə blokada tətbiq edəcəyini bildirib. Bu qərardan bir neçə saat öncə ABŞ-İran sülh danışıqları uğursuzluqla bitib.

"The Wall Street Journal" rəsmi şəxslərə və mövzudan agah mənbələrə istinadla xəbər verib ki, ABŞ prezidenti Donald Tramp və onun müşavirləri sülh danışıqlarını dalandan çıxarmaq üçün İrana məhdud hərbi zərbələrin bərpasını da nəzərdən keçirirlər.

İran limanlarına gedən gəmilərin hərəkəti dayandırılacaq

Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 12-də bildirib ki, İran limanlarına və sahil zonalarına daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə "qərəzsiz" blokada tətbiq olunacaq. Söhbət Fars və Oman körfəzlərindən gedir.

Komandanlıq onu da bildirib ki, Hörmüz boğazından qeyri-İran limanlarına yönələn gəmilərin hərəkətinə mane olmayacaq.

CENTCOM qeyd edib ki, blokada başlamazdan əvvəl kommersiya gəmilərinə rəsmi bildirişlər göndəriləcək.

Tramp da İran limanlarının blokadaya salınacağını təsdiqləyib. O, blokadanın ABŞ şərq vaxtı ilə səhər 10-dan başlayacağını bildirib.

Tramp isə bu bəyanatdan öncə daha genişmiqyaslı blokadanın tətbiq olunacağını demişdi. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından istənilən bütün gəmilərin hərəkətini "dərhal" dayandırmağa başlayacaq. Prezident bu açıqlamanı aprelin 12-si səhər saatlarında İslamabadda ABŞ-İran danışıqlarının iflasından sonra vermişdi.

Hörmüz boğazı

CENTCOM blokadanın detallarını açıqlamayıb. Bunun üçün neçə ABŞ gəmisindən istifadə olunacağı bilinmir. İndilik anlaşılan odur ki, məhdudiyyət yalnız İranla əlaqəli gəmilərə tətbiq ediləcək.

İranla atəşkəs qüvvədə qalır

İran isə Hörmüz boğazından keçən bütün gəmilərin hərəkətini faktiki dayandırıb. Bu, qlobal enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Tehran bildirib ki, bu su yolundan keçmək istəyən gəmilərdən rüsum toplayacaq.

Tramp aprelin 12-si axşam jurnalistlərə bildirib ki, İranla atəşkəs qüvvədə qalır. O deyib ki, Tehran böyük ehtimalla danışıqlara qayıdacaq: "Düşünürəm ki, İran çox pis vəziyyətdədir. Fikrimcə ki, onlar çox ümidsizdirlər. İran nüvə silahı əldə etməyəcək".

"Onların qayıdıb-qayıtmaması vecimə deyil. Qayıtmasalar da, problem deyil", –prezident əlavə edib.

XS
SM
MD
LG