Keçid linkləri

2026, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:51

'Hörmüz rüsumu': Ekspert deyir, 2 milyon dollar bir gəmiyə çox deyil

Hörmüz boğazını keçən maye qaz tankeri
Hörmüz boğazını keçən maye qaz tankeri

İran və ABŞ-nin Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiqini nəzərdən keçirdiyi haqda xəbərlər yayılıb. Dənizçilik üzrə mütəxəssislərin fikrincə, digər ölkələr də dar dəniz keçidlərindən istifadə üçün ödəniş istəməyə başlasa, bu addım əks nəticə verə bilər.

"Bu, beynəlxalq azad keçiddir, ona görə də qaydalar çox aydındır", – Norveçdən neft tankeri meneceri Olav Miklebust AzadlıqRadiosunun jurnalisti Amos Çappla deyib.

BMT-nin Dəniz Hüququ Konvensiyasına (UNCLOS) görə, ölkənin ərazi sularından ziyan vurmadan keçən gəmilərdən rüsum tələb oluna bilməz.

"Xüsusi" xidmətlərə görə ödəniş

Ancaq konvensiyada o da qeyd olunur ki, gəmilərdən göstərilən "xüsusi" xidmətlərə görə ödəniş alına bilər. İran boğazdan keçid üçün konvoylar təşkil edərək bu xidmətə görə rüsum istəyə bilər. Ancaq Miklebust deyir ki, "İranın onları müşayiət edəcək gəmisi qalmayıb", 2026-cı ildə ABŞ və İsraillə münaqişənin ilk günlərində ölkənin donanması, əsasən, məhv edilib.

Aprelin 8-də atəşkəs elan olunandan sonra ABŞ prezidenti Donald Tramp bir jurnalistə deyib ki, ABŞ Tehranla birlikdə boğazdan keçidə görə rüsum tətbiq etmək üçün birgə layihəni nəzərdən keçirir.

Hörmüz boğazı. Sağda İran, solda Oman və Birləşmiş Ərəb Əmirlikləridir.
Hörmüz boğazı. Sağda İran, solda Oman və Birləşmiş Ərəb Əmirlikləridir.

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə daha öncə demişdi ki, Tehran Omanla birlikdə Hörmüzdən keçmək istəyən gəmilər üçün icazə tələb edən protokol üzərində işləyir. Oman isə rüsumun tətbiqi ilə bağlı deyilənləri təkzib edib.

Gəmiçilik şirkətləri Hörmüzdən keçmək üçün İran hərbçiləri ilə əlaqə saxlamağa məcbur edilsələr, bu, gecikmələrə, marşrutların dəyişdirilməsinə səbəb ola, bəzi hallarda hətta gəmi sahiblərini bu ərazidən çəkindirə bilər. Bunu AzadlıqRadiosuna "MarineTraffic" şirkətində dəniz riskləri meneceri Dimitris Ampatsidis bildirib.

2 milyon dollarlıq ödəniş

Miklebust tankerlərlə dəfələrlə Hörmüz boğazından keçib. Onun fikrincə, rüsumların qanuniliyindən asılı olmayaraq, "hazırda gəmiçilik şirkətləri təxminən 2 milyon dollar olduğu bildirilən bu ödənişi qəbul etməli olacaqlar". Deyir, sığorta şirkətləri boğazdan keçən gəmiləri sığortalamaq üçün bütün risklərin maksimum azaldılmasını tələb edir və şirkətlər də bu ödənişi etməyə meylli olacaq.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Miklebustun sözlərinə görə, bəzən 2 milyon dollaradək rüsum bir gəmi üçün nisbətən az sayıla bilər, çünki Hörmüzdən keçən bir çox neft tankeri bir reysdə yüz milyonlarla dollar dəyərində neft daşıya bilir.

Daha kiçik və dayaz sularda hərəkət edə bilən gəmilərə gəlincə, onlar İran sularından tamamilə yayınaraq boğazın Oman ərazisinə düşən cənub hissəsindən keçə bilərlər.

Son günlər boğazdan bir neçə gəmi keçib, bəzilərinin İrana rüsum ödədiyi deyilir. ABŞ-İsrail fevralın 28-də İranı vurmağa başlayandan İran Fars körfəzində 22 gəmiyə hücum etmişdi.

Aprelin 7-də atəşkəs elanından sonra neft bazarlarında nikbinlik yaranıb. Amma Ampatsidis bildirir ki, Hörmüz boğazında rüsum sistemi tətbiq olunarsa, bunun təsirini istehlakçılar da hiss edəcəklər.

"Boğazdan keçid daha az səmərəli və bahalı olarsa, bu, daşınma tariflərinə və potensial olaraq enerji qiymətlərinə təzyiq yaradar", – o deyib. Onu da əlavə edib ki, təsirin miqyası qaydaların nə qədər məhdudlaşdırıcı və ya sabit olmasından asılı olacaq.

XS
SM
MD
LG