"ABŞ və İran 39 günlük müharibədən yaxşı dərs çıxardılar". Bunu AzadlıqRadiosuna müsahibəsində veteran səfir Coi Hud deyib. O, ABŞ-də bir neçə administrasiyada çalışıb. Prezident Donald Trampın birinci administrasiyasında dövlət katibi köməkçisinin Yaxın Şərq üzrə əsas müavini olub. Daha öncə İraq və Küveytdə missiya rəhbərlərinin müavini postunda işləyib.
Tehran öyrəndi ki, ABŞ onun yüksəkvəzifəli liderlərini istədiyi vaxt məhv edə bilər və bu reallıq İranın gələcək qərarlarını formalaşdıracaq, - Hud bildirir.
Vaşinqton isə anladı ki, İran və ya hətta qeyri-dövlət subyektləri dronlar, minalar kimi ucuz vasitələrlə Hörmüz boğazını bloklaya bilər: "Bu, Vaşinqtonun, yaxud Tehranın nəzarətindən kənardır. Tərəflər deyə bilərlər ki, "Yaxşı, müvəqqəti atəşkəsdir, gəmilər hərəkət edə bilərlər". Lakin sığorta, gəmiçilik şirkətləri istəməsələr, gəmilər hərəkət etməyəcək. Hələ boğazı çox sayda gəmi keçməyib".
Sürəti artırmasalar, siyasi zəlzələ olmasa...
Birləşmiş Ştatların İranın yüksək rəhbərliyini aradan götürməsi danışıqlarda iranlı siyasətçilərin düşüncə tərzinə necə təsir göstərə bilər? AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun sualına cavabında Hud deyir ki, onlar anlamalıdırlar ki, danışıqlar yolu ilə həll olmasa, silahlı münaqişə bərpa olar, bundan isə salamat çıxmazlar.
"Fikrimcə, bu, onları daha ciddi hərəkətlərə, daha sürətli addımlara sövq edir. Təcrübədən görmüşük ki, onlarla razılığa gəlmək aylar, bəzən isə illər çəkir. 1979-1980-ci illərə qayıdaq. O zaman əlcəzairlilər girov diplomatların azad olunmasında bizə kömək etdilər, amma bu, bir neçə ay çəkdi. 2015-ci ilin nüvə sazişi – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqları isə illərlə davam etdi", – diplomat vurğulayır.
"Düşünürəm ki, prezident Trampı indi hərbi əməliyyatlara başlamağa sövq edən səbəblərdən biri də budur - İran danışıqçılarının ciddiliyinə inamsızlıq... Fikrimcə, indi onlar əvvəlkindən daha sürətli hərəkət etməli olduqlarını anlayırlar", – o əlavə edir.
C.Hud deyir ki, Hörmüz boğazının açıq qalması üçün ABŞ yeni texnologiyalar, Körfəz ölkələrindən bəziləri ilə yeni alyanslar barədə düşünməli olacaq. Münaqişə yenidən qızışa da bilər, çünki Tehran dünyaya baxışına, strategiyasına köklü dəyişiklik edən deyil: "Tərəflərdən birində siyasi zəlzələ olmasa, onlar strateji məqsədlərinin çoxunu - bəlkə də, hamısını - təmin edəcək kompromis həll yolu tapa bilməyəcəklər. Təəssüf ki, bu müvəqqəti atəşkəs, yaxud 47 ildir gedən münaqişənin sonu barədə nikbin olmağım üçün çox səbəb görmürəm", - o vurğulayıb
İran rəhbərliyində nə dəyişib
ABŞ rəsmilərinin İranda "yeni rejim" ilə bağlı dediklərinə gəlincə, təhlilçi İran rəhbərliyində yalnız şəxsiyyətlərin dəyişdiyini deyir: "İdeologiya dəyişibmi? Məqsədlər dəyişibmi? Buna qətiyyən dəlil görmürəm. Rejimin məqsədi eyni olaraq alır: ABŞ və Qərbə müqavimət, inqilabı ixrac etmək… Bu isə regionda sülhə aparmır".
Münaqişəni yenidən nə tətikləyə bilər? Hudun sözlərinə görə, İranın Körfəz ölkələrinə hücumlarının sayı və miqyası əsas göstərici olacaq. Bu hücumlar dayanmasa, real atəşkəs də olmayacaq: "İranın Hörmüz boğazında gəmiçiliyi hədələməkdən çəkinib-çəkinməyəcəyinə də baxmaq lazımdır - gəmilər hələ də hərəkət etmir. Prezident Trampın bunu necə yozacağını proqnozlaşdırmaq çətindir".
"İranda daxili dinamikanı da izləməliyik. Bəlkə də, hər hansı bir liderin tam nəzarəti olmayacaq. Fraksiyalar arasında fikir ayrılıqları yaranarsa, "spoylerlər" - danışıqları rədd edən və öz hücumlarını başladan oyunçular ortaya çıxa bilər. Buna Birləşmiş Ştatlar necə yanaşacağı cavablandırılması ən çətin suallardandır", - veteran səfir əlavə edir.