Keçid linkləri

2026, 03 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:12

ABŞ İran adasına zərbələr endirib

Qeşm adası Hörmüz boğazının tam girişində yerləşir.
Qeşm adası Hörmüz boğazının tam girişində yerləşir.

ABŞ noyabrın 2-də İranın strateji əhəmiyyətli Qeşm adasına zərbələr endirib. Son həftələrdə İrana qarşı gerçəkləşdirilən bir sıra hərbi əməliyyatlar barədə ictimaiyyətə məlumat verilməyib. Prezident Donald Tramp böyük bir müharibə ehtimalını az görsə də, əməliyyatlar davam edir.

Qeşm adasına zərbələr ABŞ-də keçirilən Konqres seçkilərinə cəmi bir neçə saat qalmış endirilib.

Prezident noyabrın 2-də yaxın gələcəkdə İrana hücum ehtimalını istisna edib və diplomatik irəliləyişin mümkünlüyünə işarə vurub. Jurnalistlər Trampdan aralıq seçkilərindən sonra İrana mümkün zərbə barədə soruşduqda, o, qəti şəkildə "xeyr" cavabını verib.

Administrasiya rəsmiləri isə "The Wall Street Journal" qəzetinə bildiriblər ki, prezident hələ də müxtəlif hərbi variantları nəzərdən keçirir. Qəzetin rəsmi mənbələrə istinadən yazdığına görə, bu son hücum son həftələr ərzində ABŞ-nin həyata keçirdiyi gizli zərbələr silsiləsinin bir hissəsidir. Bəzi rəsmilər bu əməliyyatların tamamilə müdafiə xarakteri daşıdığını vurğulayıblar. Hücumların əsas məqsədinin İranın Hörmüz boğazındakı ticarət gəmilərinə yaratdığı təhdidləri zəiflətmək olduğu bildirilir.

Mənbələrdən birinin sözlərinə görə, administrasiya irimiqyaslı hərbi əməliyyatlara başlamaq niyyətində olduğu barədə siqnal verməmək üçün bu kampaniyanı ictimaiyyətdən gizli saxlamağa üstünlük verib.

ABŞ rəsmiləri zərbələri təsdiqləyiblər

İranın IRNA dövlət xəbər agentliyi noyabrın 2-də Qeşm adasında güclü partlayışların baş verdiyini bildirib.

Pentaqon məsələ ilə bağlı sualları ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) yönləndirsə də, komandanlıq AzadlıqRadiosunun şərh sorğusunu dərhal cavablandırmayıb.

Sonradan ABŞ-nin yüksəkvəzifəli rəsmiləri AzadlıqRadiosuna müsahibələrində İranın Qeşm adasına məhdud zərbələr endirildiyini rəsmən təsdiqləyiblər. Onlar bu əməliyyatı müdafiə xarakterli addım kimi qiymətləndirərək, əsas məqsədin ABŞ-nin regiondakı qüvvələrini və hərbi obyektlərini qorumaq olduğunu bəyan ediblər.

Rəsmilərin bildirdiyinə görə, bu zərbələr İranın ABŞ təyyarəsinə atəş açmasına cavab olaraq endirilib.

Qeşm adası qlobal enerjidaşıyıcılarının daşınması üçün mühüm dəniz yollarından biri sayılan Hörmüz boğazının tam girişində yerləşir.

"The Wall Street Journal" qəzeti adada böyük bir yeraltı raket kompleksinin, hərbi dəniz bazasının və iri suşirinləşdirici zavodun yerləşdiyini yazır. Əvvəlki hərbi qarşıdurmalar zamanı da bu ada ABŞ qüvvələrinin hədəfinə çevrilmişdi. Hətta amerikalı rəsmilər adanın tamamilə ələ keçirilməsi ehtimalını da müzakirə ediblər.

İran zərbələrə niyə dözür

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu ilə həmsöhbət olan bəzi təhlilçilər Tehranın bu son hücuma sərt cavab verməyəcəyini bildiriblər.

"Obsidian Risk Advisors" şirkətinin Yaxın Şərq üzrə analitiki və sanksiyalar üzrə eksperti Brett Erikson diqqətə çatdırıb ki, zərbələr təhlükəli olsa da, ABŞ-nin ümumi yanaşmasında ciddi bir dəyişiklik demək deyil.

"Amerikanın bu son zərbələri, şübhəsiz ki, odla oynamaqdır. Lakin onlar son həftələrdə şahidi olduğumuz məhdudmiqyaslı hərbi toqquşmalardan ciddi şəkildə fərqlənmir. İran buna bənzər hadisələrə reaksiya verərkən kifayət qədər təmkin nümayiş etdirib. Bu konkret zərbənin Tehranın strateji xəttini kökündən dəyişəcəyinə inanmaq üçün ciddi bir əsas görmürəm", – təhlilçi vurğulayıb.

Bu son hücum Vaşinqtonun Hörmüz boğazına nəzarət uğrunda fəal mübarizə apardığını göstərir. Bunu isə Nyu-Yorkda yerləşən "Eurasia Group" şirkətinin baş analitiki Qreqori Bru söyləyir. Onun sözlərinə görə, ABŞ həmçinin İranın sahilboyu hədəflərini də vurur: "Bu zərbələrin ictimaiyyətə açıqlanmaması ABŞ-nin gərginliyi artırmaq niyyətində olmadığına dair siqnaldır. Daha maraqlısı isə odur ki, İran cavab zərbəsi endirmək əvəzinə bu hücumlara dözür. Görünür, hər iki tərəf boğazın statusu uğrunda mübarizə apararkən müəyyən riskləri də gözə alır".

​
XS
SM
MD
LG