Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana gedib. Onun iranlı həmkarı Abbas Əraqçi, prezident Məsud Pezeşkianla görüşləri Moskvanın ABŞ ilə müharibədə İrana hansı dəstək verdiyinə dair suallar fonunda baş tutur.
Lavrov İran paytaxtına Manamadan gedib, orada Körfəz Əməkdaşlıq Şurasının rəsmiləri ilə görüşə qatılıb. Körfəz ölkələri Moskvanı Tehrana təsir göstərərək İranı qonşularına hücumları dayandırmağa razı salmağa çağırıblar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, səfərin məqsədi ikitərəfli razılaşmaları müzakirə etməkdir. Moskvanın məlumatına görə, danışıqlarda ABŞ və İsraili məsul tutduğu regional böhran, ticarət, enerji və nəqliyyat layihələri müzakirə olunacaq.
Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəlində Pezeşkiana deyib ki, Moskva müharibənin başa çatmasına kömək etmək üçün vasitəçilik səylərinə töhfə verməyə hazırdır.
AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, dünyanın diqqəti rəsmi gündəlikdə yer almayan məsələlərə yönələcək. Çünki səkkiz aydır özündən qat-qat güclü rəqiblə döyüşən İranın Rusiyadan necə dəstək aldığı ətrafında suallar var. Rusiya isə müharibəyə heç vaxt birbaşa qoşulmayıb.
Oktyabrın 18-də ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, Rusiya imkanları ilə müqayisədə “İran İslam Respublikasına çox az kömək edir, bəlkə də heç kömək etmir”. Prezident bu açıqlamasını Rusiyaya qarşı planlaşdırılan genişmiqyaslı sanksiyaların tətbiqindən imtina qərarını əsaslandırarkən verib.
Tramp ötən həftə sosial şəbəkədə yazmışdı ki, nə Moskvanın, nə də Pekinin İrana ümumiyyətlə kömək etdiyinə inanır.
Tramp administrasiyası bu yaxınlarda Rusiyanın dizel yanacağı ixracına sanksiyaları ləğv edib. ABŞ-də həm Demokratlar, həm də Respublikaçılar bu qərarı pisləyib, Ukraynanı və onun beynəlxalq tərəfdaşını narazı salıb.
“Rusiya İrana dəstək verib”
Moskvanın İrana ağır silahlar verməkdən çəkindiyi və Su-35 qırıcılarının tədarükü kimi razılaşmaların dalana dirəndiyi doğrudur. Bunu AzadlıqRadiosuna Belçikada yerləşən Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib. Amma onun fikrincə, Rusiya İrana “ABŞ bazalarına dəqiq zərbələr endirməyə” imkan verən hərbi kəşfiyyat məlumatları ötürüb. Bundan başqa, davam edən hərbi-texniki əməkdaşlıq çərçivəsində İran istehsalı olan sistemlərin, “Şahed” dronlarının təkmilləşdirilməsinə kömək edib.
“Deməli, hər şey dəstək anlayışını necə müəyyənləşdirməyinizdən asılıdır. Amma Rusiya İrana dəstək verib və bunun real təsiri olub”, – Əzizi bildirib.
Bir neçə təhlilçi bir hadisəyə diqqət çəkərək Rusiyanın İrana dəstəyinin əhəmiyyətini vurğulayır. Martda İran Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına hücum edib. Hücum nəticəsində 12 amerikalı hərbçi yaralanıb.
Ekspertlər hücumun qeyri-adi dərəcədə dəqiq olduğunu, böyük ehtimalla, bunun Rusiya kəşfiyyatının köməyi ilə gerçəkləşdiyini vurğulayırlar. Hücumdan iki gün əvvəl Rusiyanın 14 kəşfiyyat peykinin bazanın üzərindən keçdiyi barədə də məlumatlar yayılıb. ABŞ rəsmiləri belə nəticəyə gəliblər ki, Moskvadan ötürülən məlumatlar dəqiq zərbənin endirilməsinə imkan yaradıb.
Aİ-nin yüksəkvəzifəli rəsmisi AzadlıqRadiosuna bildirib ki, Rusiyanın İrana yardımı həmişə məhdud olub. Çünki Ukraynaya qarşı müharibə Moskvanın resurslarını xeyli tükədib.
Həmin şəxs bildirib ki, Rusiyanın bu yardımı daha da məhdudlaşdırdığına dair “heç bir əlamət yoxdur”.
Kəşfiyyat məlumatları, dronlar və raketlər
ABŞ və İsrail fevralın 28-də İrana zərbələr endirməyə başlayandan media qurumları Amerika, Avropa və Ukrayna rəsmilərinə istinadla Rusiyanın Tehrana dəstəyinin artdığını bildirirlər.
Bir neçə media orqanı ABŞ kəşfiyyat məlumatları ilə tanış şəxslərə istinadla yazıb ki, Rusiya İrana ABŞ hərbçilərinin, hərbi gəmilərinin və təyyarələrinin yeri, hərəkətləri barədə məlumatlar ötürür. Bu məlumatların böyük hissəsi peyk görüntülərindən ibarətdir.
“Rusiyanın Tehrana dəstəyi hərbi əməliyyatlar baxımından əhəmiyyətli olsa da, ehtiyatla məhdudlaşdırılıb”. Bunu isə Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş elmi əməkdaşı və Transatlantik Təhlükəsizlik Proqramının direktoru Andrea Kendall-Teylor və mərkəzin icraçı direktoru Riçard Fonteyn bildirib. Onlar ötən həftə “Foreign Affairs” jurnalında bu haqda təhlil yazıblar. Onların yanaşmasına görə, Moskva Ukraynada öz müharibəsini aparmasına baxmayaraq, İrana Amerika hədəflərinə zərbələr endirməkdə kömək etməyin yollarını tapıb:
“Rusiya İranın müharibəni davam etdirməsinə diplomatik himayə və maddi dəstək verir. Bununla belə, Moskva Rusiyanı ABŞ ilə birbaşa münaqişəyə cəlb edə biləcək addımlardan çəkinir”.