İranın Səravan şəhərində silahlı toqquşmaların baş verdiyi bildirilir
İran mediasının məlumatına görə, ölkənin cənub-şərqindəki Səravan şəhərində təhlükəsizlik qüvvələri ilə kimliyi açıqlanmayan silahlılar arasında şiddətli döyüş baş verib.
Toqquşmanın yerli vaxtla saat 13:00 radələrində, Sistan-Bəlucistan əyalətində yerləşən Səravanın Cihadabad rayonunda başladığı bildirilir.
“Haalvsh” hüquq müdafiə və media qurumunun yayımladığı videolarda davamlı atəş səsləri eşidilir, təhlükəsizlik qüvvələrinin toqquşma yerinə aparan yolları bağladığı görünür. Digər görüntülərdə ərazi üzərində dronun uçduğu, məhəllədən qatı tüstü qalxdığı, binanın yandığı əks olunub.
Bu videolar müstəqil şəkildə təsdiqlənməyib.
İranın dövlət mediası və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bildirdiyinə görə, təhlükəsizlik qüvvələri “terrorçu” qrupu hədəfə alıb. Onların iddiasına görə, qrup sui-qəsd hazırlayırmış, lakin vətəndaşlardan alınan məlumat əsasında aşkarlanaraq hədəfə götürülüb.
Məlumatlara görə, qrupun beş üzvü öldürülüb, digərləri həbs edilib, silah və sursat ələ keçirilib. SEPAH öz əməkdaşlarından birinin öldürüldüyünü bildirib.
AzadlıqRadiosu bu məlumatları müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
Pakistan və Əfqanıstanla həmsərhəd Sistan-Bəlucistan əyalətində əhali əsasən bəluclardan ibarətdir. İranın qalan hissəsindən fərqli olaraq, əyalət sakinlərinin əksəriyyəti sünni müsəlmandır.
Bəluc silahlı qrupları bu əyalətdə uzun illərdir üsyan edir. Silahlılar tez-tez İran dövləti ilə əlaqəli şəxsləri hədəfə alırlar. Sentyabrın 14-də kimliyi bilinməyən şəxslər əyalətin mərkəzi Zahidanda hökumətyönlü sünni bəluc din xadimi Yusif Qorcici evinin qarşısında qətlə yetiriblər.
Trampın İran açıqlaması nefti ucuzlaşdırdı
ABŞ prezidenti Donald Tramp BMT-də Amerika və İran nümayəndələrinin "çox yaxşı" və "səmərəli" danışıqlar apardığını deyəndən sonra, sentyabrın 23-də neft ucuzlaşaraq bareli 100 dollardan aşağı düşüb. Bu açıqlama Yaxın Şərqdə yeddi aydır gedən münaqişənin səngiyə biləcəyinə ümidləri artırıb.
Asiya bazarlarında günortadan sonrakı ticarətdə "Brent" markalı neftin bir bareli 98.41 dollara, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə 89.23 dollara enib.
Bundan bir neçə saat əvvəl isə o, BMT-dəki çıxışında Tehranla razılığa gəlmək, yoxsa "İslam Respublikasını tez bir zamanda məhv etmək" barədə "böyük qərar" qarşısında qaldığını demişdi.
İranla münaqişə regiondan enerji ixracını pozub: İran Hörmüz boğazını bağlı saxlayır, Yəməndəki döyüşlər isə Qırmızı dəniz vasitəsilə ixracı məhdudlaşdırır.
Səudiyyə Ərəbistanının "Şərq-Qərb" neft kəmərinin yenidən işə düşməsi barədə xəbərlər də qiymətlərin enməsinə təsir göstərib. Həmin xətt vasitəsilə ixracın bu həftənin sonlarında yenidən başlaması gözlənilir.
İran Azərbaycana və daha bir neçə ölkəyə uçuşları dayandırıb
İran sentyabrın 23-də bəzi beynəlxalq uçuşları ləğv edib. Bundan əvvəl ABŞ Tehrana qarşı iqtisadi təzyiqi artırmaq məqsədilə İranın aviasiya sektoruna sanksiyaları sərtləşdirmişdi.
Tehrandakı turizm agentliklərindən biri AFP-yə bildirib ki, İrandan Bağdada, Məsqətə, Qətərə, Gürcüstana və Azərbaycana uçuşlar dayandırılıb. Çin və Türkiyə kimi istiqamətlərə reyslərin bəziləri təxirə salınsa da, əsasən davam edib.
ABŞ-nin maliyyə naziri Skot Bessent sentyabrın 21-də İran hava yollarının fəaliyyətini dayandıracaqlarını bildirib. O, bu sektorda İrana xidmət göstərən ölkələri və şirkətləri cərimələrlə hədələyib.
Yeni sanksiyaların tam təsiri hələ aydın deyil. İranın ən böyük aviaşirkətlərindən olan "Mahan Air" sanksiyalar qüvvəyə mindikdən sonra da Quançjouya uçuş həyata keçirib. Rəsmi Pekin sanksiyalara qarşı çıxdığını bildirib.
İraq bu məhdudiyyətləri tətbiq edib-etməyəcəyini rəsmən açıqlamayıb. Ancaq rəsmilər AFP-yə Bağdadın sanksiyalara əməl edəcəyini deyiblər. Hazırda İran rəsmiləri Bağdad reyslərinin şiə zəvvarlar üçün əsas istiqamətlərdən olan Nəcəf şəhərinə yönləndirilməsi barədə danışıqlar aparırlar.
Bu arada, İran prezidenti Məsud Pezeşkian sentyabrın 22-də BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka "Ashianeh" adlı az tanınan İran şirkətinə məxsus təyyarə ilə uçub. Görünür, bu şirkət ABŞ və ya Avropa İttifaqının sanksiyaları altında deyil.
Səfirlik İrandakı vətəndaşlara çağırış etdi: 'Quru sərhədlə qayıda bilərsiniz'
Azərbaycanın İrandakı səfirliyi hazırda orada olan vətəndaşlarına müraciət edib. Buna səbəb iki ölkə arasındakı bütün sərnişin təyyarə reyslərinin ləğv olunmasıdır.
Səfirlik bilet alıb təyyarə ilə Azərbaycana qayıda bilməyən vətəndaşlara çağırış edib. Bildirilib ki, həmin şəxslər səfirliyə və ya Təbrizdəki Baş Konsulluğa müraciət etsinlər. Diplomatlar vətəndaşların İrandan Azərbaycana quru sərhəd qapıları vasitəsilə qayıtmasına köməklik göstərəcəklər.
İran aviaşirkətlərindən bilet alanlara isə məsləhət görülür ki, pullarını geri almaq üçün elə həmin şirkətlərin bilet satışı ofislərinə yaxınlaşsınlar.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin qaynar xətləri:
+989018845531
+989055230107
+982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətləri:
+989144721410
+984133334802
Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar səbəbindən bu ölkə aviaşirkətlərinin Azərbaycana reysləri sentyabrın 22-dən etibarən dayandırılıb.