Səudiyyə Ərəbistanı böyük neft emalı zavodunu qismən bağlayıb
Səudiyyə Ərəbistanında "Ras Tanura" neft emalı zavoduna hücum nəticəsində baş verən yanğından sonra əməliyyatlar qismən dayandırılıb. Məlumatı Energetika Nazirliyi martın 2-də yayıb.
"Ras Tanura" Səudiyyə Ərəbistanının şərq sahilində yerləşir, Yaxın Şərqin ən böyük neft emalı zavodlarından biridir. Zavod gündəlik 550 min barel neft emal etmək gücünə malikdir.
Səudiyyə Müdafiə Nazirliyinin sözçüsünə görə, zavod iki dronla hədəfə alınıb, onların hər ikisi məhv edilib.
Rusiya ABŞ və İsraili İranda rejimi dəyişmək cəhdində ittiham edir
Rusiya ABŞ və İsraili İranda rejimi dəyişməyə çalışmaqda ittiham edib. Xarici İşlər Nazirliyi martın 2-də verdiyi bəyanatda bu iki ölkəni Tehranın ərəb qonşuları ilə münasibətlərinin normallaşması prosesini pozmaq cəhdində suçlayıb.
"Vaşinqton və Təl-Əviv suveren dövlətin rəhbərliyinin qətlə yetirilməsi kimi ən vicdansız vasitələrə əl atmaqla İranda rejim dəyişikliyinə nail olmağa, İranla onun ərəb qonşuları arasında normallaşması prosesini pozmağa çalışır", – bəyanatda deyilir.
ABŞ Mərkəzi Komandanlığı İranın zərbələrindən yaralanmış dördüncü hərbçinin də həyatını itirdiyini bildirib. Bundan öncə zərbələrdə ABŞ-nin üç hərbçisinin həlak olduğu açıqlanmışdı.
İsrail "Hizbullah"ın kəşfiyyat rəhbərini öldürdüyünü bildirir
İsrail ordusu martın 2-də bildirib ki, Beyruta zərbə nəticəsində "Hizbullah"ın kəşfiyyat qərargahının başçısı Hüseyn Makled öldürülüb.