Keçid linkləri

2026, 12 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 13:36

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı
Avropa İttifaqı

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni ad və qurumun yer aldığı sanksiya siyahısını açıqlayıblar. Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas bunu bazar ertəsi bildirib.

"Onların yarıdan çoxu ballistik raketlərin istehsal zənciri ilə bağlıdır", – deyə Kallas "X" sosial şəbəkəsində yazıb.

Nazirlər ötən həftə – oktyabrın 7-də Aİ nümayəndələrinin əldə etdikləri razılaşmanı təsdiqləyiblər.

Volodimir Zelenski
Volodimir Zelenski

Zelenski: Trampın atəşkəs çağırışından sonra Rusiya zərbələri davam etdirib

ABŞ prezidenti Donald Trampın qəfil "enerji atəşkəsi" elan etməsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı enerji infrastrukturunu hədəf almaqda ittiham edib. Moskva isə atəşkəs təklifi ilə bağlı hələlik susur.

"ABŞ prezidenti enerji atəşkəsi barədə bəyanat verib. Bu, hamı üçün yaxşı xəbərdir və reallığa çevrilməsi olduqca vacibdir", – deyə Zelenski oktyabrın 11-i gecə saatlarında sosial şəbəkə hesabında yazıb.

Bununla belə, o, Rusiyanın İran istehsalı olan "Şahid" dronları ilə Kiyevdəki elektrik stansiyasını hədəf aldığını və bunun nəticəsində bir çox ərazidə elektrik enerjisinin kəsildiyini bildirib: "Daha sonra Xarkov vilayətindəki enerji obyektlərinə də zərbələr endirildi. Bütün bunlar ABŞ prezidentinin enerji atəşkəsi barədə bəyanatından SONRA baş verib".

Rusiya zərbələrinin Trampın bəyanatından sonraya təsadüf etdiyini müstəqil mənbələr vasitəsilə dərhal təsdiqləmək mümkün olmayıb. Moskva isə ABŞ prezidentinin bu açıqlamasına hələ ki rəsmi münasibət bildirməyib.

Tramp oktyabrın 11-də özünün "Truth Social" platformasında Rusiya-Ukrayna müharibəsində "enerji atəşkəsi"nin dərhal qüvvəyə mindiyini bəyan edib. O, həmçinin "Hər iki tərəf razılaşıb. Onu pozmayın!" sözlərini əlavə edib.

Zelenski isə Facebook statusunda Kanada və Finlandiya liderləri, eləcə də NATO baş katibi ilə telefonla danışdığını qeyd edib: "Ukrayna atəşkəsi dəstəkləyir və Rusiyanın da bu addımı atması çox vacibdir".

Ukrayna prezidenti daha əvvəl bu bəyanatın onun üçün gözlənilməz olduğunu vurğulamışdı. Ölkənin iki yüksəkvəzifəli rəsmisi də AzadlıqRadiosuna müsahibəsində Kiyevin bu yeni atəşkəs planından ilk dəfə məhz Trampın açıqlaması ilə xəbər tutduğunu təsdiqləyib.

"Biz bilmək istəyirik ki, Rusiya prezidenti Vladimir Putinin ümumiyyətlə bundan xəbəri var, ya yox?", – rəsmilərdən biri sual edib.

Tramp əvvəllər də tərəflərin qarşılıqlı olaraq enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyini elan etmişdi, lakin Putin zərbələri sürdürmüşdü.

Zelenski isə bundan əvvəl demişdi ki, Moskva Ukraynanın enerji infrastrukturuna hücumları dayandırarsa, Kiyev də Rusiyanın neft emalı zavodlarına zərbə endirməkdən çəkinməyə hazırdır.

Kaya Kallas
Kaya Kallas

Sanksiyaların yumşaldılmasına etirazlar

Tramp enerji atəşkəsi barədə açıqlama verməzdən iki gün əvvəl Rusiyadan gələn dizel yanacağına ABŞ sanksiyalarını müvəqqəti yumşaltmaq barədə göstəriş verib. Bu qərar Kiyevi, onun Avropadakı müttəfiqlərini və ABŞ-dəki bir çox konqresmeni qəzəbləndirib. Onların fikrincə, bu addım Putini Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirməyə daha da həvəsləndirəcək.

Tramp həmçinin Zelenski ilə bağlı sərt danışıb, Ukrayna prezidentinin dəyişməli olduğunu deyib və Putini tərifləyib.

"Rusiyaya təzyiqi azaltmağın vaxtı deyil və Avropa bunu etməyəcək", – deyə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas oktyabrın 10-da "X" platformasında yazıb. O, dizel yanacağı ilə bağlı razılaşmanı pisləyərək xəbərdarlıq edib ki, bununla Moskvanın müharibədən qazandığı gəlirlər artacaq.

Kallas onu da deyib ki, Aİ ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də sanksiya siyahısına yeni adlar daxil edəcəklər.

Kanadanın baş naziri Mark Karni də ABŞ-Rusiya razılaşmasını pisləyib və bildirib ki, bu addım Avropada sabitliyə, həmçinin Ukraynadakı müharibənin başa çatdırılması səylərinə zərbə vurur.

Vaşinqtonda Nümayəndələr Palatasının respublikaçı üzvü Brayan Fitspatrik Rusiyadan neft alışını qadağan edən qanun layihəsinin səsverməyə çıxarılması üçün addım atacağını bəyan edib.

Oktyabrın 11-də respublikaçı və demokratlardan ibarət yeddi senator birgə bəyanat yayaraq Trampı dizel yanacağı ilə bağlı razılaşmadan geri çəkilməyə çağırıb. Onlar vurğulayıblar ki, bu razılaşma Rusiya Ukraynaya qarşı təcavüzünə son qoyanadək enerji idxalını yasaqlayan ABŞ qanunlarına ziddir.

​
XS
SM
MD
LG