Keçid linkləri

2026, 14 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:44

Bolqarıstan sahillərində dron gəmini batırıb. Yaralılar arasında azərbaycanlılar da var

Qara dənizdə dron müharibəsi
Qara dənizdə dron müharibəsi

Bolqarıstanın Qara dəniz sahillərində iki gəmiyə dron hücumu olub və onlardan biri batıb. Bu haqda baş nazir Rumen Radev oktyabrın 13-də məlumat verib. "Reuters" yazır ki, bu, bir həftə ərzində baş verən ikinci belə hadisədir.

Radevin sözlərinə görə, Malta bayrağı altında üzən "Chelsea 3" gəmisi gecə saatlarında üç dronun hücumuna məruz qalaraq zədələnib. Gəminin 7 ukraynalı və 8 azərbaycanlıdan ibarət heyəti xilas edilib. Ciddi xəsarət alan olmasa da, beş heyət üzvünə tibbi yardım göstərilib.

Baş nazir batmış gəminin heyət üzvlərindən birinin də xilas edildiyini deyib. Radev televiziya ilə yayımlanan müraciətində bu hücumu "tamamilə qəbuledilməz" adlandırıb və NATO-nun baş katibi Mark Rutte ilə danışacağını söyləyib.

O bildirib ki, hücumu kimin etdiyinə dair ortada açıq-aydın sübut yoxdur, lakin bu hadisənin nəticələri Rusiya Federasiyasının xeyrinə deyil. Baş nazir həmçinin məsələ ilə bağlı Rusiya səfirini çağıracağını vurğulayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə "X" platformasındakı paylaşımında baş verənləri Rusiyanın hücumu adlandırıb. Nazir tərəfdaşları Rusiyaya təzyiqi artırmağa və sanksiyaları gücləndirməyə çağırıb.

+++

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 13-də Bolqarıstanın Qara dəniz sahillərində "CHELSEA-3" yük gəmisinə dron hücumu ilə bağlı məlumat yayıb.

XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, hadisə gecə saat 1:30 radələrində Byala şəhərindən 18 dəniz mili şərqdə baş verib. Onun sözlərinə görə, 15 nəfərlik gəmi heyətinin tərkibində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib: "Onlardan biri, 1993-cü il təvəllüdlü Ramin Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və səhhəti nəzarətdədir. Digər 7 Azərbaycan vətəndaşı isə ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir".

6 oktyabr

XİN: Dron hücumunda Azərbaycan vətəndaşlarından kapitan həlak olub, heyət üzvü itkin düşüb

Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Röyad Məmmədov" adlı xarici yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

Nazirliyə daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı ölüb.

24 yaşlı daha bir Azərbaycan vətəndaşının isə itkin düşdüyü qeyd edilir: "Hal-hazırda, müvafiq axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan üç nəfəri xəstəxanaya yerləşdirilib".

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyat zonalarına səfər etməməyə və riskli marşrutlar üzrə hərəkət edən gəmilərdə işləməkdən bir daha çəkinməyə çağırıb.
Məsələyə, hələlik, kapitanın və itkin düşdüyü bildirilən heyət üzvünün yaxınlarından isə münasibət almaq mümkün olmayıb.

+++

Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalan "Röyad Məmmədov" yük gəmisi "PALMALI" Şirkətlər Qrupunun istismarında olub.

Şirkətin yaydığı məlumata görə, gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına doğru hərəkət edirmiş.

Rusiya Qara dənizdə azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurub

Rusiyaya məxsus iki dron Türkiyənin qarğıdalı daşıyan yük gəmisinə hücum edib. Bu barədə Volodimir Zelenski məlumat verib. Onun sözlərinə görə, zərbə nəticəsində gəminin kapitanı həlak olub. Göyərtədə Azərbaycan və Hindistan vətəndaşları olub.

Hadisə barədə ilk olaraq Rumıniya mediası xəbər yayıb. "Romania Journal" nəşrinin məlumatına görə, bazar ertəsi səhər saatlarında Qara dənizin Rumıniya şelfində, "Neptune Deep" qaz hasilatı platformalarının yaxınlığında dronlar "Royad Mammadov" gəmisinə hücum edib. Rumıniya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, iki nəfər həlak olub, heyətin 11 üzvü isə xilas edilib.

9 sentyabr

Qara dənizdə yük gəmisinə dron hücumu — İki Azərbaycan vətəndaşı həlak olub

Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb. İki Azərbaycan vətəndaşı həlak olub, daha ikisi yaralanıb.

Bu barə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 10-da yaydığı məlumatda bildirilir.

XİN-in məlumatına görə, sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Əlavə edilir ki, hücum nəticəsində iki Azərbaycan vətəndaşının həlak olduğu, daha iksinin isə xəsarət aldığı barədə məlumat daxil olub. "Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər", - nazirlik bildirir.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi təhlükəli bölgələrə səfər etməkdən, orada çalışmaqdan və bu ərazilərdən keçən nəqliyyat vasitələrində işləməkdən çəkinməyə çağırır.

Bu açıqlamaya həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rusiya zərbəsi

XİN gəminin dəqiq harada hücuma məruz qaldığını və dronların hansı ölkəyə məxsus olduğunu bildirməyib. Amma Rusiya Müdafiə Nazirliyinin açıqlamasından zərbənin Odessa sahilləri yaxınlığında Rusiya dronları ilə endirildiyi anlaşılır.

Nazirlik sentyabrın 9-da axşam saatlarında Odessa limanında gəmiləri müşayiət edən bir yedək gəmisinin vurulduğunu bildirib. Sentyabrın 10-da səhər isə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıdığı iddia edilən daha iki quru yük və bir yedək gəmisinin vurulduğunu açıqlayıb.

"ASTRA" gəmi izləmə xidmətlərinə istinadən qeyd edir ki, "TEDY" Somali bayrağı altında üzən, təxminən 30 metr uzunluğunda dəniz yedək-təchizat gəmisidir. Uzunluğu təxminən 30 metrdir. Onun son mövqeyi sentyabrın 7-də Qara dənizdə, Rumıniyanın Konstansa limanı yaxınlığında qeydə alınıb.

Xatırlatma

Bu, XİN-in müharibə bölgələrindəki gəmilərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı yaydığı ilk məlumat deyil. Nazirlik bu ilin iyununda bildirmişdi ki, Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları nəticəsində heyətlərdəki 25 Azərbaycan vətəndaşından dördü həlak olub, dördü isə yaralanıb.

İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki ticarət gəmisinin dron hücumuna məruz qaldığı açıqlandı. Həmin vaxt göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu, kapitan istisna olmaqla, digər heyət üzvlərinin Odessada sahilə çıxarıldığı bildirilmişdi. Sonradan azərbaycanlı gəmi kapitanının həlak olduğu məlum olmuş və onun nəşi tapılmışdı.

Müstəqil ekspertlər deyirlər ki, təhlükəli ərazilərdə nəqliyyat vasitələrində çalışmağın köklü səbəbləri var. Onların qənaətinə görə, bu, həm də Azərbaycanda bir çox insanın normal dolanışığını təmin edə bilməməsindən irəli gəlir və yaranmış vəziyyətə görə fərdlərlə yanaşı, hökumət də məsuliyyət daşıyır.

​
XS
SM
MD
LG