ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bir neçə günlüyə bərpa etmək imkanını nəzərdən keçirir. Hücumlar noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən az sonra başlaya bilər. Bu barədə "The Atlantic" jurnalı oktyabrın 22-də ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Jurnal yazır ki, maliyyə naziri Skot Bessent və İsrailin baş naziri Binyamin Netanyahu Trampa bir-birindən fərqli təkliflər təqdim ediblər. Bessentin qənaətincə, sanksiyalar və ABŞ-nin Hörmüz boğazını blokadaya alması Tehranı danışıqlar masasında geri addım atmağa vadar edə bilər. Netanyahu isə İran hökumətini devirmək üçün ABŞ və İsrailin birgə zərbələrinin yeni mərhələsinin tərəfdarıdır.
"The Atlantic" nəşrinin məlumatına görə, Tramp administrasiyası iqtisadi təzyiqlə hərbi əməliyyatların birləşdirilməsi variantını nəzərdən keçirir. Potensial hədəflərə İranın raket və dron arsenalları, enerji infrastrukturu və nüvə obyektləri daxildir. Administrasiyadan kənar bir müşavirin sözlərinə görə, "iqtisadi təzyiq artıq öz bəhrəsini verir və İranın son həddə yaxınlaşdığını düşünürük". O əlavə edib ki, yeni zərbələr İrana son nöqtəni qoyacaq.
Amma "The Atlantic" bu strategiyanın uğurlu ola biləcəyini şübhə altına alır. Jurnal vurğulayır ki, ciddi iqtisadi təzyiqlərə baxmayaraq, İranın danışıqlardakı mövqeyi, demək olar ki, dəyişməyib. Nəşr xəbərdarlıq edir ki, yeni hücumlar Tehranı təslim olmağa vadar etməyəcək, əksinə, regionda daha genişmiqyaslı eskalasiyaya yol açacaq.
ABŞ rəsmiləri seçkilərdən sonra zərbələrin bərpası barədə hələ heç bir qəti qərar verilmədiyini bildirirlər. Məqalədə təsdiqlənmiş hücum planından deyil, davam edən müzakirələrdən və hərbi hazırlıqlardan söz açılır.
Bu arada enerji qiymətləri yüksək həddə qalmaqda davam edir, danışıqlar isə dalana dirənib. Tramp aralıq seçkilərindən əvvəl yeni hücumları istisna etsə də, sonradan belə bir qərarın veriləcəyi ehtimalını açıq saxlayıb.
"ABC News" da ABŞ və İsrailin hücum planı hazırladığını bildirir
"ABC News"un oktyabrın 22-də yaydığı məlumata görə, ABŞ və İsrail orduları yaxın həftələrdə İrana qarşı mümkün birgə zərbələr endirməyi planlaşdırır. Plandan xəbərdar olan iki israilli mənbə iddia edir ki, hərbi əməliyyatların ABŞ-də noyabrın 3-nə təyin olunan aralıq seçkilərindən sonra baş tutması gözlənilir.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp seçki kampaniyasının son günlərində neft bazarlarında gərginliyi artırmaq istəmir. Hazırlanan plana əsasən, zərbələr İranın neft-kimya müəssisələrinə və nüvə obyektlərinə (o cümlədən "Külüng dağı" kimi tanınan obyektə) yönələcək. Elektrik stansiyaları kimi mülki infrastruktura isə toxunulmayacaq.
İsrailin baş naziri Binyamin Netanyahunun hərbi əməliyyatların bərpasını dəstəklədiyi bildirilir. Amma birgə zərbələrə dair yekun qərar Donald Trampdan asılıdır. Mənbələrdən biri İsrailin birtərəfli qaydada da hücuma keçə biləcəyini istisna etmir, amma bunun üçün də Vaşinqtonun yaşıl işıq yandırması şərtdir.
Məsələ ilə bağlı Ağ evin sözçüsü Anna Kelli "ABC News"a bildirib ki, ABŞ aralıq seçkilərindən əvvəl heç bir halda İrana hücum etməyəcək. Ağ evin digər bir rəsmisi isə Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün "bütün variantları masada saxladığını" vurğulayıb.
"ABC News" yazır ki, bu planlar müdafiə naziri Pit Heqsetin bu həftənin əvvəlində İsrailə səfər zamanı müzakirə olunub. Pentaqon məsələyə münasibət bildirməyib.
ABŞ Yaxın Şərqdəki hərbçilərinin yerini dəyişir
Bu arada, regionda artan təhlükəsizlik təhdidləri fonunda Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarından şəxsi heyətin bir hissəsini azaltdığı və ya başqa yerlərə köçürdüyü barədə xəbərlər yayılıb.
Əvvəlcə "NBC News", daha sonra isə "CBS News" telekanalı İordaniya, Qətər və Küveytdəki bazalardan ABŞ hərbçilərinin müəyyən hissəsinin çıxarıldığını xəbər verib.
ABŞ Dövlət Departamenti isə təhlükəsizlik risklərini əsas gətirərək Səudiyyə Ərəbistanındakı qeyri-vacib vəzifələri icra edən əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib. Yəməndə İranın dəstəklədiyi husilərin hücumları da bu risklər arasında göstərilib.