Keçid linkləri

2026, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Dünyada ərzaq inflyasiyasının sürətlənəcəyi gözlənilir

Hər 100 manatın 51-i yeməyə gedir: 'Kasıblıq əlamətidir'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Hər 100 manatın 51-i yeməyə gedir: 'Kasıblıq əlamətidir' (Arxiv videosu)

Yaxın aylarda qlobal ərzaq inflyasiyasının sürətlənəcəyi və bu tendensiyanın 2027-ci ildə də davam edəcəyi gözlənilir. "Reuters" agentliyi bunu müharibələrin dəniz daşımalarında yaratdığı fasilələr və "El-Nino" iqlim hadisəsinin səbəb olduğu quraqlıq ilə izah edir.

İndoneziyada yağışların gecikəcəyi barədə proqnozlar fonunda düyünün qiyməti artıq rekord həddə yüksəlib. Misirdə çörək 25 faiz bahalaşıb, Hindistanda isə son 10 ilin ən zəif musson yağışları qeydə alınıb və istehsalın azalması şəkərin qiymətini tarixi maksimuma çatdırıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero bildirib ki, cari ilin sonuna, həmçinin növbəti ilin əvvəlinə doğru və il ərzində qlobal sistemə daha böyük təsirlər gözlənilir.

Agentlik yazır ki, ərzağın bahalanmasından ən çox dünyanın ən yoxsul istehlakçıları əziyyət çəkirlər. Yaxın Şərq, Şimali Afrika və Asiyanın aşağı və orta gəlirli ölkələrində qiymətlər kəskin yüksəlir. Bu ölkələrdə ərzaq xərcləri ailə büdcəsinin daha böyük hissəsini təşkil edir.

Dünya Bankının məlumatına görə, təhlil edilən 150 ölkənin 22 faizində üçüncü rübdə ərzaq qiymətlərinin artım tempi ümumi inflyasiyanı üstələyib. Əvvəlki rübdə isə bu göstərici 14 faiz olub.

Qiymət artımı sosial iğtişaşlar riskini gücləndirir. Digər tərəfdən, əsas ərzaq təchizatçısı olan ölkələr daxili bazarı qorumaq üçün ixraca qadağalar tətbiq edə bilər ki, bu da qıtlığı daha da dərinləşdirər.

Qara dənizdə taxıl infrastrukturuna edilən hücumlar buğda daşımalarını axsadıb. Nəticədə Misir və İndoneziya kimi idxalçılar alternativ təchizat mənbələri axtarmağa məcbur qalıblar. Qırmızı dənizdəki təhlükəsizlik problemləri isə gəmiləri Afrika ətrafından keçən daha uzun və bahalı marşrutlara yönəldir.

Bu il buğdanın qiyməti 30 faizdən çox artıb. Asiyanın əsas düyü ixracatçısı olan ölkələrində isə qiymətlər 10-13 faiz yüksəlib, hərçənd bu ölkələrin hələlik böyük ehtiyatları var.

Gübrə qiymətləri İran müharibəsinin əvvəlində çatdığı pik səviyyədən aşağı düşsə də, hələ də yüksək olaraq qalır.

​
XS
SM
MD
LG