2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:48

Tramp: Vens İrana danışıqlar yox, dərman üçün məktub yazıb

Donald Tramp və Cey Di Vens
Donald Tramp və Cey Di Vens

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Tehrana göndərdiyi məktub İranın tibbi ləvazimatlar əldə etməsinə kömək məqsədi daşıyıb. Bunu prezident Donald Tramp bildirib. O, ABŞ mediasının bu məktubun sülh danışıqlarının bərpası məqsədilə İranın təhlükəsizlik rəsmisinə göndərilməsi barədəki xəbərlərini təkzib edib.

"Onların tibbi ləvazimatlara və müxtəlif başqa şeylərə ehtiyacı var. Mən də dedim ki, bunu etmək istəyirsənsə, etirazım yoxdur. Əsas məsələ xəstə insanlara kömək üçün lazımi ləvazimatların çatdırılmasıdır", – Tramp oktyabrın 28-də jurnalistlərə Vensin bu məsələ ilə bağlı onun fikrini soruşduğunu deyib.

İran mediası oktyabrın 29-da Tehranın məktubu aldığını, amma hələ cavab vermədiyini bildirib.

"The Wall Street Journal" və "The New York Times" qəzetləri Trampın açıqlama verdiyi gün yazıblar ki, ABŞ prezidenti Vensə danışıqları bərpa etmək və İrana yeni Amerika zərbələrinin qarşısını almaq məqsədilə İranın təhlükəsizlik rəsmisi Möhsün Rezaiyə məktub göndərməyi tapşırıb.

Son bir neçə ayda ABŞ-İran münaqişəsinə son qoymaq səyləri faktiki olaraq dalana dirənib.

Danışıqların şərtləri ilə bağlı iki ölkənin mövqeyi kəskin fərqlənir. Vaşinqton İrana yeni sanksiyalar qoyub və ölkənin limanlarına dəniz blokadasını bərpa edib. Tehran isə strateji Hörmüz boğazından gəmilərin keçməsinə mane olur. Nəticədə dünya bazarında neftin qiyməti yüksək həddə qalmaqda davam edir.

Vensin məktubunun danışıqlara yenidən başlamaq məqsədilə göndərilməsi ehtimalına Tramp "xeyr" cavabını verib.

Oktyabrın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi vasitəçilərlə müharibəyə son qoymaq üçün yeddi günlük planı müzakirə edir. Tramp daha əvvəl bu planı rədd etmişdi. Plan İranın neft sektoruna sanksiyaların ləğvini və digər məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tuturdu.

İran mediasının məlumatına görə, Tehran təklif etdiyi çərçivəni zəiflədən istənilən mövqeyi qəbuledilməz sayır.

İranın xarici işlər naziri Abbas Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi
28 oktyabr

İran 7 günlük sülh planını yenidən gündəmə gətirir

İran Yaxın Şərqdəki münaqişəyə son qoymaq və strateji əhəmiyyətli Hörmüz boğazını yenidən açmaq planını vasitəçilərlə müzakirə etdiyini bildirib. Tehran həmçinin İsrailə xəbərdarlıq edərək, ölkəyə qarşı hər hansı hücumun "dağıdıcı" iqtisadi nəticələrə yol aça biləcəyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 28-də bildirib ki, Tehran müharibəni dayandırmaq və mühüm su yolunu yenidən açmaq üçün yeddi günlük planı müzakirə etməklə "diplomatiyaya uğur qazanmaq şansı verir".

"Biz yeddi günlük planımızı bir həftədən də az müddətdə gerçəkləşdirəcək ideyaları nəzərdən keçirmək üçün vasitəçilərlə sıx və davamlı təmasdayıq", – deyə Əraqçi "X" sosial şəbəkəsində yazıb.

Əraqçi bundan əvvəl bildirmişdi ki, Yaxın Şərqdə atəşkəs də daxil olmaqla, "zəruri şərtlər" yerinə yetirilərsə, boğaz yeddi gün ərzində yenidən açılacaq. İran həmçinin xaricdə dondurulmuş aktivlərinin qaytarılmasını, neft sektoruna sanksiyaların ləğvini və ABŞ-nin dəniz blokadasına son qoyulmasını tələb edib.

ABŞ prezidenti Donald Tramp İranın ötən ay irəli sürdüyü bu planı artıq rədd edib.

Bu arada, Binyamin Netanyahunun İsrailin müvəqqəti baş naziri vəzifəsində qalacağı gözlənilir. Onun rəhbərlik etdiyi sağçı blok parlamentdə çoxluğu itirsə də, koalisiya danışıqları müddətində və ya gələn il keçirilə biləcək növbəti seçkilərədək müvəqqəti baş nazir postunu qoruyub saxlayacaq. Ekspertlərin fikrincə, Netanyahu İrana qarşı yeni bir hücuma başlamaq səlahiyyətinə də sahib olacaq.

Əraqçi bu cür hücumlarla bağlı xəbərdarlıq edib.

"İsrailin təhriki ilə Fars körfəzi regionunda istənilən hərbi avantüranın beynəlxalq bazarlara göstərəcəyi dağıdıcı təsir həm qaz təchizatçılarını, həm də istehlakçıları ciddi narahat edir", – deyə o, "X" sosial şəbəkəsində yazıb.

İran Qətərin sülh təkliflərini qəbuledilməz sayır

İranın yüksəkvəzifəli bir rəsmisi Qətərin Tehrana yeni sülh təklifi verməsi barədə yayılan xəbərləri təkzib edib. Həmin rəsmi oktyabrın 28-də "Reuters" agentliyinə bildirib ki, Qətər əslində Tehranın qəbul edə bilməyəcəyi şərtlər irəli sürüb. O, həmçinin əlavə edib ki, İran nüvə məsələsində heç bir güzəştə getməyəcək.

Bundan əvvəl isə fərqli bir məlumat yayılmışdı ki, Qətər ABŞ və İsraillə müharibəni bitirmək məqsədilə İrana yeni razılaşma layihəsi təqdim edib. Tehranın həftənin sonunadək bu təklifə cavab verəcəyinin gözlənildiyi bildirilirdi.

Həmin rəsminin sözlərinə görə, təklif razılaşmanın yeddi gün ərzində icra olunmasını nəzərdə tutur. Bu müddət gələn həftənin əvvəlində başlaya bilər və tərəflər hər gün qarşılıqlı etimadı artırmağa yönəlmiş addımlar atmalıdırlar.

Rəsmi mənbə bir neçə ölkənin razılaşmaya zəmanətçi olacağını bildirsə də, onların adlarını açıqlamayıb.

Qətər və Pakistan ABŞ və İsrailin fevralda başlatdığı müharibəyə son qoymaq üçün vasitəçilik edirlər. Bu müharibə nəticəsində qlobal gəmiçilik və neft təchizatında ciddi fasilələr yaranıb.

İyunda əldə edilmiş müvəqqəti sülh razılaşması isə bir qədər sonra pozulub.

ABŞ prezidenti Donald Tramp oktyabrın 23-də İranı yeni zərbələrlə hədələyib. İranın təhlükəsizlik rəsmiləri isə "Reuters"ə bildiriblər ki, əgər ABŞ və İsrail hücumları bərpa edərsə, Tehran Fars körfəzindəki sualtı kabellərə zərbə endirmək planı hazırlayıb.

Rusiya prezidenti Vladimir Putin Moskvada Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) sammitində İran prezidenti Məsud Pezeşkianı salamlayır.
Rusiya prezidenti Vladimir Putin Moskvada Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) sammitində İran prezidenti Məsud Pezeşkianı salamlayır.

Rusiya və İran prezidentləri Moskvada görüşüblər

İran və ABŞ-nin 2026-cı ilin iyununda imzaladığı "İslamabad Anlaşma Memorandumu" iki ölkə arasındakı münaqişənin həlli üçün əsas götürülməlidir. Kremlin bu mövqeyini prezident Vladimir Putin oktyabrın 27-də bir daha vurğulayıb.

Rusiya prezidenti Moskvada qaz ixrac edən ölkələrin liderlərinin sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian və Qətər əmiri Təmim bin Həməd bin Xəlifə Al Tani ilə keçirdiyi görüşlərdə bu barədə danışıb.

Putinin sözlərinə görə, "iyunda Qətər və Pakistanın vasitəçiliyi ilə imzalanmış İslamabad razılaşması danışıqlar prosesinin irəli aparılması üçün əsas kimi qüvvədə qalır". Əslində isə həmin razılaşma imzalanandan cəmi bir neçə gün sonra onun icrası dalana dirənmişdi.

Putin onu da əlavə edib ki, Moskva bu "mürəkkəb və kəskin" böhranın həllinə kömək göstərmək üçün imkanları daxilində bütün addımları atmağa hazırdır.

Pezeşkian isə Tehranın rəsmi mövqeyini bir daha təkrarlayaraq region ölkələrinin ABŞ-dən asılı olmadan öz problemlərini həll edə biləcəyini vurğulayıb. İran prezidenti Rusiya ilə əməkdaşlığın daha da genişləndirilməsinə çağırıb.

Bu arada Qətər və Pakistan İranla ABŞ arasında razılaşma əldə olunması üçün vasitəçilik missiyasını davam etdirir.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara 2026-cı il fevralın 28-də başlayıb. ABŞ bu əməliyyata "Epik Qəzəb" kod adı verib. Əməliyyatın ilk günlərində İranın hərbi komandanlıq strukturlarına, hava hücumundan müdafiə sistemlərinə və yüksəkvəzifəli rəhbər şəxslərinə genişmiqyaslı zərbələr endirilib. İranın ali rəhbəri Əli Xamenei və onun bir neçə yaxın silahdaşı öldürülüb.

Bundan sonra münaqişə daha da genişlənib və İran regiondan dünya bazarına neft ixracının əsas dəniz yollarından olan Hörmüz boğazını bağlayıb.

O vaxtdan bəri ABŞ İran limanlarını blokadada saxlamağa davam edir. Burada məqsəd İranın iqtisadi təcridini gücləndirmək, ölkədəki böhranı dərinləşdirməklə mövcud rəhbərliyi Vaşinqtonun nüvə silahından imtina ilə bağlı tələblərinə razı salmaqdır.

​
XS
SM
MD
LG