Hörmüz boğazında gəmilərə hücumlar müharibə dövrünün pik həddinə çatıb
Son günlər Hörmüz boğazında və onun ətrafında azı 10 gəmi hücuma məruz qalıb. Bu, fevralın sonlarında ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir.
Sinqapurun Dənizçilik və Liman İdarəsinin bildirdiyinə görə, oktyabrın 13-ü və 14-də Sinqapurda qeydiyyatdan keçmiş iki konteyner gəmisi naməlum mərmilərlə vurulub. "GFS Pride" gəmisində yanğın baş verib və gəmi batıb; onun 21 ekipaj üzvü təxliyə edilib. "GFS Giselle" gəmisinin isə gövdəsi zədələnsə də, lövbər salacağı yerə təhlükəsiz çata bilib və gəminin 22 ekipaj üzvünün hamısı salamatdır.
"Vanguard Maritime Security" şirkəti oktyabrın 13-də dörd hücumun qeydə alındığını xəbər verib. Onlardan biri də "Alfonso" tankeridir ki, məlumat yayılan zaman onun taleyi hələ məlum deyil.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri isə bir konteyner gəmisinin Tehranın icazəsiz saydığı marşrutla hərəkət edərkən dəniz minasına toxunaraq batdığını bildirib. Amma bunun məhz "GFS Pride" gəmisi olub-olmadığı hələlik dəqiq deyil.
"France Presse" agentliyinin məlumatına görə, oktyabrın əvvəlindən bəri regionda gəmilərə qarşı 23 hücum qeydə alınıb. Beynəlxalq Dəniz Təşkilatının hesabatında isə oktyabrın 13-dək 106 insidentin təsdiqləndiyi və 24 dənizçinin həyatını itirdiyi qeyd olunur.
Hörmüz boğazı Fars körfəzindən neft ixracı üçün həyati əhəmiyyətli marşrut olduğundan, bu hücumlar qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.
Bununla yanaşı, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası hələ də davam edir.
Gəmilərə edilən ayrı-ayrı hücumlara görə konkret kimin məsuliyyət daşıdığı isə hələlik rəsmən təsdiqlənməyib.
'X' dezinformasiya araşdırması çərçivəsində 13 min hesabı bloklayıb
"X" sosial media platforması ABŞ-dəki siyasi müzakirələrə təsir göstərməyi hədəfləyən 13 mindən çox hesabı blokladığını bildirib. Bu hesabların İran, Rusiya və Çinlə əlaqəli üç xarici təsir əməliyyatının tərkib hissəsi olduğu vurğulanır.
Şirkətin oktyabrın 14-də verdiyi bəyanata görə, saxta profillərlə müxtəlif namizədləri və ictimai xadimləri hədəf alan bu şəbəkələr siyasi məzmunlu paylaşımları daha geniş auditoriyaya yaymağa çalışıblar.
Sosial platforma noyabrın 3-də ABŞ-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində yeni məzmun qaydalarını açıqlayıb. Qaydalara əsasən, səsvermənin vaxtı, yeri və qaydası barədə yanlış məlumatların yayılması, həmçinin seçici fəallığının qarşısını almaq və seçiciləri qorxutmaq cəhdləri qadağandır.
Bu açıqlamadan əvvəl "OpenAI" şirkəti də bir neçə "ChatGPT" hesabını blokladığını bəyan etmişdi. Həmin hesabların İrandan idarə olunduğu, saxta jurnalist kimlikləri vasitəsilə gizli təsir əməliyyatını dəstəklədiyi bildirilirdi.
SEPAH 7 gəminin vurulduğunu bildirir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri oktyabrın 22-də Fars körfəzi regionunda yeddi gəminin vurulduğunu bildirib. Bu arada, ABŞ və İsrailin İrana yeni zərbələr endirmək üçün planlar hazırladığına dair məlumatlar yayılır.
SEPAH-ın məlumatına görə, Fars körfəzinin şimalında neft daşınmasında iştirak edən dörd gəmi eyni vaxtda vurulub və yanmağa başlayıb. "Reuters" agentliyi isə daha üç gəminin Hörmüz boğazının qərbində dəniz minalarına düşdüyünü yazır.
Bu xəbərlər strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçiliklə bağlı gərginliyin artdığı bir vaxtda yayılıb.
Oktyabrın 21-də "The New York Times" qəzeti yazıb ki, ABŞ və İsrail orduları noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra İrana yenidən zərbələr endirmək üçün konkret planlar hazırlayır. Qəzet müzakirələrdən məlumatlı olan ABŞ rəsmilərinə və digər mənbələrə istinadla bildirib ki, hər iki ölkənin hərbçiləri təlimləri intensivləşdiriblər. Bu təlimlərə zərbə manevrlərini məşq etmək məqsədilə İraq üzərində uçuşlar da daxildir.
Potensial hədəflər arasında İranın enerji infrastrukturunun, nüvə obyektlərinin, həmçinin raket və dron arsenallarının ola biləcəyi iddia edilir.
Məqalədə deyilir ki, yeni hücumlar İran iqtisadiyyatına əlavə ziyan vura və hökuməti diplomatik güzəştlərə məcbur etmək üçün təzyiqi artıra bilər. Amma bu cür xəbərlər hücuma artıq rəsmi icazə verildiyi anlamına gəlmir.
"Axios" nəşrinin məlumatına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset oktyabrın 19-da İsrailə öncədən elan olunmamış səfəri zamanı bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Görüş İsrailin cənubundakı Ovda hərbi hava bazasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələrin aparıldığı bir vaxtda baş tutub.
Prezident Donald Tramp oktyabrın 8-də bildirmişdi ki, ABŞ aralıq seçkilərinə qədər İrana hücum etməyəcək və hazırda Tehranla danışıqlar aparılır. Son məlumatlar göstərir ki, Trampın verdiyi vədə baxmayaraq, hərbi planlaşdırma prosesi aktiv şəkildə davam edir.
CENTCOM: Hörmüz boğazından 1.5 milyard barel neft daşınıb
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper oktyabrın 25-də Hörmüz boğazına səfər edib. CENTCOM-un bəyanatında bildirilir ki, ABŞ qüvvələrinin köməyi ilə Körfəz ölkələri yaydan bəri bu su yolu vasitəsilə 1.5 milyard barel neft ixrac edib: "Son altı ayda CENTCOM qüvvələrinin dəstəyi ilə Hörmüz boğazından 3 mindən çox ticarət gəmisi uğurla keçib".
Kuperin sözlərinə görə, Hörmüzdəki əsas gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib və tamamilə təhlükəsizdir.
Hörmüz boğazı strateji əhəmiyyətli su yoludur. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başladıqdan sonra Tehran boğazı faktiki olaraq bağlayıb.
İran gəmilərin boğazdan keçməsi üçün xüsusi icazə almasını tələb edib. Dünyadakı neft tədarükünün 1/5-i məhz bu boğazın payına düşür.
İranın Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq, ABŞ aprelin 13-də İran limanlarına və gəmilərinə qarşı dəniz blokadası tətbiq edib.
ABŞ dövlət katibi Marko Rubio bu ayın əvvəlində bəyan edib ki, Hörmüz boğazı açıqdır və buradan demək olar ki, münaqişədən əvvəlki səviyyədə neft ixrac olunur.
O əlavə edib ki, İran Hörmüz boğazı üzərindəki "nəzarəti tamamilə itirib".
Dəniz daşımalarını izləyən “Kpler” şirkətinin məlumatına görə, sentyabrda xam neft ixracı müharibədən əvvəlki səviyyəyə çatıb və İran istisna olmaqla, regiondan gündəlik ən azı 16.5 milyon barel neft daşınıb.