CENTCOM Əraqçinin mülki şəxslərə hücumlarla bağlı iddialarını rədd edib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın xarici işlər naziri Abbas Əraqçinin ölkəsinin qonşu dövlətlərdə mülki şəxsləri hədəf almadığı barədə iddiasını təkzib edib. Komandanlıq Tehranı mülki infrastruktura və ticarət gəmilərinə qəsdən zərbələr endirməkdə ittiham edib.
Əraqçi "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib ki, İranın regiondakı hücumları qonşu ölkələrə deyil, yalnız ABŞ-nin hərbi bazalarına və maraqlarına yönəlib. O, İranın mülki şəxsləri qəsdən hədəfə almadığını deyib.
CENTCOM isə "X" sosial şəbəkəsində nazirin bu açıqlamasını "yalan" adlandıraraq, İranın Fars körfəzindəki qonşu dövlətlərdə mülki infrastruktura, yaşayış məntəqələrinə və digər obyektlərə qəsdən hücum etdiyini bildirib.
Komandanlıq İranı dənizdə mülki gəmi heyətlərini qəsdən hədəf almaqda suçlayıb. Bildirilib ki, son aylar bu hücumlar nəticəsində 20-dən çox insan həyatını itirib.
Bu arada, ABŞ və İsrailin İranla müharibəsi fonunda ticarət gəmilərinin dəfələrlə hücuma məruz qaldığı Hörmüz boğazında gərginlik yüksək olaraq qalır.
CENTCOM öz bəyanatında ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında qeydə alınan itkilərə toxunmayıb.
İran təmsilçiləri Qətəri tərk ediblər: Saziş layihəsi müzakirə olunur
İran rəsmiləri ABŞ ilə müharibəyə son qoymağa çalışan vasitəçilərlə danışıqlardan sonra Qətəri tərk ediblər. Tərəflər arasında saziş layihəsi müzakirə olunur və daha bir görüşün keçirilməsi mümkündür. Bunu noyabrın 2-də danışıqlardan agah olan rəsmi şəxs bildirib.
Nümayəndə heyəti Dohanı noyabrın 1-də tərk edib. Həmin rəsminin sözlərinə görə, təmsilçilərin ölkədən getməsi danışıqların pozulması anlamına gəlmir. Təklif olunan sazişin detalları barədə əlavə məlumat verilməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıqların Tehranın sentyabrda hazırladığı yeddi bəndlik plana əsaslandığını bildirib. Həmin plan Hörmüz boğazının yenidən açılmasını və ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutur. İran bu tədbirlərin razılaşma çərçivəsində sürətlə gerçəkləşdirilə biləcəyini vurğulayıb.
Bəqayi xarici işlər nazirinin müavini Kazım Qəribabadinin Qətərin vasitəçiliyi ilə Vaşinqtonla mesaj mübadiləsini əlaqələndirmək üçün Dohaya səfər etdiyini təsdiqləyib.
Sözçünün bildirdiyinə görə, ABŞ blokadası aradan qaldırılmayınca və Tehranın tələbləri yerinə yetirilməyincə, İran yekun sazişə razı olmayacaq, həmçinin Hörmüz boğazında təhlükəsizliyin və gəmilərin keçid imkanlarının bərpasına imkan verməyəcək.
Xarici işlər naziri Abbas Əraqçi oktyabrın 31-də bəyan edib ki, razılaşma əldə olunarsa, Hörmüz boğazı ilkin təklifdə nəzərdə tutulan yeddi gün əvəzinə iki gün ərzində yenidən açıla bilər.
ABŞ prezidenti Donald Tramp isə daha əvvəl İranın ilkin planını rədd edib.
Bu arada noyabrın 3-də ABŞ-də keçiriləcək seçkilərdən sonra hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır.
Bəqayi seçkilərdən sonra Vaşinqtonun yanaşmasında dəyişiklik baş verə biləcəyi ehtimalını rədd edərək, Tehranın seçkilərin nəticəsində "yeni bir ABŞ"nin ortaya çıxacağını gözləmədiyini vurğulayıb.
Tramp isə Vaşinqtonun seçkilərdən əvvəl İrana hücum etməyəcəyini bildirərək danışıqları "məhsuldar" adlandırıb. Buna baxmayaraq, o, gələcəkdə əlavə hərbi əməliyyatların keçirilməsi ehtimalını istisna etməyib.