İranın Səravan şəhərində silahlı toqquşmaların baş verdiyi bildirilir
İran mediasının məlumatına görə, ölkənin cənub-şərqindəki Səravan şəhərində təhlükəsizlik qüvvələri ilə kimliyi açıqlanmayan silahlılar arasında şiddətli döyüş baş verib.
Toqquşmanın yerli vaxtla saat 13:00 radələrində, Sistan-Bəlucistan əyalətində yerləşən Səravanın Cihadabad rayonunda başladığı bildirilir.
“Haalvsh” hüquq müdafiə və media qurumunun yayımladığı videolarda davamlı atəş səsləri eşidilir, təhlükəsizlik qüvvələrinin toqquşma yerinə aparan yolları bağladığı görünür. Digər görüntülərdə ərazi üzərində dronun uçduğu, məhəllədən qatı tüstü qalxdığı, binanın yandığı əks olunub.
Bu videolar müstəqil şəkildə təsdiqlənməyib.
İranın dövlət mediası və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bildirdiyinə görə, təhlükəsizlik qüvvələri “terrorçu” qrupu hədəfə alıb. Onların iddiasına görə, qrup sui-qəsd hazırlayırmış, lakin vətəndaşlardan alınan məlumat əsasında aşkarlanaraq hədəfə götürülüb.
Məlumatlara görə, qrupun beş üzvü öldürülüb, digərləri həbs edilib, silah və sursat ələ keçirilib. SEPAH öz əməkdaşlarından birinin öldürüldüyünü bildirib.
AzadlıqRadiosu bu məlumatları müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
Pakistan və Əfqanıstanla həmsərhəd Sistan-Bəlucistan əyalətində əhali əsasən bəluclardan ibarətdir. İranın qalan hissəsindən fərqli olaraq, əyalət sakinlərinin əksəriyyəti sünni müsəlmandır.
Bəluc silahlı qrupları bu əyalətdə uzun illərdir üsyan edir. Silahlılar tez-tez İran dövləti ilə əlaqəli şəxsləri hədəfə alırlar. Sentyabrın 14-də kimliyi bilinməyən şəxslər əyalətin mərkəzi Zahidanda hökumətyönlü sünni bəluc din xadimi Yusif Qorcici evinin qarşısında qətlə yetiriblər.
Danışıqlar bərpa olunsa da, İran-ABŞ ziddiyyətləri qalır
İran və ABŞ arasında diplomatik təmasların bərpasına baxmayaraq, tərəflər yeddi aydır gedən müharibənin başa çatdırılması məsələsində razılıqdan hələ də uzaqdır. Bunu sentyabrın 23-də İran rəsmisi deyib. Həmin gün prezident Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında ABŞ-nin ölkəsinə qarşı təzyiqlərini rədd edib.
Rəsmi "Reuters"ə bildirib ki, Tehran ABŞ-nin dəniz blokadasının qaldırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı irəli sürdüyü təkliflərə Vaşinqtonun cavabını nəzərdən keçirir. Bununla belə, o, tərəflər arasında ələ də çoxlu fikir ayrılıqlarının qaldığını vurğulayıb.
Bu açıqlamadan əvvəl ABŞ və İran arasında aylarla davam edən fasilədən sonra ilk dolayı danışıqlar baş tutub. Danışıqlardan sonra tərəflərin hər hansı bir güzəştə getdiyi elan olunmayıb.
Pezeşkian BMT kürsüsündən bəyan edib ki, İran təzyiq qarşısında "diz çökməyəcək". Bundan cəmi bir gün əvvəl ABŞ prezidenti Donald Tramp BMT-dəki çıxışında razılaşma əldə olunmasa, İranı məhv etməklə hədələmişdi. Bununla belə, Pezeşkian Tehranın danışıqlara hələ də açıq qaldığını deyib.
İki lider İranın nüvə proqramı ilə bağlı da fərqli mövqelər səsləndirib. Pezeşkian Tehranın nüvə silahı əldə etməyə çalışmadığını, lakin nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququndan əsla imtina etməyəcəyini vurğulayıb. Tramp isə İranı nüvə bombası hazırlamaq cəhdində ittiham edərək "İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyəm", - deyib.
Pezeşkian İranın Hörmüz boğazında tətbiq etdiyi məhdudiyyətlərə də haqq qazandırıb. Müharibəyə qədər dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın beşdə biri bu boğaz vasitəsilə daşınırdı. İndi boğazın yenidən tam fəaliyyətə başlaması Vaşinqtonla danışıqların əsas mövzusudur.
Sentyabrın 23-də Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta da Pezeşkianla danışıqlar apardığını açıqlayıb. O, İranı gəmilərin təhlükəsiz və sərbəst hərəkətini bərpa etməyə, qonşu ölkələrə zərbələri dayandırmağa və BMT-nin nüvə nəzarəti qurumu ilə əməkdaşlığı yenidən başlatmağa çağırıb.
Səravandakı toqquşmalarda SEPAH generalı öldürülüb
Sentyabrın 23-də İranın Səravan şəhərində təhlükəsizlik qüvvələri ilə kimliyi açıqlanmayan silahlı şəxslər arasında şiddətli döyüşlərin baş verdiyi barədə xəbərlər yayılıb.
Əməliyyatlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən birinin öldürüldüyü bildirilir. Xəbəri SEPAH-a bağlı "Tasnim" agentliyi yayıb.
Agentlik həlak olan şəxsin briqada generalı Hüseyn Zərifi olduğunu açıqlayıb. O, İranın Pakistanla sərhədi yaxınlığındakı Səravan şəhərində "Şəhid Səccad" əməliyyat bazasına rəhbərlik edirdi.
Rəsmi açıqlamada Zərifinin hansı şəraitdə öldüyü, əməliyyat zamanı SEPAH qüvvələrinin kimlərlə döyüşdüyü barədə məlumat verilməyib.
Fransa Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərəcək
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 24-də bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu neft limanını qorumağa kömək üçün hərbçilər və müdafiə sistemləri göndərəcək.
“Bu obyekti qorumaq üçün hərbi qüvvələr, yəni əsgərlər, radar və müdafiə sistemləri göndərəcəyik”, – Makron Fransanın TF1 və “France 2” telekanallarına müsahibəsində deyib.
Fransa prezidenti əlavə edib ki, məqsəd “hər hansı münaqişəyə qoşulmaq deyil, bu obyekti qorumaqdır”.
Bundan əvvəl İranla əlaqəli Yəmən husi üsyançıları Ər-Riyaddakı “həssas obyektləri” və Yanbudakı neft obyektini bir həftə ərzində ikinci dəfə hədəfə aldıqlarını bildiriblər.
2014-cü ildə husilər paytaxt Sənanı ələ keçirərək beynəlxalq səviyyədə tanınan, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti hakimiyyətdən uzaqlaşdırıblar. Bundan sonra Yəməndə vətəndaş müharibəsi başlayıb. 2022-ci ildə əldə olunan atəşkəs son vaxtlara qədər qüvvədə idi.
İyulda husilər Sənada İran təyyarəsini qarşılayıblar, bundan sonra bir sıra hücumlar başlayıb.
Bu ayın əvvəlində husi üsyançıları Yəmənin Qırmızı dəniz sahillərinin demək olar ki, hamısını ələ keçiriblər. Bununla da qruplaşma Bab əl-Məndəb boğazına nəzarəti əldə edib. Bu boğaz qlobal ticarət üçün vacib keçid sayılır.
Husilər dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları da intensivləşdiriblər.
Ər-Riyad kritik əhəmiyyətli neft kəmərini də müvəqqəti bağlamalı olub, İraqdakı İranpərəst silahlı qruplaşmanın dron hücumu həyata keçirdiyini deyib.