İrandan Vaşinqtona Hörmüz təklifi: Bəzi şərtlərlə boğaz açıla bilər
Tehran Hörmüz boğazının yenidən açılması üçün ABŞ-yə plan təqdim edib. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Onun sözlərinə görə, plan iki ölkənin iyunda imzaladığı anlaşma memorandumunda razılaşdırılmış şərtlərə uyğundur.
"Vasitəçilər planımzı ABŞ-yə təqdim ediblər. Müəyyən şərtlər yerinə yetirilsə, Hörmüz boğazı yeddinci günün sonunda açılacaq və danışıqlar bərpa olunacaq", – Əraqçi sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində jurnalistlərə deyib.
Nazir detallı danışmayıb. CNN isə Ağ ev rəsmisinə istinadən yazıb ki, tərəflər vasitəçilərin aracılığı ilə "müsbət və konstruktiv müzakirələr" aparırlar.
Diplomatik təmaslar bərpa olunsa da, təxminən yeddi aydır davam edən müharibəni bitirmək məsələsində tərəflərin mövqeləri hələ də bir-birindən xeyli uzaq görünür.
Onlar arasında ilk dolayı danışıqlar sentyabrın 23-də başlayıb. Görüşdən sonra hər hansı bir güzəşt barədə açıq məlumat verilməyib.
ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian bu həftə BMT tribunasından bir-birinin ünvanına sərt ifadələr işlədiblər. Tramp razılaşma əldə olunmasa, İranı məhv etməklə hədələyib. Pezeşkian isə təzyiq qarşısında İranın diz çökməyəcəyini deyib.
Ancaq hər iki lider danışıqlara açıq olduqlarını bildirib.
Vaşinqton və Tehran iyunun 17-də hərbi əməliyyatları dayandırmaq və Hörmüz boğazını yenidən açmaq üçün 60 günlük anlaşma memorandumu imzalamışdılar. Tərəflər sənədin şərtlərini fərqli yozduqları üçün qarşılıqlı hücumlar yenidən başlayıb.
Bessent: 'İranın xarici uçuşlarının 90 faizə qədəri dayandırılıb'
ABŞ-nin maliyyə naziri Skot Bessent Vaşinqtonun İrana misli görünməmiş iqtisadi təzyiq göstərdiyini bildirib. "Biz İran hökumətini indiyədək görmədiyi təzyiq götərmişik", – o, "Fox News"a müsahibəsində deyib. Bessent İranın xarici uçuşlarının azı 80-90 faizinin dayandırıldığını vurğulayıb: "İranın BMT-dəki nümayəndələrinin evlərinə necə qayıdacaqlarını bilmirəm".
Sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyi 36 hədəfə qarşı sanksiya tətbiq edib, bu siyahıya İranın aviaşirkətləri, eləcə də aviasiya ilə bağlı şəbəkələri də salınıb. Bessent həmçinin xəbərdarlıq edib ki, sanksiya tətbiq edilmiş İran aviaşirkətlərinə yanacaq, eniş xidməti və ya bilet satışı xidmətləri göstərən xarici hava limanları və şirkətlər ABŞ dolları ilə əməliyyat sistemindən kənarlaşdırıla bilər.
Maliyyə Nazirliyi avqustun 24-də İrana və ona kömək edənlərə qarşı "İqtisadi təcrid" əməliyyatına başlayıb. Yeni qadağalar da məhz bu addımın bir hissəsidir.
Bessent hadisələrin üç mümkün nəticəsinin ola biləcəyini vurğulayıb: rejim daxilində qarşıdurma, İranda üsyan, yaxud Tehranın sazişə razılaşıb ona əməl etməsi.
İran rəsmiləri isə Birləşmiş Ştatların məhdudiyyətlərinə qoşulan ölkələri hədələyiblər. Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi xəbərdarlıq edib: "Amerikanın tərəfini tutsanız, buna sadəcə tamaşa etməyəcəyik... Hava limanlarınızdan heç bir uçuş olmayacaq".
Çin isə ABŞ-nin İran aviaşirkətlərinə sanksiyalarına etiraz bildirərək BMT-nin icazəsi olmadan birtərəfli addımları "qanunsuz" adlandırıb.
Tramp: İranla bu həftə yeni danışıqlar keçirilə bilər
ABŞ prezidenti Donald Tramp İranın bir neçə gün əvvəl Hörmüz boğazı ilə bağlı irəli sürdüyü təklifi rədd edib. Bununla belə, o, Tehranla danışıqların bu həftə bərpa olunacağını gözlədiyini bildirib.
"Onlar razılığa gəlmək istəyirlər, amma təklif etdikləri variant mənim istədiyim deyil", – Tramp sentyabrın 27-də "Axios"a telefonla müsahibəsində deyib. O, təklifin detallarını açıqlamayıb.
"Buna, bəlkə də, bir il əvvəl razılaşa bilərdik", – Tramp əlavə edib.
Tramp sentyabrın 25-də Tehranın Hörmüz boğazını yenidən açmaq barədə təklifini geri çevirmişdi. O, İranın bu adımı "çox ağır" məğlubiyyətə uğradığı üçün atdığını demişdi.
"Onlar öz imkanlarını olduğundan artıq qiymətləndirdilər", – Tramp "Axios"a deyib.
"Axios" danışıqlardan agah mənbələrə istinadən yazır ki, sentyabrın 28-də Qətər vasitəçilərinin köməyi ilə dolayı danışıqlar bərpa oluna bilər.
Ötən həftə Nyu-Yorkda, BMT Baş Assambleyasının iclasları çərçivəsində ABŞ elçiləri Stiv Uitkoff və Cared Kuşner İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüblər. Görüşdə hər hansı irəliləyiş əldə olunduğu barədə məlumat verilməyib.
"The Wall Street Journal"ın yazdığına görə, Tramp 3 noyabr aralıq seçkilərindən sonra İrana hava zərbələrini bərpa etməyi nəzərdən keçirir. Müharibə ABŞ-də və dünya miqyasında yanacağı kəskin bahalandırıb, ABŞ-də münaqişəyə qarşı ictimai etirazlar artır.
İran tərəfi isə sentyabrın 27-də bəyan edib ki, Hörmüz boğazının yenidən açılması üçün şərtləri dəyişməz qalır. Bu şərtlərə İranın dondurulmuş aktivlərinin qaytarılması, İran neftinə sanksiyaların ləğvi və ABŞ-nin dəniz blokadasına son qoyulması daxildir.
"Şərtlərimiz aydındır. Hörmüz boğazının açılması yönündə istənilən addım bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Biz öz mövqeyimizdən geri çəkilməyəcəyik", – IRIB dövlət yayımçısı Əraqçinin belə dediyini xəbərləyib.