Husilər Səudiyyə Ərəbistanına hücum edib, 73 nəfər yaralanıb
İranın dəstəklədiyi Yəmən husiləri sentyabrın 8-də Səudiyyə Ərəbistanına yeni hücumlar həyata keçiriblər. Səudiyyə rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində qadın və uşaqlar daxil, 73 sinc sakin yaralanıb. Bu arada Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında döyüşlər qızışıb.
Səudiyyənin Energetika Nazirliyinin bildirdiyinə görə, hücumlar ölkənin cənubundakı enerji obyektlərinə ziyan vurub, yanğınlara səbəb olub, bəzi əməliyyatlar müvəqqəti dayanıb. "The Financial Times" da Cizanda "Aramco" şirkətinə məxsus neft infrastrukturunun vurulduğunu bildirib.
Husilər hücumlara görə məsuliyyəti götürüb, bunu Yəməndəki hərbi əməliyyatlara cavab adlandırıblar. Silahlı qruplaşmanın bütün iddialarını müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.
Hazırda Yəməndə son illərin ən şiddətli hərbi gərginliyi yaşanır. Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri arasında döyüşlər şiddətlənib. Son döyüşlərdə 300-dən çox insanın öldüyü və ya yaralandığı bildirilir. Lakin itkilərlə bağlı rəqəmlər dəyişir.
2022-ci ildən bəri qüvvədə olan atəşkəs döyüşlərin miqyasını xeyli azaltmışdı, iyulda eskalasiya yaranıb. Hökumət qüvvələri əks-hücumlara başlayıb, əraziləri geri almaq niyyətində olduqlarını bildiriblər. Husilər isə mövqelərini Qırmızı dəniz dəhlizinə doğru genişləndirməyə çalışırlar.
Britaniya İrana sanksiyaları sərtləşdirir
Böyük Britaniya sentyabrın 8-də İrana qarşı sanksiyaları sərtləşdirən qanunvericilik aktını dərc edib. Sənəd Tehrana ticarət məhdudiyyətlərini, gəmilərə qarşı tədbir görmək səlahiyyətlərini genişləndirir. Məqsəd İranın nüvə proqramını və Birləşmiş Krallığın düşmən fəaliyyəti saydığı digər addımları məhdudlaşdırmaqdır.
Hökumət bildirib ki, yeni tədbirlər İranın Britaniyanın maliyyə sisteminə çıxışını daha da məhdudlaşdıracaq, əlavə mallara, texnologiyalara və xidmətlərə ticarət qadağaları tətbiq edəcək. İstisna hallar xaricində İran təyyarələrinin Böyük Britaniya ərazisinə enməsi də qadağan olunacaq.
Yeni qanunvericilik Britaniyanın İrana bağlı gəmilərə qarşı tədbir görmək imkanlarını da genişləndirir. İrana qarşı mövcud sanksiya rejiminə maliyyə, ticarət və nəqliyyat məhdudiyyətləri, sanksiya siyahısındakı gəmilərlə bağlı tədbir görmək səlahiyyətləri daxildir.
Dövlət naziri Stiven Dauti yazılı bəyanatında bildirib ki, qanunvericilik İranın nüvə ambisiyalarını məhdudlaşdırmaq yönündə tədbirləri gücləndirir, "İranın heç vaxt nüvə silahı əldə edə bilməməsinə kömək edəcək".
Tehranın nüvə proqramı və regional siyasəti Qərblə münasibətlərdə gərginliyi getdikcə gücləndirir.
ABŞ neft tankerini vurub — İran mediası
İran mediası ölkənin əsas neft ixracı mərkəzi olan Xark adası yaxınlığında bir tankerə ABŞ-nin zərbə endirdiyini bildirib.
Sentyabrın 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" xəbər agentliyi ABŞ mərmisinin kiçik tankeri hədəfə aldığını bildirib.
"Tasnim" ölən və yaralanan olmadığını, tankerin heyətinin təxliyə edildiyini yazır.
İran mediası Hörmüz boğazı yaxınlığındakı Cask liman şəhərində də partlayışların baş verdiyini bildirib.
ABŞ hadisə ilə bağlı dərhal açıqlama verməyib.
Sentyabrın 7-də İran neft tankerlərinə ABŞ-nin hər hansı yeni hücumuna cavab verəcəyi ilə hədələmiş, Fars körfəzindəki Amerika neft və qaz obyektlərinin hədəfə alına biləcəyini bildirmişdi.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ qüvvələri sentyabrın 5-də biri Xark adası yaxınlığında olmaqla, İranın üç neft tankerinə zərbə endirib. Hücumlar İranın regiondakı ABŞ hərbi gəmilərinə zərbə endirməsindən sonra gerçəkləşdirilib.
Rubio: 'İran gəmilərimizə hər hücumunda tankerlərini itirəcək'
Sentyabrın 8-də ABŞ rəsmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli neft tankerlərinə zərbələr endirildiyini təsdiqləyib. İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə yeni raket hücumları cəhdindən sonra Vaşinqtonla Tehran arasında gərginlik daha da artıb.
Xark adası və Cask limanında tankerlərə zərbələrdən əvvəl ABŞ İranın bir neçə xam neft tankerini hədəf götürmüşdü. CENTCOM sentyabrın 8-də bildirib ki, SEPAH son iki gündə ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisini iki dəfə ballistik raketlərlə hədəfə aldıqdan sonra İranın beş gəmisini sıradan çıxarıb. Komandanlığın açıqlamasında heç bir amerikalı hərbçinin xəsarət almadığı, hər hansı zərərin qeydə alınmadığı bildirilib.
Dövlət katibi Marko Rubio həmin gün jurnalistlər son 24 saat ərzində tərəflər arasında baş verən qarşılıqlı hücumlar barədə sualı cavablandırıb.
"Qarşılıqlı addımların mahiyyəti olduqca sadədir. İran davamlı olaraq ABŞ hərbi gəmilərini vurmağa çalışır və hər dəfə bunu etdikdə və ya etməyə çalışdıqda tankerlərini itirəcək. Düşünürəm ki, bu gün də bunun şahidi olacaqsınız", – Rubio bildirib.
Bu arada Vaşinqton İranın neft gəlirlərini məhdudlaşdırmağa çalışır. ABŞ sentyabrın 8-də İranın aviasiya sektorunu, Tehrana təyyarə və həssas texnologiyalar əldə etməkdə yardım göstərməkdə ittiham olunan şirkətlərə qarşı yeni sanksiyaları açıqlayıb.