Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:10
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla bu həftə yeni danışıqlar keçirilə bilər

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran neft tankerlərinə ABŞ hücumuna cavab verməklə hədələyib

İran neft tankerlərinə ABŞ-nin hər hansı yeni hücumuna cavab verəcəyi barədə xəbərdarlıq edib. Tehran Fars körfəzindəki Amerika neft-qaz maraqlarının hədəfə alına biləcəyini bildirib.

Sentyabrın 5-də Amerika qüvvələri İranın üç neft tankerini, o cümlədən ölkənin əsas neft ixracı mərkəzi olan Xark adası yaxınlığındakı tankerlərdən birini vurub. Məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb. Zərbələr İranın regiondakı ABŞ hərbi gəmilərinə hücumundan sonra endirilib.

“Obyektlərimizi vursanız, sizə də zərbə endiriləcək”, – İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində yazıb.

Qalibafın xəbərdarlığı ABŞ müdafiə naziri Pit Heqsetin İranın neft tankerləri donanmasını “müdafiəsiz” adlandırmasına cavab kimi görünür.

“Məsələ sadədir: buradakı neft və qaz hasilatı zənciri geniş əraziyə yayılıb, əlçatandır, müdafiəsizdir. Bu sularda və obyektlərdə fəaliyyət göstərən Amerika neft-qaz şirkətləri də eyni cür müdafiəsizdir”, – ABŞ ilə danışıqlarda İranın baş təmsilçisi olan Qalibaf əlavə edib.

ABŞ istehlakçıları İran müharibəsinə görə yanacağa əlavə 100 milyard dollar xərcləyiblər

İranla müharibə başlayandan ABŞ istehlakçıları benzin və dizel yanacağına təxminən 100 milyard dollar əlavə vəsait xərcləyiblər. Bu məbləğ hər iki dəqiqədə təxminən 1 milyon dollar artır. Sentyabrın 7-də açıqlanan bu hesablama Braun Universitetinin İran Müharibəsinin Enerji Xərcləri İzləyicisinin məlumatları əsasında aparılıb.

Sistem münaqişənin başladığı 28 fevraldan bəri amerikalıların benzin və dizel yanacağına qeyri-müharibə şəraitinin qiymətləri ilə müqayisədə nə qədər əlavə pul ödədiyini hesablayır.

ABŞ-də hər ailəyə təxminən 763 dollar əlavə xərc düşür. Ölkədə təxminən 131 milyon ev təsərrüfatı var.

İranla müharibə, Hörmüz boğazı ətrafındakı qarşıdurma enerji təchizatını pozaraq yanacağın qiymətini kəskin artırıb. Qlobal neft tədarükünün 20 faizi bu strateji əhəmiyyətli su yolundan keçir. İran boğazın yenidən açılması üçün şərtləri yerinə yetirilənədək onun bağlı qalacağını bildirib.

Birləşmiş Ştatlar bildirir ki, Hörmüz boğazı beynəlxalq su yoludur və İranın buradan keçid hüququna nəzarət etməsi barədə istənilən iddianı rədd edir. "Reuters" hazırda boğazın tanker hərəkəti üçün əsasən bağlı olduğunu yazır.

Ötən ay prezident Donald Tramp amerikalıları benzinin bahalaşmasını qəbul etməyə çağırıb. O, Nyu-Yorkda mitinqdə deyib ki, benzinə görə "cüzi artıq" pul ödəməyə dəyər, çünki bu, "çox şər" bir ölkənin nüvə silahı hazırlamasının qarşısını almağa kömək edəcək.

Sentyabrın 7-də ABŞ üzrə benzinin bir qallonunun (4 litr) orta qiyməti 4.15 dollar olub. Bu, Əmək Günü həftəsonu üçün rekord göstəricidir. Braun Universitetinin izləmə sisteminə görə, Kaliforniyada benzinin bir qallonu orta hesabla təxminən 5.86 dollar, Havay adalarında isə 5.39 dollar olub.

CENTCOM: ABŞ blokada zamanı 94 ticarət gəmisinin istiqamətini dəyişib

Amerika qüvvələri İran limanlarına qarşı dəniz blokadasının yeni mərhələsində indiyədək 94 ticarət gəmisinin istiqamətini dəyişdirib. Bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 7-də açıqlama yayıb.

CENTCOM əlavə edib ki, bu müddətdə ABŞ hərbçiləri üç gəmini istismardan çıxarıb, iki gəmini isə yoxlamaq məqsədilə saxlayaraq göyərtəsinə qalxıblar.

Səmnan Universitetində iraqlı tələbələrə hücum edilib

Sentyabrın 7-də İranın Səmnan şəhərindəki universitetdə iranlılarla iraqlı tələbələr arasında qarşıdurma olub.

Səmnan vilayətinin baş hakimi Məhəmməd Sadiq Əkbəri qarşıdurmanın iraqlı tələbələrin yataqxanasının qarşısında baş verdiyini bildirib. Onun sözlərinə görə, "hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslərin müəyyənləşdirilməsi üçün məhkəmə araşdırmaları gedir".

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup Səmnan sakininin iraqlı tələbələrin yataqxanasının qarşısına toplaşdığı, sonra isə qarşıdurmanın başladığı görünür.

Qarşıdurmanın əsas səbəbi hələlik bilinmir. Məlumatlara görə, İraqın İrandakı səfirliyi hadisəni araşdırmaq üçün birgə komitənin yaradılması barədə göstəriş verib.

Səmnan Universiteti sentyabrın 7-də bəyanatında universitetdə təhsil alan iranlı tələbələrin hadisədə iştirak etmədiyini vurğulayıb. Universitet hadisənin əsas kampusdan kənarda baş verdiyi üçün məsələ ilə polisin məşğul olacağını bildirib.

Davamı

​
XS
SM
MD
LG