Qalibaf: ABŞ-nin hücumlarına 'daha ağır' cavab veriləcək
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyir ki, ölkəsinin maraqlarına və təhlükəsizliyinə hər hansı yeni hücuma daha sərt cavab veriləcək, "mütənasib cavablar" dövrü başa çatıb.
"İranın maraqlarına və təhlükəsizliyinə istənilən təcavüzə daha sürətli, daha ağır və daha ağrılı cavab veriləcək", – Qalibaf sentyabrın 6-da parlamentin açıq iclasında bildirib.
Bundan bir gün əvvəl isə ABŞ ordusu Xark və Cask adaları yaxınlığında, eləcə də Oman körfəzində üç İran neft tankerini hədəfə alaraq məhv etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-nin iki hərbi gəmisinə ballistik raketlərlə hücumuna cavab olaraq endirilib. Həmin hücumlarda amerikalılar arasında itki olmayıb.
CENTCOM komandanı Bred Kuper xəbərdarlıq edib ki, İran ABŞ gəmilərinə hücumları dayandırmasa, bunun iqtisadi nəticələri daha ağır olacaq, İranın neft tankerləri sıradan çıxarılacaq.
İran Xarici İşlər Nazirliyi ABŞ zərbələrini "qanunsuz və təcavüzkar" adlandırıb. İranın mərkəzi hərbi komandanlığı olan "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü bildirib edib ki, dəniz blokadası davam edərsə, ABŞ qüvvələrinə hücumlar daha da şiddətlənə və genişlənə bilər.
İran kvotadan artıq benzin işlədənlər üçün qiymətləri qaldırır
İran hökuməti ayda 110 litrdən çox yanacaq işlədən istehlakçılar üçün benzinin qiymətini artırdığını bildirib. Bu qərar ABŞ sanksiyaları və ölkə limanlarının blokadasının daxili iqtisadiyyatı sarsıtmaqda davam etdiyi bir vaxtda verilib.
Hökumətin sözçüsü Fatimə Mühacirani deyib ki, 110 litrədək benzin almağa imkan verən birinci və ikinci kvotalar üzrə qiymətlər dəyişməz qalacaq.
Ancaq üçüncü kvota üzrə benzinin litrinin qiyməti iki dəfə artır, 100 min İran rialı olacaq. Bu, azad bazardakı məzənnə ilə 4.5 ABŞ senti (8 qəpik) deməkdir.
Yeni tariflər sentyabrın 8-dən qüvvəyə minəcək.
Mühacirani deyib ki, digər sürücülər əvvəlki kimi 60 litr benzinin litrini 15 min riala, əlavə 50 litrin hər litrini isə 30 min riala ala biləcəklər.
İran benzinin dünyada ən ucuz satıldığı ölkələr sırasındadır. Qiymətlərin daha geniş miqyasda artırılması müzakirə olunsa da, hakimiyyət bu addımdan çəkinib. Ehtimallara görə, rəsmilər bunun yeni küçə etirazlarına səbəb ola biləcəyindən narahat olublar.
İri neft hasilatçısı olan İran uzun illərdir yanacağın qiymətini əsasən subsidiyalaşdırır. Buna görə də qiymətlərə hər hansı dəyişiklik siyasi baxımdan həssas məsələ sayılır. 2019-cu ildə benzinin qiyməti qaldırılanda ölkədə genişmiqyaslı etirazlar baş vermişdi.
İran Cənubi Koreyaya xəbərdarlıq etdi
İran Cənubi Koreyaya xəbərdar edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunması əməliyyatlarına qoşularsa, "ciddi" nəticələrlə üzləşər.
Ötən həftə yerli media Seulun ABŞ-nin səylərinə dəstək üçün hərbi qüvvələr göndərməyi nəzərdən keçirdiyini yazmışdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sentyabrın 7-də Koreya dilində paylaşdığı sosial media postunda bildirib ki, Cənubi Koreya Fars körfəzinə və ya Hörmüz boğazına hərbi qüvvə göndərməməlidir.
Bəqayi xəbərdarlıq edib ki, belə bir addım ABŞ-yə birbaşa dəstək sayıla bilər və "ciddi nəticələrə gətirib çıxarar".
İran fevralın 28-də münaqişə başlayandan körfəzdəki qonşularını – Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanını raket və dronlarla hədəfə alıb.
Qrossi İranı MAQATE-nin nüvə nəzarətini bərpa etməyə çağırır
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın bəyan etdiyi nüvə materialları və obyektlərinin vəziyyətini yoxlaya bilmir. Qurumun baş direktoru Rafael Qrossi bunu Tehranın lazımi məlumatları təqdim etməməsi və obyektlərə çıxış verməməsi ilə izah edib.
Ötən ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehran MAQATE müfəttişlərinin həmin obyektlərə girişini dayandırıb.
Qrossi sentyabrın 7-də Vyanada MAQATE-nin İdarə Heyətinin iclasının açılışında çıxış edib. O, vəziyyəti "nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğuran məsələ" adlandırıb, problemin təcili şəkildə həllinə çağırıb.
Qrossi İranı MAQATE ilə konstruktiv əməkdaşlığa, nüvə proqramı ilə bağlı diplomatiya və danışıqlara qayıtmağa çağırıb.
"MAQATE-nin nəzarət mexanizmlərinin tam və effektiv gerçəkləşdirilməsi, Tehranın öz öhdəliklərini yerinə yetirməsi üçün bu ölkəni agentliklə konstruktiv əməkdaşlığa çağırıram", – Qrossi bildirib.