Aİ ABŞ-nin İrana təzyiqini dəstəkləyir. Tehran sərt reaksiya verdi
Avropa İttifaqı (Aİ) avqustun 31-də bildirib ki, İrana qarşı təzyiqləri saxlamaq, gərginliyi azaltmaq və regionda sabitliyə töhfə vermək üçün Birləşmiş Ştatlar, G7-nin digər üzvləri və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək.
Avqustun 31-i və sentyabrın 1-də ABŞ-nin Şimali Karolina ştatında G20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Açıqlama da bu iclasla əlaqədar verilib.
"Aİ İranın sabitliyi pozan fəaliyyətlərinə son qoyması, xoş niyyətlə sülh danışıqlarına qoşulmasına yönəlmiş səyləri, ABŞ-nin rəhbərliyi ilə "iqtisadi təcrid" əməliyyatı çərçivəsində əlavə iqtisadi təzyiqi alqışlayır", – Aİ-nin açıqlamasında deyilir.
Qurum onu da bildirib ki, təhlükəsizliyini və maraqlarını qorumaq zərurəti yaranarsa, əlavə tədbirlər görməyə hazırdır.
İran bu açıqlamaya sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai blokun İrana iqtisadi təzyiqi dəstəkləməsini tənqid edib.
Bəqai avqustun 31-də X platformasında Aİ-ni öz suverenliyini, qanunlarını, dəyərlərini və etik prinsiplərini ABŞ-nin təzyiqinə təslim etməkdə günahlandırıb. Bəqai deyib ki, Aİ-nin Amerikanın "qanunsuz" iqtisadi müharibəsini dəstəkləməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlər qanunsuz saydığı bu addıma töhfəyə görə məsuliyyət daşımalıdırlar.
Bəqai hansı nəticələri nəzərdə tutduğunu açıqlamayıb.
Bəqai Aİ-nin "Bloklama Statutu"na diqqət çəkib. Bu sənədə əsasən, Brüssel üçüncü ölkələrin qəbul etdiyi qanunların ərazi hüdudlarından kənarda tətbiqini tanımır və bu cür hüquqi təsirləri beynəlxalq hüquqa zidd sayır.
XİN sözçüsü Aİ-ni ziddiyyətli mövqe tutmaqda ittiham edib. Onun sözlərinə görə, Aİ bir tərəfdən ABŞ-nin İrana iqtisadi təzyiqini dəstəkləyir, digər tərəfdən gərginliyin azaldılmasına və regionda sabitliyə çağırır.
'Məqsədimiz İranı danışıqlara məcbur etmək deyil' – Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranı danışıqlara məcbur etməyə çalışmır. O, Birləşmiş Ştatların İrana yeni zərbələrinin məqsədinin Tehranı danışıqlar masasına qaytarmaq olması fikirlərini rədd edib.
"Onların özləri üçün dəyərsiz olan razılaşmanı imzalayıb-imzalamamaları mənim üçün elə də vacib deyil", – Tramp sentyabrın 1-də gecə "Truth Social"da yazıb.
Prezidentin dediyinə görə, ABŞ Hörmüz boğazına "demək olar" tam nəzarət edir və İran iqtisadiyyatı çöküb. "İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?", – deyə sual edib.
Bu arada iki ölkə arasında son həftələrin ən ciddi qarşılıqlı hücumları baş verir. ABŞ qüvvələri İranın cənubunda SEPAH-ın hədəflərinə zərbələr endirib, Tehran isə Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini raket və dronlarla hədəfə alıb.
Tramp: İrana qarşı yeni əməliyyat çox çəkməyəcək
ABŞ prezidenti Donald Tramp sentyabrın 2-də bildirib ki, İrana qarşı yenidən başlamış hərbi kampaniya çox çəkməyəcək. O, Birləşmiş Ştatların istənilən vaxt yeni zərbələr endirməyə hazır olduğunu da əlavə edib.
Trampın açıqlamasından öncəki gecə ABŞ İran ərazisindəki hədəflərə zərbələr endirib.
"Ötən gecə çox güclü hücum həyata keçirildi və istədiyimiz vaxt daha bir hücum etməyə hazırıq", – Tramp Ağ evdə jurnalistlərə ABŞ-nin İrana son zərbələri barədə deyib.
"Onların Hörmüz boğazı boyunca qurmağa çalışdıqları bütün yeni avadanlıqları, müdafiə, hücum təyinatlı sistemləri sıradan çıxardıq", – prezident əlavə edib.
Tramp iddia edib ki, İran qüvvələri minalar yerləşdirmək üçün xüsusi raket hazırlamağa çalışırdı, ABŞ qüvvələri onu məhv edib. Tramp həmçinin İranın radar və raket sistemlərini bərpa etməyə çalışdığını, Birləşmiş Ştatların həmin sistemləri də hədəfə aldığını bildirib.
Küveyt raket və dron hücumlarının qarşısını aldığını bildirir
Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarının qarşısını aldığını bildirib.
Ordu sentyabrın 3-də səhər saatlarında sosial şəbəkədə açıqlama yayıb və hücumlara görə İranı ittiham edib. Sakinlərə rəsmi qurumların təhlükəsizliklə bağlı göstərişlərinə əməl etmək çağırışı olunub.
Açıqlamaya görə, Küveyt səmasında eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin yaxınlaşan hədəfləri vurmasının nəticəsidir.
Bu hadisə ABŞ-nin sentyabrın 1-də İrana son hərbi zərbələrindən sonra baş verib. Tehran cavabında İordaniya və Küveyt daxil, ABŞ-nin Körfəzdəki müttəfiqlərini hədəfə alıb.