Netanyahu: İranla diplomatik razılaşma əldə etmək mümkün deyil
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana qarşı yeni iqtisadi təzyiq kampaniyasını alqışlayıb. O, Tehranla diplomatik razılaşmanın mümkünlüyünə şübhəsini bildirib.
Netanyahu avqustun 25-də etdiyi çıxışında ABŞ prezidenti Donald Trampla iyulun 28-də keçirdiyi görüşü xatırladıb. Onun sözlərinə görə, görüşdə İranla bağlı üç variantı müzakirə ediblər: razılaşma, hərbi əməliyyat və Tehrana qarşı “mühasirənin sərtləşdirilməsi”.
Netanyahunun sözlərinə görə, Trampa belə deyib: “Oradakı dəstə ilə, o vəhşilərlə razılığa gələ biləcəyinə şübhə edirəm. Sizə deyirəm: onlarla razılaşmaq mümkün deyil”.
Baş nazir ABŞ-nin İrana qarşı genişləndirdiyi sanksiyaları alqışlayıb. Onun sözlərinə görə, bu tədbirlər birbaşa İrana deyil, onun “o dəhşətli diktatura” adlandırdığı rejimə yardım edənlərə qarşı mühasirəni sərtləşdirmək deməkdir.
Pezeşkian ABŞ ilə müharibəni bitirməyin vacibliyini vurğulayıb
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəyə son qoymağın vacibliyi ilə bağlı bundan əvvəlki mövqeyini bir daha vurğulayıb.
“Müharibə həmişə həll yolu deyil. Əllə açıla bilən düyünü dişlə açmağa ehtiyac yoxdur”, – o deyib.
Pezeşkian avqustun 26-da bir mərasimdə İranın yenə də “meydanda qalib” olduğunu deyib.
40 günlük müharibədən sonra İran və ABŞ hərbi əməliyyatları dayandırmaq, münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq barədə anlaşma memorandumu imzalayıblar. Hörmüz boğazındakı gərginliyə görə bu razılaşma pozulub. O vaxtdan tərəflər arasında açıq danışıqlar dayanıb.
Pezeşkian onu da vurğulayıb ki, sülhü qəbul etmək qarşı tərəfə etibar etmək demək deyil. İran prezidenti bildirib ki, razılaşma əldə edildikdən sonra belə, düşmənin sürpriz ehtimalına qarşı ayıq-sayıq olmaq lazımdır.
Tramp deyir ki, Müctəba Xameneinin sağ olduğunu düşünür
ABŞ prezidenti Donald Tramp deyir ki, martda İranın ali rəhbəri elan edilən Ayətullah Müctəba Xameneinin sağ olduğunu düşünür.
“Fikrimcə, ölməyib”, – Tramp amerikalı radio aparıcısı Qlenn Bekə müsahibəsində deyib.
Müctəba Xamenei atasının yerinə keçəndən bəri ictimaiyyət qarşısında görünməyib. Əvvəlki ali rəhbər Ayətullah Əli Xamenei ABŞ və İsrailin İranla müharibəsi başladığı gün, fevralın 28-də öldürülüb.
Müctəba Xameneinin də həmin hava zərbəsi zamanı yaralandığı bildirilir.
“O, çox ağır yaralanmışdı. Bədəninin sol tərəfi – qolu, ayağı, demək olar, bütün tərəfi. O, çox ağır yaralanmışdı. Amma öldüyünü düşünmürəm”, – Tramp söyləyib.
İran xaricdəki farsdilli medianı hədəf siyahısına salır
İran xaricdə fəaliyyət göstərən farsdilli media qurumlarını, o cümlədən AzadlıqRadiosunun Radio Fərda fars xidmətini hədələyib, onların Tehranın hədəf siyahısına salınacağını bildirib. Bunu ölkənin Silahlı Qüvvələrinin sözçüsü deyib.
Əbülfəzl Şikarçi avqustun 26-da İran dövlət televiziyasına danışıb. Onun iddiasına görə, BBC Persian, Iran International və Radio Fərda kimi media qurumları İsrailin Mossad kəşfiyyat xidməti, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər “düşmən kəşfiyyat təşkilatları” ilə birbaşa əlaqəlidir.
“İran İslam Respublikasının Silahlı Qüvvələri bu qurumları media saymır”, həmin media qurumlarında çalışanlara “sionist və amerikalı əsgərlər” kimi baxır, sözçü bildirib.
Radio Farda ABŞ Konqresinin maliyyələşdirdiyi, ABŞ Qlobal Media Agentliyinin (USAGM) nəzarəti altında fəaliyyət göstərən Azad Avropa/Azadlıq Radiosunun fars xidmətidir. Radio Farda farsdilli izləyicilərə dəqiq, obyektiv və qərəzsiz xəbərlər və reportajlar təqdim etməyə çalışır. Məqsəd İranın sıxışdırdırdğı azad informasiya axınına və qərəzsiz jurnalistikaya nail olmaqdır.
İran hakimiyyəti dəfələrlə ölkə daxilində və xaricdə fəaliyyət göstərən media qurumlarını hədələyib. Son illər jurnalistlər həbs olunub, onların ailə üzvləri isə dindirilməyə çağırılıb və hədələnib.