Keçid linkləri

2026, 28 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 18:17
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla bu həftə yeni danışıqlar keçirilə bilər

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Heqset: ABŞ İrana qarşı hərbi gücdən istifadəni istisna etmir

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton İrana qarşı hərbi gücdən istifadəni istisna etmir. Bu arada Vaşinqton Tehrana iqtisadi təzyiqi gücləndirmək məqsədilə 60-a yaxın qurum, fiziki şəxs və gəmiyə yeni sanksiyalar tətbiq edib.

“Biz Hörmüz boğazının istənilən yerinə və ya İran ətrafına kinetik zərbələr endirməyi heç cür istisna etmirik”, – Heqset avqustun 24-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İran ona göstərilən iqtisadi təzyiqə tab gətirə bilməyəcək.

Bu ayın əvvəlində Heqset bildirmişdi ki, ABŞ qüvvələri İranın dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər. Heqsetə görə, Vaşinqton ehtiyac yarandıqca hərbi gəmilərini regionda rotasiya edə bilər.

ABŞ Maliyyə Nazirliyi İrana qarşı “iqtisadi D günü”nə başladıb, Tehranı dəstəkləyən ölkələrin “qlobal təcrid olunmuş dövlətə” çevrilmək riski ilə bağlı xəbərdarlıq edib.

Vaşinqton bildirir ki, kampaniyanın məqsədi İran hökumətini təmin edən iqtisadi gəlir mənbələrini kəsmək, Tehranı beynəlxalq səviyyədə daha da təcrid etməkdir.

Vaşinqtonun 10 milyon dollarlıq siyahısındakı SEPAH komandiri apreldə öldürülüb

ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramı SEPAH-ın beş yüksək rütbəli komandiri barədə məlumat üçün 10 milyon dollaradək mükafat təklif edir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun həmin komandirlərinin amerikalı hərbçilərə və infrastruktura hücumlara görə məsuliyyət daşıdıqları bildirilir.

AzadlıqRadiosunun məlumatına görə, fotosu yayımlanan şəxslərdən azı biri bir neçə aydır ölüb.

Proqram avqustun 24-də X sosial şəbəkəsində müraciət yayıb. Fotosu çıxan beş nəfər SEPAH komandirləri kimi təqdim olunub, ABŞ personalına hücumlarda, zərərli kiberəməliyyatlarda iştirak edən bölmələrə rəhbərlik etdikləri bildirilib.

SEPAH-ın adı qalmaqallarda hallanan Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Məcid Xadəmi onların arasındadır. Xadəmi ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı, İsrailin Tehrana 6 aprel hava zərbəsi nəticəsində öldürülüb. Həm SEPAH, həm də İsrail onun ölümünü təsdiqləyib.

Fotosu yayılan digər şəxs, SEPAH-ın Aerokosmik Qüvvələrinin dron bölməsinin komandiri Səid Ağacaninin isə martın 21-də İsrailin İranın şimalına zərbəsindən öldürülməsi xəbəri yayılmışdı. Amma İran onun ölümünü təsdiqləməyib.

Siyahıda yer alan digər şəxslərə gəlincə, onlar SEPAH-ın hazırkı komandanı Əhməd Vahidi, bu yaxınlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmiş Əli Abdullahi və SEPAH-ın kiber-elektron komandanlığına rəhbərlik edən Həmidrza Ləşgəriandır.

Tramp: İran etirazçıları 'hətta etiraz etməyəndə də' öldürür

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda “süqut edən” rejim etirazçıları “hətta etiraz etməyəndə də” görünməmiş miqyasda öldürür.

Tramp avqustun 25-də “Truth Social”da yazıb:

“İranın süqut edən İslam Respublikası ordusunun böyük hissəsinə maaş vermir, eyni zamanda etirazçıları, hətta onlar etiraz etməyəndə də görünməmiş miqyasda öldürür. Bu, nəhəng humanitar böhrandır, İNDİ dayandırılmalıdır”.

Tramp iddiası ilə bağlı əlavə detal və ya sübut təqdim etməyib. Prezidentin ilin əvvəlindəki etirazlarda öldürülənləri, yoxsa indiyədək haqqında məlumat verilməmiş yeni qətlləri nəzərdə tutduğu aydın deyil.

Etirazlar 2025-ci il dekabrın 28-də başlayıb, yanvarda davam edib. Güc strukturları aksiyaları zorakılıqla yatırıb, xeyli insan həlak olub.

İran o vaxtdan etirazlarla bağlı ölüm hökmləri icra edib. BMT-nin insan hüquqları üzrə ali komissarı bu ayın əvvəlində bildirib ki, İran martın 19-dan bəri milli təhlükəsizlik ittihamları ilə azı 56 nəfəri edam edib. Onlardan 27-si sözügedən etirazlarla əlaqəli olub.

Son məlumatlara görə, İran bu il ümumilikdə 494 nəfəri edam edib.

Britaniya ABŞ-nin İrana qarşı addımlarını dəstəkləyir

Böyük Britaniya ABŞ-nin İranla münaqişəni diplomatik yolla həll etmək səylərini dəstəkləyir, Tehrana təzyiqin artırılması üçün addımları alqışlayır. Bunu Britaniyanın maliyyə naziri Con Hili bildirib.

Hili avqustun 25-də deyib ki, buna ABŞ-nin maliyyə naziri Skot Bessentin bir gün əvvəl elan etdiyi yeni sanksiyalar da daxildir.

Hili İranı Hörmüz boğazında və Yaxın Şərqdə “sabitliyi pozan fəaliyyətini” dayandırmağa çağırıb.

Bessent bir gün əvvəl bildirib ki, Birləşmiş Ştatlar “Tehran tək qalanadək bu zalım rejimi ayaqda saxlayan bütün iqtisadi həyat xətlərini kəsmək” kampaniyasına başlayır. Onun sözlərinə görə, ölkələrə İran rejimini ayaqda saxlayan fəaliyyəti “kəsmək” üçün konkret müddətlər veriləcək.

Davamı

​
XS
SM
MD
LG