Tramp: İranla danışıqlar 'nə vaxtsa' bərpa oluna bilər
ABŞ prezidenti Donald Tramp İranla danışıqların “nə vaxtsa” bərpa oluna biləcəyini, indiki durumdan da razı qaldığını bildirib.
Prezident avqustun 19-da Ağ Evdə jurnalistin İranla danışıqların bərpası ehtimalı barədə sualını cavablandırarkən “Hazırda vəziyyətin çox yaxşı olduğunu düşünürəm” deyib, danışıqların “bəlkə də nə vaxtsa” bərpa oluna biləcəyini əlavə edib.
Tramp onu da vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir.
“İranın nüvə silahı ola bilməz… İran nüvə silahına sahib ola bilməz və olmayacaq”, – Tramp əlavə edib.
Hörmüz boğazına gəlincə, Tramp ABŞ-nin su yoluna “tam nəzarət” etdiyini iddia edib. Onun sözlərinə görə, İran yalnız aradabir dron vurur.
Avqustun 18-də altı yük gəmisi Hörmüz boğazından keçib. Bunu “Reuters” xəbər agentliyi “Kpler” ticarət məlumatları üzrə şirkətə istinadla bildirib. Son 10 gündə boğazdan gündə orta hesabla 11 gəmi keçib.
Artıq ABŞ-İran Anlaşma Memorandumunun müəyyən etdiyi 60 günlük danışıqlar müddəti başa çatıb. Memorandumda münaqişəyə son qoyulması, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması, Hörmüzdə sərbəst gəmiçiliyin bərpası nəzərdə tuturdu.
60 günlük müddət yekun razılaşma əldə olunmadan başa çatıb və danışıqlar dalana dirənib. ABŞ bildirir ki, İran iyulda Hörmüzdə neytral kommersiya gəmilərinə hücum etməklə iyun razılaşmasını pozub və Vaşinqton hərbi əməliyyatları yenidən başlamalı olub.
USS George Washington Ərəbistan dənizinə çatıb
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) USS George Washington təyyarədaşıyan gəmisinin Ərəbistan dənizinə çatdığını bildirib.
Ərəbistan dənizi şimalda Oman körfəzinə, oradan isə Hörmüz boğazına çıxır.
CENTCOM avqustun 20-də X platformasında Ərəbistan dənizinə çatmış təyyarədaşıyanın göyərtəsindən ekipajın fotosunu paylaşıb. Məlumata görə, bu gəmi ilə birlikdə aviadaşıyıcı zərbə qrupu komandanlığın məsuliyyət zonasına daxil olub, planlaşdırılmış missiyanı icra edəcək.
Wall Street Journal, CNN və NBC News yazıb ki, USS George Washington Yaxın Şərqə USS Abraham Lincoln təyyarədaşıyanını əvəz etmək üçün göndərilib. CNN ABŞ rəsmisinə istinadla bildirib ki, bu rotasiya əvvəlcədən planlaşdırılıb.
Bu arada aylardır dənizdə qalan USS Abraham Lincoln-da ərzaq və təchizat çatışmazlığı, heyətin əhval-ruhiyyəsinin pisləşməsi, psixoloji durumla bağlı xəbərlər yayılıb.
ABŞ müdafiə naziri Pit Heqset isə bu xəbərlərin “tamamilə yanlış təqdim edildiyini” deyib, ordunun heyətə dəstək üçün mümkün olanı etdiyini bildirib.
USS Abraham Linkoln 2025-ci ilin noyabrında San-Dieqodan çıxıb, səkkiz aydan çoxdur Yaxın Şərqdədir. Gəmi 200 gündən çoxdur böyük limanlardan heç birinə daxil olmayıb.
ABŞ təyyarədaşıyanlarının missiyaları adətən altı-doqquz ay çəkir, amma müharibə dövründə bu müddət uzadıla bilər.
Husilər Səudiyyə Ərəbistanına dron zərbələri endirdiklərini bildiriblər
Yəməndə İranın dəstəklədiyi husi üsyançıları avqustun 20-də Səudiyyə Ərəbistanına dron zərbələri endirdiklərini bildiriblər. Sərhədə yaxın Nəcran bölgəsində hava limanına və neft obyektinə hücumların uğurlu olduğu açıqlanıb.
Husilərin hərbi sözçüsü Yəhya Sari Telegram-da yazıb ki, Nəcran hava limanında mühüm obyekt və Aramco obyekti hədəfə alınıb.
Səudiyyə Ərəbistanı rəsmiləri, dövlətə məxsus Aramco neft şirkəti bu iddiaları təsdiqləməyib.
Bundan az əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirmişdi ki, Səudiyyə Ərəbistanı husiləri “cilovlaya bilməyəcək”. ABŞ husiləri terror təşkilatı kimi tanıyır.
2014-cü ildə Yəməndə husilər paytaxt Sənanı ələ keçirərək beynəlxalq səviyyədə tanınan, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti hakimiyyətdən salıb. Bununla ölkədə vətəndaş müharibəsi başlayıb. 2022-ci ildə atəşkəs əldə olunub və son vaxtlaradək qüvvədə olub.
İyulda husilər Sənada İran təyyarəsini qarşılayıb, bundan sonra hücumlar başlayıb. Sonradan husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib, Səudiyyə gəmiləri, hava limanları və neft obyektlərinə qarşı hücumlara başlayıblar.
İran Fransaya xəbərdarlıq edib
İran avqustun 23-də bəyan edib ki, iki iranlı diplomatın ölkədən çıxarılması Tehranla Parisin münasibətlərini daha da pisləşdirəcək.
“Tasnim” xəbər agentliyinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bunu İranın Sosial Məsələlər Təşkilatının rəhbəri ilə birgə mətbuat konfransında deyib.
Bəqayi Fransanın qərarını əsassız adlandırıb, ikitərəfli münasibətlər üçün dağıdıcı nəticələrlə bağlı xəbərdarlıq edib.
Mübahisə iyulda başlayıb, Tehrandakı Fransa səfirliyinin iki əməkdaşı İranda saxlanıb. Fransa onların “Villa Zadig” mədəni mübadilə proqramı çərçivəsində görüşə qatıldıqlarını bildirib, İranı onların diplomatik toxunulmazlığını pozmaqda ittiham edib. İran isə ittihamları rədd edib, fransalı əməkdaşları təxribatçılıqda günahlandırıb, onlardan ölkəni tərk etməyi tələb edib, arzuolunmaz şəxs elan edib.
Fransa cavabında avqustun 18-də iki iranlı diplomatı ölkədən çıxarıb.
Bəqayi Qərb ölkələrini vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarından İranın daxili işlərinə müdaxilə vasitəsi kimi istifadə etməkdə suçlayıb.