İran: ABŞ şərtləri yerinə yetirənəcən Hörmüz bağlı qalacaq
ABŞ iyunda İranla imzalanmış aralıq razılaşmanın şərtlərini yerinə yetirənəcən Hörmüz boğazı bağlı qalacaq. İranın danışıqlarda əsas təmsilçisi Məhəmməd Bağır Qalibafın bu açıqlamasını avqustun 18-də dövlət mediası yayıb.
Bu şərtlərə ABŞ-nin İran limanlarına blokadanı aradan qaldırması, neft sanksiyalarını ləğv etməsi, Tehranın dondurulmuş aktivlərini azad etməsi, bütün cəbhələrdə təhdidlərə və hərbi əməliyyatlara son qoyması daxildir. Qalibaf bunu parlamentdə çıxışında deyib.
Anlaşma memorandumu iyunun 17-də əldə edilib, Hörmüzə nəzarətlə bağlı fikir ayrılığına görə az sonra pozulub. Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın 20 faizi bu su yolu ilə daşınırdı.
ABŞ prezidenti Donald Tramp iyulun 7-də razılaşmanın “bitdiyini” bildirib, bir həftə sonra İran Xarici İşlər Nazirliyi onun “dayandırıldığını” elan edib.
Anlaşma memorandumuna görə, İran və ABŞ maksimum 60 gün ərzində danışıqlar aparmağı öhdələrinə götürmüşdülər. Yekun razılaşma Tehranın nüvə proqramının gələcəyi daxil daha geniş məsələləri əhatə etməliydi. Qarşılıqlı razılıq əsasında bu müddət uzadıla bilərdi.
İranın yüksək vəzifəli rəsmisi avqustun 17-də “Reuters”ə bildirib ki, münaqişəyə birdəfəlik son qoyacaq diplomatik səylərin dalana dirənməsi İranı bundan sonra “tam hücum mövqeyinə” keçməyə vadar edəcək.
ABŞ-İran sülhünə ümidlər azalır. Neft bahalanır
Yaxın Şərqdə sülh razılaşmasına ümidlərin zəifləməsi fonunda neftin qiymətləri yüksəlir.
Brent markalı neftin fyuçersləri 7 sent və ya 0,08 faiz bahalaşaraq bir barel üçün 90,94 dollara çatıb. ABŞ-nin West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri isə 53 sent və ya 0,63 faiz artaraq 85,03 dollar olub.
ING təhlilçilərinə görə, ABŞ prezidenti Donald Trampın ABŞ-İran sülh razılaşmasını uzatmamaq qərarı bazardakı əhval-ruhiyyəni dəstəkləyir, Hörmüz boğazında təhlükəsizlik sarıdan narahatlıqlar da öz sözünü deyir.
ABŞ isə atəşkəs razılaşmasının müddətinin uzadılmasını istisna edib, İran isə daha hücumçu mövqe tutacağını bildirib.
Hazırda strateji Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar, dayanıb. Sülh danışıqlarında proqresin olmaması isə münaqişənin uzanması təhlükəsini artırır.
İranın təmsilçisi Məhəmməd Baqir Qalibaf deyib ki, Vaşinqton aralıq razılaşmanın şərtlərini yerinə yetirməsə Hörmüz bağlı qalacaq.
Heç bir razılaşmanın olmaması dördüncü rübdə, hətta 2027-ci ildə neft qiymətləri ilə bağlı gözləntilərə təsir göstərəcək. Bunu "Reuters"ə DBS Bankın enerji araşdırmaları şöbəsinin rəhbəri Suvro Sarkar söyləyib.
BƏƏ İranla bütün kommersiya əməliyyatlarını dayandırıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi avqustun 18-də İranla bütün ticarət və maliyyə əlaqələrini dayandırdığını bəyan edib.
“Regional və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən regional eskalasiya fonunda İranla bütün ticarət, kommersiya mübadilələri və maliyyə əməliyyatları dayandırılıb”, – nazirliyin X hesabında yayımlanan bəyanatda deyilir.
Bu açıqlamadan əvvəl BƏƏ İranın iki raketinin dəniz naviqasiyasını hədəf götürdüyünü bildirmişdi. Ancaq raketlərin BƏƏ-nin ərazi sularına daxil ola bilmədiyi görünür.
İran BƏƏ-nin iddiasını rədd edib. Xarici İşlər Nazirliyi bəyan edib ki, BƏƏ-nin davranışı “mehriban qonşuluq prinsipinə” ziddir, regionda eskalasiyanı önləmək səylərinə mane olur.
İran Körfəz ölkələrinə 'ABŞ ordusuna yardım etməyin' deyir
Tehran Fars körfəzi ölkələrinə ABŞ ordusuna yardım göstərməmələri üçün növbəti xəbərdarlıq edib.
İran mediası avqustun 19-da İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahinin müraciətini yayıb. Abdullahi deyir ki, ABŞ ordusuna “istənilən yardım ABŞ hərbi əməliyyatında iştiraka bərabərdir”.
Abdullahi Körfəz ölkələrinin ABŞ-nin İrana hücumlarına yardım etmədikləri barədə bəyanatlarını şübhə altına alıb.
“Bu qədər hərbi təyyarənin, xüsusilə yanacaqdolduran təyyarələrin ev sahibi ölkələrin xəbəri olmadan regiondakı bazalarda yerləşməsi inandırıcı görünmür… Heç nə diqqətimizdən yayınmır”, – o bildirib.
Baş qərargah rəisi həmin ölkələrin ABŞ-yə hücumlarda yardım etməsinə heç bir sübut təqdim etməyib.
ABŞ Körfəzin bir neçə ölkəsində hərbi baza saxlayır. Amma regiondakı ərəb dövlətləri ərazilərinin İrana qarşı hücumların həyata keçirilməsi üçün istifadəsinə icazə vermədiklərini deyirlər.
Bu xəbərdarlıqdan əvvəl Birləşmiş Ərəb Əmirlikləri İranla bütün ticarəti, kommersiya mübadilələrini və maliyyə əməliyyatlarını dayandırdığını açıqlayıb.
Əbu-Dabi bildirib ki, İran BƏƏ sahilləri yaxınlığında dəniz nəqliyyatını hədəfləyən iki ballistik raket atıb, hər iki raket dənizə düşüb.
İran bu ittihamı rədd edib.