CENTCOM ilk çoxmillətli dron qüvvələrinin yaradıldığını elan edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də "ilk çoxsahəli, çoxmillətli zərbə dronları üzrə əməliyyat qrupu"nun yaradılması prosesinə başladığını açıqlayıb.
""Task Force Falcon Strike" adlanan bu bölmə kamikadze-dronlarla təchiz ediləcək. Havada, suyun səthində və sualtı mühitdə fəaliyyət göstərən dronların idarə edilməsini ABŞ və regional tərəfdaşların hərbi personajı həyata keçirəcək", – CENTCOM-un bəyanatında deyilir.
Vaşinqton Yaxın Şərqdəki tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper bildirib ki, bu yeni imkanların birgə tətbiqi "üfüqdəki yeni imkanları sürətlə reallaşdırmağa kömək edəcək".
"ABŞ ordusunun regionda çoxlu güclü tərəfdaşları və dostları var. Yeni imkanları inteqrasiya edib birlikdə tətbiq etdikdə birlikdə daha güclü oluruq", – Kuper vurğulayıb.
Hörmüzdə gəmilərin hərəkəti dayanıb
Gəmi izləmə məlumatları ötən həftəsonu Hörmüz boğazından gəmilərin hərəkətinin kəskin azaldığını göstərir. Bu, Vaşinqtonla Tehran arasında danışıqların dalana dirənməsi fonunda baş verir.
“Kpler” datasına görə, avqustun 15-də boğazdan yük daşıyan beş gəmi keçib, avqustun 16-da isə heç bir gəminin keçidi qeydə alınmayıb.
Ötən həftə Əbu-Dabi Milli Neft Şirkətinin idarə etdiyi üç gəmiyə hücumdan sonra gəmilər boğazdan keçməkdən çəkinir.
Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan Tehran Hörmüz boğazını faktiki bağlayıb. Amma bəzi razılaşmalar gəmilərin boğazdan keçməsinə imkan verib. ABŞ və İranın bu razılaşmaları dəfələrlə pozulub və nəticədə regionda qarşılıqlı hava hücumları baş verib.
Vaşinqton hələ də İran limanlarını blokadada saxlayır və bunun qeyri-müəyyən müddətədək davam edəcəyini bildirir.
Tehran israr edir ki, gəmilərin hərəkətinin bərpası üçün Vaşinqton İranın Hörmüz boğazı ilə bağlı şərtlərini yerinə yetirməlidir. Müharibədən əvvəl dünya üzrə xam neft və təbii qaz tədarükünün təxminən 20 faizi Hörmüzdən keçirdi.
Hörmüzdən çıxan gəmi Oman sularında hücuma məruz qalıb
Hörmüz boğazından çıxan gəmi “naməlum mərmi” ilə vurulub, gəminin mühərrik bölməsinə ziyan dəyib, ekipaj üzvlərindən biri yaralanıb. Məlumatı Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) yayıb.
UKMTO avqustun 18-də bildirib ki, gəminin ekipajının qalan üzvlərinə Oman Sahil Mühafizəsi yardım göstərir, detallar araşdırılır.
Hörmüzdə gəmilərin hərəkəti ciddi məhdudlaşdırılıb. Avqustun 17-də Hörmüz boğazından altı gəmi keçib, bir gün öncə onların sayı iki olub.
Amma Hörmüzdən keçən gəmilərin sayı fevralın sonunda müharibə başlayandan əvvəlki səviyyədən xeyli aşağıdır. Müharibədən əvvəl Hörmüz boğazından gündə 130-dan çox gəmi keçirdi.
İranın Cənubi Pars kompleksində qaz hasilatı 30 faiz azalıb
Bu ilin əvvəlində ABŞ və İsraillə müharibə zamanı zərbələrin Cənubi Pars qaz kompleksinə vurduğu ziyan qaz hasilatını təxminən 30 faiz azaldıb. Bunu İran Neft Sənayesi Federasiyasının rəhbəri İrfan Əfəzəli “Entebbe” xəbər agentliyinə deyib.
“Son müharibədə dörd neftayırma zavodumuz düşmənin hücumuna məruz qalıb. Emal imkanlarının çatışmazlığı Cənubi Parsın hasilat gücünü təxminən 30 faiz azaldıb”, – o vurğulayıb.
Əfəzəlinin sözlərinə görə, bu zavodların yenidən qurulması və təmiri ən azı “ilyarımdan iki ilədək” çəkəcək, bundan ötrü vacib resurslar “ölkə daxilində tam mövcud deyil və ya ən azı indiki şəraitdə prioritet sayılmır”.
O, İranın payız və qış aylarında qaz çatışmazlığı ilə üzləşəcəyini vurğulayıb..
İsrail martın sonlarında Cənubi Pars obyektlərini hədəf alıb. ABŞ prezidenti Donald Tramp ABŞ və Qətərin bu hücumlarda heç bir rolunun olmadığını bildirib.
İran isə bu hücumlara cavab olaraq Qətər və Səudiyyə Ərəbistanının enerji infrastrukturunu raket və dron zərbələri ilə hədəf götürüb.