Keçid linkləri

2026, 02 İyul, cümə axşamı, Bakı vaxtı 05:12
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

ABŞ-nin İranla çərçivə razılaşması bazarlara dərhal müsbət təsir göstərib: səhmlər bahalaşıb, neft ucuzlaşıb. Amma bunun uzunmüddətli iqtisadi faydaya çevrilə bilməsi Hörmüz boğazından daşımaların bərpasından asılı olacaq.

Hörmüz boğazından kommersiya daşımaları kəskin artıb

İran-ABŞ razılaşması çərçivəsində Hörmüz boğazının yenidən açılmasından sonra buradan keçən kommersiya gəmilərinin sayı xeyli çoxalıb.

Dəniz nəqliyyatını izləyən "AXSMarine" şirkəti iyunun 19-da bildirib ki, iyunun 18-də boğazdan 25 kommersiya gəmisinin keçidi təsdiqlənib. Bu, aprelin 18-dən bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir və iyunun ilk 10 gününün orta gündəlik səviyyəsindən beş dəfədən çoxdur.

Normal şəraitdə qlobal neft və mayeləşdirilmiş təbii qaz ixracının təxminən beşdə biri Hörmüzdən keçir. Fevralın 28-də ABŞ və İsrailin zərbələri başlayandan bəri İran boğazı faktiki olaraq bağlamışdı ki, bu da dəniz daşımalarının həcmini kəskin azaltmışdı. Münaqişədən əvvəl isə boğazdan gündə təxminən 120 gəmi keçirdi.

Amma gəmiçilik şirkətləri xəbərdarlıq edirlər ki, gəmi hərəkətinin tam təhlükəsiz bərpası üçün mexanizmlər hələ də tam aydın deyil. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, hazırda Fars körfəzində 500-dən çox kommersiya gəmisi və təxminən 11 min dənizçi ilişib qalıb. Qurum bildirib ki, strateji əhəmiyyətə malik bu su yolundan təhlükəsiz keçidin təmin olunması üçün planlar üzərində işləyir.

İran Hörmüz ödənişlərini 60 günlüyə dayandırıb

İran bəyan edib ki, ABŞ ilə 60 günlük danışıqlar dövründə Hörmüz boğazından istifadə üçün planlaşdırılan rüsumlar tətbiq olunmayacaq.

İranın Hörmüz boğazına nəzarət edən qurumu – Fars Körfəzi Boğazları İdarəsi (PGSA) iyunun 19-da bildirib ki, müvəqqəti razılaşma qüvvədə olduğu müddətdə boğazdan keçmək istəyən gəmilər tranzit müraciətlərini ən azı 48 saat əvvəl təqdim etməlidirlər.

Rəsmi Tehran bu müddət ərzində təhlükəsizlik, ətraf mühit xidmətləri və əlaqəli sığorta xidmətləri üzrə ödənişləri almayacaq.

Bununla yanaşı, boğazın bəzi hissələrində minaların olması səbəbindən təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə gəmilər öz marşrutlarını və keçid vaxtlarını əvvəlcədən İranla razılaşdırmalı olacaqlar.

Tehran: ABŞ ilə danışıqlarda 'qırmızı xətlər' qüvvədədir

İranın danışıqlardakı baş təmsilçisi Məhəmməd Baqir Qalibaf iyunun 19-da bildirib ki, bu həftə iki ölkə arasında müharibəyə son qoyan razılaşmaya baxmayaraq, ABŞ ilə qarşıdakı danışıqlar Tehranın "qırmızı xətləri" çərçivəsində aparılacaq.

IRNA dövlət xəbər agentliyinin yaydığı açıqlamaya görə, Qalibaf vurğulayıb ki, İran öz milli maraqlarını qoruyacaq və razılaşdırılmış hədləri keçmək cəhdlərinə sərt cavab veriləcək: "Əgər düşmən həddini aşmağa çalışarsa, biz artıq göstərmişik ki, barmaqlarımız tətikdədir".

Qalibafın bəyanatından əvvəl İranın ali rəhbəri Müctəba Xamenei razılaşmaya dəstək bildirib. Xamenei eyni zamanda vurğulayıb ki, Vaşinqtonla birbaşa danışıqlar "düşmənin baxışlarının qəbul edilməsi anlamına gəlmir".

İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Trampın imzaladığı anlaşma memorandumu İranın nüvə proqramı və sanksiyaların yumşaldılması ilə bağlı 60 günlük danışıqlar prosesinin əsasını qoyur.

İranda mühafizəkar dairələr isə ABŞ-nin niyyətlərinə şübhə ilə yanaşırlar. Ultra-mühafizəkar "Kayhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib ki, amerikalılar heç bir öhdəliklərinə əməl etmirlər. Bəzi iranlı deputatlar isə ölkənin nüvə obyektlərində mümkün beynəlxalq yoxlamalarla bağlı narahatlıqlarını ifadə ediblər.

Davamı

XS
SM
MD
LG