Fatih Birol Hörmüz barədə: 'Vaza artıq qırılıb'
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol İranla müharibəyə son qoyan müvəqqəti razılaşmanı alqışlayıb. O, qlobal enerji bazarlarında etimadın bərpası üçün Hörmüz boğazının heç bir şərt olmadan yenidən açılmasına çağırıb.
Birol iyunun 18-də İstanbulda keçirilən tədbirdə deyib ki, münaqişə dövründə İranın strateji su yolunu bağlaması və bunun gələcəkdə oxşar pozuntulara həssaslığı üzə çıxarması bir sıra ölkələri enerji siyasətlərinə yenidən baxmağa vadar edib.
ABŞ-İran sazişi qlobal neft və qaz tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazının yenidən açılmasını, həmçinin Birləşmiş Ştatların İrana qarşı dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutur. BEA-nın hesablamalarına görə, bu addım Yaxın Şərqdə gündəlik 14 milyondan çox barel neft ixracını önləyən pozuntulara son qoya bilər.
Birol bildirib ki, agentlik yeni enerji təhlükəsizliyi strategiyalarını hökumətlərlə müzakirə edəcək. Onun sözlərinə görə, son böhran qlobal enerji təchizatı marşrutlarına baxışı köklü şəkildə dəyişib.
"Vaza artıq qırılıb. İndi bütün tərəflər bilir ki, Hörmüz boğazı bir dəfə bağlanıb və yenə bağlana bilər", – Birol vurğulayıb.
Tramp İran sazişini tənqid edənləri 'qısqanc və ya axmaq' adlandırıb
ABŞ prezidenti Donald Tramp Tehran və Vaşinqtonun imzaladığı anlaşma memorandumunu tənqid edənlərə sərt cavab verib.
Tramp sazişi imzaladıqdan bir gün sonra, iyunun 18-də özünün "Truth Social" platformasında yazıb: "Birjaların rekord həddə çatdığı, neft qiymətlərinin isə sürətlə aşağı düşdüyü halda mənim İrana qarşı kifayət qədər sərt olmadığımı düşünən bu axmaqlar ya qısqancdırlar, ya pis insanlardırlar, ya da sadəcə axmaqdırlar".
İran və ABŞ iyunun 17-də müharibəyə son qoymaq barədə razılaşma elan edəndən sonra dünya bazarlarında neft kəskin ucuzlaşıb, bir çox ölkələrdə səhmlərin qiyməti yüksəlib, ABŞ fond indeksləri isə rekord səviyyələrə çatıb.
Eyni zamanda, ABŞ-də razılaşmanı tənqid edənlər də az deyil. Bəzi respublikaçı siyasətçilər sazişin şərtlərini sual altına alıblar.
İsrailin reaksiyası da əsasən mənfi olub. Bir sıra siyasətçilər və şərhçilər sazişin İrana həddindən artıq güzəşt nəzərdə tutduğunu iddia ediblər.
Xamenei Pezeşkianın zəmanətindən sonra ABŞ ilə razılaşmanı qəbul edib
İranın ali lideri Müctəba Xamenei bildirib ki, o, ilkin olaraq ABŞ ilə imzalanmış anlaşma memorandumuna qarşı çıxıb, amma İran prezidenti Məsud Pezeşkianın təminatlarından sonra sənədi qəbul edib.
"Prinsip etibarilə mən fərqli mövqedə idim. Amma hörmətli prezidentin, Ali Milli Təhlükəsizlik Şurasının sədri qismində həm öz adından, həm də digər üzvlər adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaq öhdəliyi götürməsi və bu məsələdə məsuliyyəti açıq şəkildə qəbul etməsi fonunda buna icazə verdim", – Xamenei iyunun 18-də yayımlanan yazılı müraciətində vurğulayıb.
Xamenei əlavə edib ki, Pezeşkian ABŞ aşırı tələblər irəli sürərsə, İranın bunlara boyun əyməyəcəyinə dair ona zəmanət verib: "Məsud Pezeşkian mənə aydın şəkildə bildirib ki, əgər Amerika tərəfi həddindən artıq tələblər irəli sürməyə çalışarsa, onlar buna tabe olmayacaqlar".
M.Xamenei martın 8-də atasının yerinə ali rəhbər seçiləndən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun atası, keçmiş ali rəhbər Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin birgə hava zərbəsi nəticəsində həlak olub.
M.Pezeşkian və ABŞ prezidenti Donald Tramp iyunun 17-də təxminən dörd aydır davam edən müharibəyə son qoymağı hədəfləyən çərçivə razılaşmasını imzalayıblar. Müvəqqəti razılaşmaya əsasən, Tehran və Vaşinqtonun yekun saziş əldə etməsi üçün 60 gün vaxtı var. Bu saziş İranın nüvə proqramına məhdudiyyətlərin qoyulmasını və ABŞ sanksiyalarının ləğvini nəzərdə tutur.
Xamenei müraciətində bildirib: "Bu andan etibarən biz, yəni siz – qürurlu xalq və mən müəyyən edilmiş şərtlərin yerinə yetirilməsini gözləyəcəyik".
"Tamamilə aydındır ki, gələcəkdə baş tuta biləcək hər hansı üzbəüz danışıqlar düşmənin mövqeyinin qəbul edilməsi kimi yozulmamalıdır", – Xamenei vurğulayıb.
ABŞ İrana qarşı dəniz blokadasını dayandırdı: Hərbi gəmilər bölgədə qalır
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran gəmilərinə və limanlarına qarşı tətbiq olunan dəniz blokadasının ləğv edildiyini təsdiqləyib.
"ABŞ ordusunun dəniz blokadasının icrası ilə bağlı bütün tədbirləri dayandırılıb", – CENTCOM-un X platformasındakı bəyanatında bildirilib.
Açıqlamada həmçinin vurğulanıb ki, "böyük hərbi gəmilər razılaşmanın bütün müddəalarının yerinə yetirilməsini, ona əməl olunmasını və tam qüvvədə qalmasını təmin etmək məqsədilə bölgədə qalacaq".
ABŞ İran iqtisadiyyatının əsas gəlir mənbəyi olan neft ixracının qarşısını almaq məqsədilə aprelin ortalarında dəniz blokadası tətbiq etmişdi.
İki ölkənin iyunun 17-də imzaladığı çərçivə razılaşmasında Vaşinqtonun dəniz blokadasını ləğv etməsi, Tehranın isə qlobal neft və qaz tədarükü üçün mühüm nəqliyyat marşrutu olan Hörmüz boğazını yenidən açması nəzərdə tutulub.