Müharibə İranın əsas texnologiya universitetinə 49 milyon dollar ziyan vurub
ABŞ və İsraillə müharibə İranın Şərif Texnologiya Universitetinə təxminən 48.8 milyon dollar məbləğində ziyan vurub. Hökumətin avadanlıqların və texnoloji infrastrukturun bərpası üçün ayırdığı vəsait isə Tehrandakı bu ali təhsil müəssisəsinin ehtiyac duyduğu resursların yalnız dörddə birini qarşılayır.
Universitetin rəhbəri Məsud Təcrişi iyunun 17-də bildirib ki, dəymiş zərər təhsil ocağının texnoloji imkanlarının əhəmiyyətli hissəsini əhatə edir.
"Universitet hazırda çox məhdud imkanlarla işləyir. Süni intellekt sistemi də daxil olmaqla, bəzi xidmətlər tamamilə dayanıb, superkompüterlərin hesablama sürəti isə 10 faizə enib", – o deyib.
Təcrişinin sözlərinə görə, Elm Nazirliyi universitetə kompensasiya olaraq cəmi 14.6 milyon dollar ayırıb ki, bu da tələb olunan vəsaitin təxminən 25 faizinə bərabərdir.
O bildirib ki, növbəti bir il ərzində hərbi əməliyyatlar nəticəsində itirilmiş xidmət və imkanların cəmi 25 faizinin bərpa olunacağı gözlənilir.
Şərif Texnologiya Universiteti aprelin 7-də ABŞ və İsrailin hava zərbələrinin hədəfinə çevrilib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən təhsil müəssisəsinin əsas hesablama mərkəzi bombardman nəticəsində dağıdılıb.
Tramp: 'Razılaşma xoşuma gəlməsə, yenidən atəş açacağıq'
ABŞ prezidenti Donald Tramp iyunun 17-də bildirib ki, İran öhdəliklərinə əməl etməsə, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır. Tərəflər iyunun 19-da müharibəni bitirəcək razılaşmanı imzalamalıdır.
"Xeyr, bu yekun sənəd deyil, anlaşma memorandumudur", – Tramp G7 sammitində bildirib. Sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır.
"Əgər bu razılaşma xoşuma gəlməsə, onlara yenidən atəş açacağıq", – Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə çıxışı zamanı deyib.
Tramp qeyd edib ki, İran İslam Respublikası 1979-cu ildə ABŞ-ın müttəfiqi olan şah rejiminin devrilməsindən sonra yaranıb və "47 il ərzində aqressiv siyasət yürüdüb".
Ağ ev rəhbəri memorandum çərçivəsində Birləşmiş Ştatların İrana 300 milyard dollar sərmayə yatıracağına dair məlumatları təkzib edib, bu iddiaların həqiqətə uyğun olmadığını bildirib. Bununla belə, o qeyd edib ki, Vaşinqton digər ölkələrin İrana investisiya qoymasına mane olmayacaq.
Tramp sənəddə sanksiyaların dərhal ləğvinin nəzərdə tutulduğu barədə iddiaları da rədd edib. Onun sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması gələcək danışıqların nəticələrindən və Tehranın öhdəliklərə əməl etməsindən asılı olacaq.
ABŞ və İsrailin İrana qarşı müharibəsi fevralın 28-də ali lider Əli Xamenei və digər yüksək rütbəli rəsmilərin hava zərbələri ilə öldürülməsindən sonra başlayıb.
İsveçrədə memorandumun imzalanmasından dərhal sonra ABŞ və İran münaqişənin yekun həllinə dair müzakirələrə başlamalıdır. Tərəflər sazişin detallarını dəqiqləşdirmək üçün 60 gün boyunca yeni danışıqlar aparacaqlar.
Bu arada "Böyük Yeddilik" (G7) ölkələrinin liderləri iyunun 17-də Livanda atəşkəsə çağırış ediblər. Onlar İranla müharibəyə cavab olaraq enerji təchizatı marşrutlarını şaxələndirəcəklərini, bununla da Hörmüz boğazından asılılığı azaldacaqlarını bildiriblər. Liderlər müharibəyə son qoymağı hədəfləyən aralıq razılaşmanı alqışlayıblar.
Müharibə nəticəsində əksəriyyəti İran və Livan vətəndaşları olmaqla 7 mindən çox insanın həlak olduğu bildirilir.
Tramp və Pezeşkian ilkin sülh sənədini imzaladılar
ABŞ və İran prezidentləri anlaşma memorandumu imzalayıblar. Bu sənəd münaqişəyə son qoymağa yönəlmiş və dərhal qüvvəyə minən ilkin sülh razılaşması kimi təqdim olunur.
ABŞ prezidenti Donald Tramp memorandumu iyunun 17-də, G7 sammitindən sonra Versal Sarayında təşkil olunan şam yeməyi zamanı imzalayıb. Ağ evin və Fransa prezidenti Emmanuel Makronun "X" platformasında paylaşdığı videodan Trampın sənədi imzaladığı görünür.
Tramp sənədə imza atarkən, "Bu, asan olmadı", – deyə bildirib. Bu zaman tədbirə ev sahibliyi edən Fransa prezidenti . Makron və digər qonaqlar onu alqışlayıblar.
Makron "X" hesabında qeyd edib ki, bu razılaşma davamlı sülhə yol açır və Hörmüz boğazının yenidən açılmasına imkan verir.
İranın İRNA dövlət xəbər agentliyi isə İran prezidenti Məsud Pezeşkianın İran-ABŞ razılaşmasını imzaladığı fotoları yayımlayıb. Fotolarda İran prezidentinin sənədin səhifələrini kameralara göstərdiyi, sənəddə həm onun, həm də ABŞ prezidentinin imzalarının olduğu əks olunub.
Razılaşmanın əldə olunmasına vasitəçilik edən Pakistanın baş naziri Şahbaz Şərif "X" platformasında bildirib ki, saziş dərhal qüvvəyə minir.
ABŞ-ın yüksək vəzifəli rəsmiləri İranla Parisdə imzalanmış çərçivə sazişinin detallarını açıqlayıblar. İyunun 17-də qapalı brifinqdə açıqlanan sənədə əsasən, bu anlaşma Livan daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılmasını, Hörmüz boğazının ticarət gəmiləri üçün yenidən açılmasını və ABŞ-ın İrana qarşı dəniz blokadasının ləğvini nəzərdə tutur.