Netanyahunun ofisi: 'Tramp İsraili İranın nüvə materialları ilə bağlı əmin edib'
İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp ona təminat verib ki, Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmada İranın zənginləşdirilmiş nüvə materialları ehtiyatlarının ölkədən çıxarılması bəndi mütləq yer alacaq.
Netanyahunun ofisi bu barədə iyunun 11-də "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilir ki, Tramp və Netanyahu telefon danışığı zamanı İranla danışıqlara başlamaq üçün hazırlanmış anlaşma memorandumunu (MOU) müzakirə ediblər: "İsrail bu anlaşma memorandumunun tərəfi olmasa da, baş nazir prezident Trampın öhdəliyini yüksək qiymətləndirib. Belə ki, danışıqların sonunda əldə olunacaq yekun razılaşmaya zənginləşdirilmiş materialların ölkədən çıxarılması, uranın zənginləşdirilməsi infrastrukturunun sökülməsi, raket istehsalına məhdudiyyətlər qoyulması və İranın regiondakı terrorçu proksi qüvvələrinə dəstəyinin dayandırılması bəndləri salınacaq".
D.Tramp iyunun 11-də bəyan edib ki, Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün İranla "möhtəşəm razılaşma" əldə olunub və sənəd artıq bu həftəsonu Avropada imzalana bilər.
"İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə razılığa gəlmişik. Bütün bu prosesdən keçməyimizin əsas məqsədi də məhz bu idi. Bu, çox böyük bir hadisədir", –Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.
Trampın 'möhtəşəm razılaşma' açıqlaması nefti ucuzlatdı
ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi zərbələri ləğv etməsi və "möhtəşəm razılaşma" anonsu nefti kəskin ucuzlaşdırıb.
İyunun 11-də "Brent" markalı neftin fyuçersləri 2.72 dollar (2.9 faiz) ucuzlaşaraq bir barel üçün 90.38 dollarda qərarlaşıb. İyunun 12-də Asiya bazarlarında ticarətin ilk saatlarında eniş davam edib və "Brent" neftinin qiyməti 88.40–88.65 dollar aralığına düşüb.
ABŞ-nin WTI markalı neftinin fyuçersləri isə iyunun 11-də 2.32 dollar (2.6 faiz) azalaraq bir barel üçün 87.71 dollara enib. İyunun 12-də qiymətlər 86–86.70 dollar diapazonunda ticarət olunub.
Tramp iyunun 11-də bildirib ki, Hörmüz boğazının yenidən açılmasına yol açacaq sazişin yaxın günlərdə, böyük ehtimalla, bu həftəsonu Avropada imzalanacağını gözləyir.
Neftin ucuzlaşması Asiya fond bazarlarında yüksəlişə rəvac verib. Yaponiyanın "Nikkei 225" indeksi iyunun 12-də günün ilk yarısında 3 faizdən çox artaraq 66.000–66.500 bənd səviyyəsinə çatıb.
İran mediası ABŞ ilə gizli sazişin layihəsini yayıb
İran və ABŞ arasında hazırlanan anlaşma memorandumunun layihəsində Tehranın nüvə silahı hazırlamamaq öhdəliyi yer alıb. Bu barədə İranın dövlətə bağlı "Mehr" xəbər agentliyi iyunun 12-də adını açıqlamadığı rəsmi mənbəyə istinadən məlumat yayıb. Layihədə Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların həmişəlik dayandırılması, Hörmüz boğazının 30 gün ərzində yenidən açılması və İranın nüvə proqramı üzrə yekun sazişin əldə olunması üçün 60 günlük danışıqlar mərhələsinin başladılması nəzərdə tutulur.
AzadlıqRadiosu bu iddiaları hələlik digər müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
ABŞ prezidenti Donald Tramp iyunun 11-də bəyan edib ki, fevralın 28-də başlamış müharibəyə son qoymaq üçün İranla "möhtəşəm razılaşma" əldə olunub və sənədin yaxın günlərdə imzalanması gözlənilir.
"İranın heç vaxt nüvə silahına sahib olmayacağı ilə bağlı razılığa gəlmişik. Bütün bu prosesdən keçməyimizin əsas məqsədi də məhz bu idi", –Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında bildirib. Ağ ev isə gözlənilən sazişin məzmunu barədə hələlik əlavə şərh verməyib.
Agentlik sənəddə Tehranın xeyrinə olan mühüm bəndlərin də yer aldığını iddia edir: bura İrana qarşı dəniz blokadasına son qoyulması, ABŞ ordusunun İran ətrafındakı bölgələrdən çıxarılması, sanksiyaların dayandırılması və dondurulmuş 24 milyard dolların geri qaytarılması daxildir.
"Mehr" İran Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən yazıb ki, sənədin rəsmən qüvvəyə minməsi üçün İran rəhbərliyinin yekun təsdiqi tələb olunur.
Adətən danışıqlar prosesində İran dövlət mediasından müəyyən ideyaları gündəmə gətirmək və ya konkret şərtləri irəli sürmək üçün tez-tez manipulyasiya vasitəsi kimi istifadə olunur. Bu səbəbdən sızdırılan bənzər məlumatlar bir çox hallarda sonradan qeyri-dəqiq və ya natamam çıxır.
'Reuters': ABŞ-İran sülh memorandumu bazar günü Cenevrədə imzalana bilər
"Reuters" agentliyi Qərb mənbələrinə istinadən yazır ki, ABŞ və İran arasında hazırlanan sülh memorandumu artıq bu bazar günü – iyunun 14-də imzalana bilər. Sənədin imzalanması üçün ən real məkan kimi Cenevrə şəhəri nəzərdən keçirilir.
Mənbənin bildirdiyinə görə, memorandumun mətni üzərində iş hələ də davam edir. İran Livandakı hərbi əməliyyatların dayandırılması bəndinin mütləq şəkildə razılaşmaya salınmasında təkid edir. İsrail ordusu hazırda bu ölkədə İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatlar aparır. ABŞ "Hizbullah"ı terror təşkilatı sayır, Avropa İttifaqı (Aİ) isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.
Agentlik yazır ki, məqsəd sənədin mətnini şənbə gününədək yekunlaşdırmaqdır. Sazişin ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalanacağı gözlənilir.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl bildirmişdi ki, tərəflər arasında razılıq əldə olunduğu üçün İrana qarşı planlaşdırılan yeni hərbi zərbələri təxirə salır.
İran rəsmilərinin iyunun 12-dəki açıqlamaları hazırlanan sənədin Tehranın şərtlərini böyük ölçüdə qarşıladığını göstərir. "Reuters"in iranlı mənbəsi bildirib ki, layihədə neft sanksiyalarının ləğvi, milyardlarla dollar dondurulmuş vəsaitin qaytarılması və Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılması yer alıb.
Nüvə proqramı ilə bağlı fundamental məsələlər isə növbəti danışıqlar mərhələsinə saxlanılıb. Vaşinqton bu saziş vasitəsilə İranın nüvə silahına sahib olmayacağını rəsmən təsbit etməyə çalışır. Tehran isə öz növbəsində heç vaxt nüvə silahı hazırlamaq niyyətində olmadığını iddia edir.