Sülh elan olundu, neft ucuzlaşdı, birjalar bahalaşdı
ABŞ və İran Yaxın Şərqdə müharibəni dayandırmaq üçün çərçivə razılaşması əldə etdiklərini açıqladıqdan sonra, iyunun 15-də neft kəskin ucuzlaşıb, Asiya fond bazarlarında isə kəskin yüksəliş qeydə alınıb.
ABŞ-nin WTI markalı neftinin qiyməti 4.7 faiz azalaraq bir barel üçün 80.89 dollara düşüb. "Brent" markalı neft isə 4 faiz ucuzlaşaraq 83.81 dollara geriləyib.
Paralel olaraq, Yaponiyanın "Nikkei 225" fond indeksi 5 faiz, Cənubi Koreyanın əsas "Kospi" indeksi isə 5.5 faiz yüksəlib. ABŞ fond indeksləri üzrə fyuçerslər də əhəmiyyətli dərəcədə bahalaşıb.
AFP agentliyi "SPI Asset Management" şirkətinin analitiki Stiven İnnesə istinadən yazır ki, "bu, yekun sülh sazişi deyil, ilkin mərhələ razılaşmasıdır".
Analitikin sözlərinə görə, bazar indi rəsmi təsdiqi gözləyəcək: "Bu, çətin problemlərin həllini gələcəyə saxlayan, amma bazarlar üçün tamamilə qəbulolunan bir atəşkəs çərçivəsidir".
Çərçivə razılaşmasının iyunun 19-da imzalanacağı gözlənilir. İsrailin bu sənədə rəsmi reaksiyası isə hələlik bəlli deyil.
Avropadan İrana sanksiya güzəşti: 'Ləğv etməyə hazırıq'
Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Vaşinqtonla Tehranın Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün elan etdiyi çərçivə razılaşmasını alqışlayıb. Avropa ölkələri bu addımın qarşılığında İrana bəzi sanksiyaları ləğv etməyə hazır olduqlarını bildiriblər.
"İranın öz nüvə proqramı ilə bağlı aydın və yoxlanıla bilən addımlar atmasına cavab olaraq, müvafiq sanksiyaları ləğv etməyə hazırıq. Bu imkandan yararlanmaq, müsbət dinamikanı qorumaq və uzunmüddətli diplomatik həllə nail olmaq üçün ABŞ, İran və regional tərəfdaşlarla intensiv işləyəcəyik", - dördtərəfli birgə bəyanatda deyilir.
Sənəddə həmçinin Tehranın hərbi ambisiyaları ilə bağlı qəti mövqe nümayiş etdirilib: "İran heç bir halda nüvə silahı əldə etməməlidir. Bu məqsədə nail olmaq üçün ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə sıx əməkdaşlıq etməyə hazırıq".
Pakistan ABŞ-İran anlaşmasına ev sahibliyi edəcək
Pakistanın baş naziri Şahbaz Şərif ölkəsinin ABŞ və İran arasında Anlaşma Memorandumunun imzalanma mərasiminə ev sahibliyi edəcəyini bəyan edib.
Şərif iyunun 15-də Pakistan parlamentinin aşağı palatasındakı çıxışı zamanı bildirib ki, "Allahın lütfü ilə" Pakistan iyunun 19-da Cenevrədə keçiriləcək bu tarixi mərasimə ev sahibliyi edəcək.
O əlavə edib ki, Tehran və Vaşinqton Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılması barədə yekun razılığa gəliblər.
ABŞ prezidenti Donald Tramp iyunun 14-də gecə bildirib ki, Yaxın Şərqdə döyüşlərin dayandırılması, Hörmüz boğazının yenidən açılması və ABŞ-nin İran limanlarına blokadasının aradan qaldırılması üçün çərçivə razılaşması əldə olunub.
İran ilin əvvəlindən azı 40 nəfəri edam edib
2026-cı ilin əvvəlindən bəri İranda "milli təhlükəsizlik" ittihamları ilə azı 40 nəfər edam edilib. Bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk bildirib. Edam edilənlər arasında ilin əvvəlində hökumət əleyhinə etiraz aksiyalarının 18 iştirakçısı da var.
V.Türk iyunun 15-də BMT İnsan Hüquqları Şurasındakı çıxışında "müharibə və amansız repressiyalar arasında qalan" İran xalqı ilə dərindən həmrəy olduğunu bəyan edib. Ali komissar Tehran hakimiyyətini yanvarda etirazların qanlı şəkildə yatırılmasından sonra vətəndaş azadlıqlarına qoyulan məhdudiyyətləri daha da sərtləşdirməkdə ittiham edib.
Bununla belə, Türk ABŞ və İran arasında yeni elan olunmuş sülh sazişini alqışlayıb. O bildirib ki, bütün tərəflər bu sazişin "tez və vicdanla" həyata keçirilməsi üçün çalışmalıdırlar.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, İran edamların sayına görə dünyada yalnız Çindən geri qalır.