Keçid linkləri

2026, 01 İyul, çərşənbə, Bakı vaxtı 09:50
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

CNN: İran ABŞ və İsrailin vurduğu yeraltı raket bazalarını bərpa edib

İran fevralın 28-dən bəri ABŞ və İsrail qüvvələrinin zərbələrinə məruz qalan yeraltı raket obyektlərinin böyük hissəsini yenidən istifadəyə verib. Bu haqda CNN mayın 31-də xəbər yayıb. ABŞ və İsrail İranın son onilliklərdə qurduğu çoxsaylı yeraltı hərbi bazalara çıxışını məhdudlaşdırmağa çalışıb, bundan ötrü yaxınlıqdakı yolları dağıdıb, tunel girişlərini bağlayıb və qazıntı texnikasını hədəfə alıblar.

İran həmin obyektləri yenidən qazaraq açmağa çalışırdı. ABŞ və İsrailin zərbələri isə Tehranın raket potensialından tam istifadə etməsinə mane olurdu. CNN peyk görüntülərinə istinadla bildirib ki, aprelin əvvəlində atəşkəsin qüvvəyə minməsi İranın yeraltı bazalarını bərpa etməsini sürətləndirib. 18 obyektə aparan 69 tunel girişindən 50-sinin yenidən açıldığı bildirilir.

İranın raket proqramı münaqişənin mərkəzində duran əsas məsələlərdəndir. Vaşinqton və Təl-Əviv Tehranın raket imkanlarını məhdudlaşdırmağa çalışır. ABŞ prezidenti Donald Tramp mayın 30-da bildirib ki, Vaşinqton İranla üç aydır davam edən müharibəyə son qoyacaq "çox yaxşı" sazişə yaxınlaşır. Amma danışıqların uğurla bitib-bitməyəcəyi, hələlik, aydın deyil.

İranın xarici işlər naziri Abbas Əraqçi mayın 31-də danışıqların davam etdiyini təsdiqləyib, ancaq spekulyasiya etməməyə çağırıb. Onun sözlərinə görə, konkret nəticə əldə olunmadan Tehran danışıqlar prosesini qiymətləndirə bilməz. Tramp bundan əvvəl xəbərdarlıq edib ki, danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ İrana bombardman kampaniyasını bərpa edə bilər. CNN-in məlumatına görə, hərbi əməliyyatlar yenidən başlarsa, İranın da raket zərbələrini bərpa etmək imkanı olacaq.

Kallas İranla bağlı 'daha dərin' danışıqlara çağırıb

ABŞ və İran arasında əldə olunacaq hər hansı müvəqqəti sülh razılaşmasından sonra rəsmi Tehranın nüvə ehtiyatları, raket proqramı və digər mühüm mövzular üzrə daha geniş müzakirələr aparılmalıdır. Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas iyunun 1-də İslamabadda keçirdiyi mətbuat konfransında bildirib.

Ötən gecə İran və ABŞ arasında qarşılıqlı hücumların qeydə alınmasına baxmayaraq, Aİ-nin ali nümayəndəsi müvəqqəti atəşkəsin uzadılması və Hörmüz boğazının açılması üçün hələ də "kövrək diplomatik imkan" gördüyünü vurğulayıb: "Vaşinqton və Tehran arasında əldə ediləcək hər hansı müvəqqəti anlaşmadan sonra regional təhlükəsizlik, o cümlədən İranın nüvə ehtiyatları və digər kritik məsələlər üzrə daha dərin danışıqlar aparılmalıdır".

Avropa rəsmisi Körfəz böhranının tənzimlənməsində Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirib və Aİ-nin ABŞ-İran mübahisəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələri endirməyə başlayıblar. Tərəflər arasında əsas fikir ayrılığı rəsmi Tehranın nüvə proqramı ilə bağlıdır. Aprelin 8-də kövrək atəşkəs qüvvəyə mindikdən sonra Pakistan ABŞ və İran arasında vasitəçilik missiyasını həyata keçirir.

Tramp: İranla razılaşma 'gələn həftə ərzində' gözlənilir

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp "ABC News"a deyib ki, İranla atəşkəsin uzadılması və Hörmüz boğazının yenidən açılması barədə razılaşmanın gələn həftə ərzində əldə olunacağını gözləyir. Tramp iyunun 1-də "ABC News"un Vaşinqton üzrə baş müxbiri Conatan Karl ilə telefon söhbətində bildirib ki, sülh sazişi "hərbi qələbədən də yaxşı" ola bilər.

Pakistanın vasitəçiliyi ilə hazırlanan saziş layihəsini son həftələr tərəflər müzakirə edir. Danışıqlarla bağlı böyük qeyri-müəyyənlik də qalır. Aprelin əvvəlindən atəşkəs qüvvədə olsa da, ara-sıra qarşılıqlı hücumlar baş verib.

Tramp İran tərəfdən "çox böyük düşmənçilik" olduğunu vurğulayıb. "Bu, onlar üçün asan məsələ deyil. Əslində, bizim üçün də asan deyil. Amma biz bizə lazım olanı əldə edirik", – Tramp söyləyib.

Mümkün razılaşmanın vaxtı ilə bağlı suala cavabında Tramp "Məncə, söhbət gələn həftədən gedir" deyib. Onun sözlərinə görə, razılaşma ona görə əldə olunmayıb ki, "hələ bəzi məsələlər həllini tapmalıdır".

Son günlər İran və ABŞ arasında qarşılıqlı hərbi zərbələr baş verib. ABŞ qüvvələri İran hədəflərinə "özünümüdafiə məqsədli" hücumlar etdiyini, İran isə Küveytdə yerləşən ABŞ hərbi bazasına zərbə endirdiyini bildirib.

Fevralın sonunda ABŞ və İsrail İranı vurmağa başlayandan sonra Tehran Hörmüz boğazını faktiki bağlayıb. Nəticədə qlobal neft tədarükü ciddi şəkildə pozulub, enerji qiymətləri artıb.

İran atəşkəs sazişini müzakirə edir

İran ABŞ ilə müharibənin dayandırılması üçün təklif edilən sazişi nəzərdən keçirir. Bu barədə "Mehr" agentliyi iyunun 2-də məlumat yayıb. Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Tramp danışıqların davam etdiyini bildirmişdi.

ABŞ və İsrailin İrana zərbələrə başlamasından üç aydan çox vaxt keçsə də, münaqişə dalana dirənib. Müvəqqəti razılaşma əldə etmək məqsədilə vasitəçiliklə aparılan danışıqlar nəticəsiz qalıb, Hörmüz boğazı isə faktiki olaraq bağlanıb.

"Mehr" mənbəyə istinadən yazır ki, İran hələlik sazişin yekun mətninə cavab verməyib və ABŞ-yə etibar etmədiyi üçün sənədə sərt yanaşır.

Tramp isə iyunun 1-də bildirib ki, İranla danışıqlar davam edir. Onun sözlərinə görə, gələn həftə ərzində atəşkəsin uzadılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma əldə oluna bilər.

İyunun 2-də neftin qiyməti 1 faizdən çox düşüb. Beynəlxalq Enerji Agentliyinin aparıcı rəsmisi isə xəbərdarlıq edib ki, qlobal neft ehtiyatları tarixi rekorda qədər azala bilər.

Davamı

XS
SM
MD
LG