Keçid linkləri

2026, 01 İyul, çərşənbə, Bakı vaxtı 11:10
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Qrossi: İran uranının xaricə çıxarılması 'çətin, amma mümkündür'

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi deyir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması "çətin olsa da, qeyri-mümkün deyil".

Bu arada İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi Tehran və Vaşinqton arasında aparılan danışıqlarda əsas müzakirə mövzularından biri olaraq qalır. İran rəsmilərinin mövqeyinə görə, ABŞ-nin Tehrandan zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək tələbi aşırı tələbdir və onlar buna boyun əyməyəcəklər.

Bildirilir ki, İranın təxminən 60 faiz səviyyəsində zənginləşdirilmiş 440 kiloqram uranı var. Qrossi daha əvvəl qeyd etmişdi ki, 2025-ci ildə ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ölkənin uran ehtiyatlarının böyük hissəsi toxunulmaz qalıb və əvvəlki yerlərində saxlanılır.

Qrossi "Əl-Cəzirə"yə müsahibəsində bildirib ki, İranın yüksək səviyyədə zənginləşdirilmiş uranının xaricə daşınması asan deyil: "Qaz halında olan bu material yüksək dərəcədə çirkləndirici xassəyə malikdir və belə bir əməliyyatın icrası asan məsələ deyil". O əlavə edib ki, uranın zənginləşdirmə səviyyəsinin azaldılması da daxil olmaqla bir neçə alternativ variant nəzərdən keçirilir. Qazaxıstan da mümkün saxlama məkanlarından biri kimi hallandırılır.

ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uran ehtiyatlarını "nüvə tozu" adlandırıb və dəfələrlə vurğulayıb ki, ABŞ bu ehtiyatları əldə etməlidir. Amma son açıqlamalarında Tramp bildirib ki, zənginləşdirilmiş uranın İrandan çıxarılmasını zəruri saymır – bu, daha çox PR xarakterli addım olardı.

Tramp mayın 14-də "Fox News"a müsahibəsində deyib: "Əvvəllər bunu etməyi düşünürdük, amma bu, təxminən bir həftə yarım çəkəcəkdi. Düşmən ərazisində bu qədər uzun qalmaq isə risklidir".

Rubio: Hörmüz boğazını açmağa görə İrana sanksiyalar qaldırılmayacaq

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın Hörmüz boğazını açmasına görə ona tətbiq edilən sanksiyaların ləğvi nəzərdə tutulmur.

Rubio iyunun 2-də Senat komitəsindəki dinləmələrdə deyib: "Bu məsələ müzakirə olunmayıb. Belə bir təklif irəli sürülməyib".

Bu açıqlama İran dövlət mediasının yazdıqlarına ziddir. Həmin iddialara görə, Tehran və Vaşinqtonun Pakistanın vasitəçiliyi ilə müzakirə etdiyi saziş layihəsində sanksiyaların yumşaldılması və İranın xaricdə dondurulmuş vəsaitlərinin geri qaytarılması nəzərdə tutulur.

Rubio senatorlara deyib ki, istənilən razılaşmanın ilk mərhələsində İran Hörmüz boğazını açmalıdır. Bundan sonra, 30-90 gün davam edəcək ikinci mərhələdə İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılmalıdır.

Dövlət katibinin dediyinə görə, danışıqlar İranda hakimiyyətin strukturundan dolayı çətinləşir. Rubio bildirib ki, İranın təmsilçiləri əldə olunan təklifləri Tehrandakı rəhbərlik şurası ilə yenidən müzakirə etməli olur, bu da hər yeni mesaj mübadiləsində bir neçə günlük gecikmələr yaradır.

ABŞ İranın kriptovalyuta birjasına sanksiyalar qoydu

ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası "Nobitex"ə qarşı yeni sanksiyalar elan edib.

Nazirlik iyunun 2-də bildirib ki, "Nobitex" və daha üç rəqəmsal birjaya qarşı sanksiyalar tətbiq olunur. Bəyanata əsasən, "Nobitex" İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı maliyyə əməliyyatlarında vasitəçi rolunu oynayıb.

ABŞ-nin maliyyə naziri Skot Bessent deyib: "İran iqtisadiyyatı sürətlə tənəzzülə uğradığı halda, rejim rəqəmsal aktiv texnologiyalarından öz korrupsiya məqsədləri üçün yararlanmağı seçib. Bura sanksiyalardan yayınmaq və sərvəti ölkədən çıxarmaq da daxildir".

Yaxınlarda "Reuters" agentliyinin apardığı araşdırmada "Nobitex"in SEPAH və İran Mərkəzi Bankına xidmət edən "paralel maliyyə sistemi"nin yaradılmasındakı rolundan bəhs edilirdi.

ABŞ Xəzinədarlığı "Nobitex"in İdarə Heyətinin sədri Əmir Hüseyn Rada və şirkətin digər yüksək vəzifəli rəsmilərinə qarşı da fərdi sanksiyalar tətbiq edib.

Bəyanatda qeyd olunur ki, 2025-ci ildə İrana daxil olan bütün rəqəmsal aktiv axınlarının 50 faizindən çoxu məhz "Nobitex"in payına düşüb.

ABŞ və Bəhreyn İranın atdığı ballistik raketləri vurub

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə İran tərəfindən buraxılan bir neçə ballistik raket və dronun uğurla zərərsizləşdirildiyini açıqlayıb.

CENTCOM iyunun 2-si və 3-də yaydığı bəyanatda bildirib ki, İranın regiondakı qonşu ölkələrə doğru atdığı bir neçə raket nəzərdə tutulan hədəflərə çatmayıb. Komandanlığın məlumatına görə, Bəhreynə doğru atılan üç raket ABŞ və Bəhreynin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Küveytə yönəlmiş iki raket isə ya hədəfə çatmayıb, ya da uçuş zamanı parçalanıb.

CENTCOM həmçinin bildirib ki, ABŞ qüvvələri regional sularda mülki gəmiçiliyi hədəf aldığı iddia edilən üç İran kamikadze dronunu vurub. Buna cavab olaraq ABŞ, Hörmüz boğazındakı Qeşm adasında İran hərbi qüvvələrinə məxsus yerüstü idarəetmə məntəqəsinə "özünümüdafiə" zərbələri endirib.

Komandanlıq ABŞ hərbçiləri arasında xəsarət alan olmadığını vurğulayıb. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahına və regiondakı ABŞ aviabazasına uğurlu zərbələr endirməsi barədə iddialarını təkzib edib.

CENTCOM X sosial şəbəkəsində əlavə edib ki, ABŞ qüvvələrini hədəf alan İranın növbəti dron dalğası Küveyt səmasında zərərsizləşdirilib, heç bir dağıntı və ya itki qeydə alınmayıb. Küveyt ordusu da ayrıca bəyanatında hava hücumundan müdafiə sistemlərinin düşmən raket və dronlarının qarşısını aldığını bildirib, amma əlavə təfərrüat açıqlamayıb.

Davamı

XS
SM
MD
LG