'Müharibə regiondan kənara yayılacaq' – SEPAH-dan xəbərdarlıq
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən başlasa, müharibə region hüdudlarından kənara yayılacaq.
Bu hədədolu bəyanatdan az öncə ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni zərbələr endirmək ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. Tramp mayın 19-da bildirib ki, hücumlar "cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində" reallaşa bilər.
Aprelin 8-də atəşkəs elan olunana qədər rəsmi Tehran ABŞ və İsrailin hava zərbələrinə cavab olaraq İsraillə yanaşı, Fars körfəzi ölkələri olan BƏƏ, Səudiyyə Ərəbistanı və İraqdakı hədəflərə intensiv dron və raket hücumları təşkil etmişdi.
SEPAH-ın bəyanatında vurğulanır: "İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə region hüdudlarından kənara daşacaq. Təsəvvür belə edə bilməyəcəyiniz nöqtələrdə endiriləcək dağıdıcı zərbələr sizi külə çevirəcək".
Rəsmi sənəddə münaqişənin coğrafi baxımdan hara qədər genişlənə biləcəyi dəqiq göstərilməyib. Amma müharibənin ilk dövrlərində İranın himayə etdiyi husi qüvvələrinin Bab əl-Məndəb boğazından keçən gəmiləri hədəf alması və bunun qlobal ticarətə ciddi ziyan vurması geniş müzakirə olunurdu.
SEPAH: Son 24 saatda Hörmüz boğazından 26 gəmi keçib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri mayın 20-də bildirib ki, son 24 saat ərzində 26 ticarət gəmisi Hörmüz boğazından onların “koordinasiyası və təhlükəsizlik təminatı” altında keçib.
Qurum bu gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmilərinin olduğunu bildirir.
SEPAH həmin gəmilərin hansı ölkələrə məxsus olduğunu açıqlamayıb.
Tehran fevralın 28-də ABŞ və İsrailin İrana ilk zərbələrindən sonra Hörmüz boğazını faktiki bloklayıb.
Aprelin 8-də atəşkəs qüvvəyə minəndən, Pakistanın vasitəçiliyi ilə danışıqlar nəticəsiz bitəndən sonra ABŞ prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası əmri verib. Blokada hələ də davam edir.
İran rəsmiləri ötən həftə ABŞ prezidentinin Çinə səfəri zamanı bir neçə Çin gəmisinin Hörmüz boğazından keçdiyini bildirmişdilər. Son günlərdə mayeləşdirilmiş təbii qaz daşıyan iki Qətər tankerinin də həmin su yolundan keçdiyi xəbərləri yayılıb.
Tramp İran münaqişəsini bitirməyə tələsmədiyini deyir
ABŞ prezidenti Donald Trump mayın 20-də jurnalistlərə bildirib ki, İranla münaqişəni tez bir zamanda başa çatdırmağa tələsmir. Onun sözlərinə görə, əməliyyatın məqsədlərinə nail olmaq onun başa çatması üçün vaxt qoymaqdan daha vacibdir.
Bundan əvvəl Tramp yaxın günlərdə İrana yeni hərbi zərbələr endirilə biləcəyini deyib. O, hücumların “cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində” baş verə biləcəyini əlavə edib.
Tramp mayın 19-na planlaşdırılan zərbələri isə Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderlərinin tövsiyəsi ilə təxirə saldığını açıqlamışdı. Dediyinə görə, liderlər ona Tehranla "müqavilə bağlanacağını" deyiblər.
CENTCOM: ABŞ qüvvələri İran tankerinə çıxıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 20-də Oman dənizində İran bayrağı altında üzən "M/T Celestial Sea" kommersiya tankerinə Amerika hərbçilərinin daxil olduğunu açıqlayıb.
CENTCOM-un "X" sosial şəbəkə hesabında yayımladığı videoda ABŞ dəniz piyadalarının tankerə çıxma anı əks olunub. Qurumun məlumatına görə, gəmi İran limanına doğru üzərək ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını pozmağa cəhddə şübhəli bilinib.
Bəyanatda bildirilir: "ABŞ-nin 31-ci Dəniz Ekspedisiya Bölməsinin dəniz piyadaları blokadanı yararaq İran limanına daxil olmağa çalışan İran bayraqlı "M/T Celestial Sea" kommersiya neft tankerinə baxış keçiriblər".
Sənəddə qeyd olunub ki, ABŞ qüvvələri gəmidə axtarış apardıqdan və heyətə marşrutu dəyişmək barədə göstəriş verdikdən sonra tankeri sərbəst buraxıb.
Yaxın Şərqdəki hərbi əməliyyatlara rəhbərlik edən CENTCOM blokadanın tam şəkildə icra olunduğunu və indiyə qədər 91 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini əlavə edib.
ABŞ prezidenti Donald Trampın göstərişi ilə dəniz blokadası tərəflər arasında atəşkəs əldə olunmasından bir neçə gün sonra başlayıb və hazırda da davam edir.