Konqresin hesabatı: İran müharibəsində ABŞ 42 təyyarə itirib
ABŞ Konqresinin Tədqiqat Xidmətinin mayın 13-də yayımladığı hesabatda "Epik Qəzəb" əməliyyatı zamanı qeydə alınan aviasiya itkilərinə dair ilk rəsmi rəqəmlər yer alıb. "Sənədə əsasən, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən bəri Birləşmiş Ştatlara məxsus 42 təyyarə və pilotsuz uçuş aparatı (PUA) məhv edilib və ya sıradan çıxıb.
Bu statistik göstəricilər Müdafiə Nazirliyinin (Pentaqon) bəyanatları, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hesabatları və açıq mənbələrdəki məlumatlar əsasında hazırlanıb. Araşdırmalar davam etdiyi üçün rəqəmlərin yenilənə biləcəyi qeyd olunur.
İtki siyahısına dörd F-15E, bir F-35A, bir A-10, yeddi KC-135 yanacaqdoldurma təyyarəsi, bir E-3 AWACS, iki MC-130J, bir HH-60W, həmçinin 24 "MQ-9 Reaper" və bir "MQ-4C Triton" PUA-sı daxildir. İtkilərin düşmən zərbələri, "dost atəşi" və qəzalar nəticəsində baş verdiyi bildirilir. Bunların arasında martın 2-də Küveytdə "dost atəşi" ilə vurulan üç F-15E, eləcə də İranın ABŞ hərbi bazasına raket hücumu zamanı yerdə məhv edilən beş KC-135 yanacaqdoldurma təyyarəsi də var.
Aprelin 5-də vurulan F-15E qırıcısı üçün təşkil edilən axtarış-xilasetmə əməliyyatı zamanı iki MC-130J təyyarəsi yenidən havaya qalxa bilmədiyi üçün ABŞ qüvvələri tərəfindən İranda qəsdən partladılıb. Ekipaj üzvlərinin hamısı təhlükəsiz şəkildə təxliyə olunub. Eyni əməliyyatda bir HH-60W helikopteri də atıcı silahlardan açılan atəş nəticəsində zədələnib.
Müdafiə Nazirliyi itirilən texnikaların ümumi dəyərini 2.6 milyard dollar həcmində qiymətləndirib. Lakin Pentaqonun maliyyə nəzarətçisi vəzifəsini icra edən Culs Hörst mayın 13-də Senatdakı dinləmələr zamanı kompensasiya xərclərini rəsmən təsdiqləməkdən imtina edib. Onun sözlərinə görə, hərbi əməliyyatların ümumi xərci artıq 29 milyard dollara çatıb. ABŞ mediası isə bu rəqəmin müstəqil ekspertlərin real qiymətləndirmələrindən xeyli aşağı olduğunu vurğulayır.
ABŞ-nin saxladığı İran gəmisinin 20 dənizçisi ölkəyə qayıdıb
Tehranın Pakistandakı səfiri ABŞ tərəfindən saxlanılan gəmidəki 20 iranlı dənizçinin azad edilərək İrana qaytarıldığını açıqlayıb.
Səfir mayın 21-də jurnalistlərə bildirib ki, həmin heyət üzvləri Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində sərbəst buraxılıb və artıq vətənə geri dönüblər.
Pakistan Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, hazırda Sinqapur sularında saxlanılan sözügedən gəmidəki dənizçilərdən 11-i isə Pakistan vətəndaşıdır.
ABŞ və İran arasında aprelin 8-də atəşkəs elan edildikdən sonra Amerika ordusu İranın cənub limanlarına qarşı dəniz blokadasına başlayıb. Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını bağlayıb.
Munir də İrana gedir
Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirin mayın 21-də Tehrana səfəri zamanı İran və ABŞ arasında dayandırılmış danışıqların bərpası üçün çərçivə məsələlərini müzakirə edəcəyi bildirilir. Məlumatı İranın yarı-rəsmi ISNA agentliyi yayıb.
Xəbərdə deyilir ki, feldmarşal Munirin səfəri İslamabadın Tehran və Vaşinqton arasında vasitəçilik səyləri çərçivəsində İran rəsmiləri ilə aparılan məsləhətləşmələrin bir hissəsidir.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi də hazırda Tehrandadır və İran rəsmiləri ilə görüşlər keçirir. Pakistanın vasitəçilik təşəbbüslərində əsas fiqurlardan sayılan Nəqvi mayın 20-də, bir həftədən də az bir müddət ərzində ikinci dəfə Tehrana gedib.
ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başladıqdan sonra İran və ABŞ arasında yeganə rəsmi danışıqlara Pakistan ev sahibliyi edib. O vaxtdan bəri İslamabad iki tərəf arasında əsas kommunikasiya kanallarından biri rolunu oynayır.
ISNA-nın məlumatı təsdiqlənərsə, bu, Munirin apreldən bəri Tehrana ikinci səfəri olacaq. O, bundan əvvəl aprelin 15-də yüksəkvəzifəli mülki rəsmilərlə birlikdə İran paytaxtına getmişdi.
Nümayəndələr Palatasında hərbi səlahiyyətlərlə bağlı səsvermə təxirə salınıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı rəhbərliyi prezident Donald Trampın İranla müharibəni davam etdirmək üçün Konqresdən icazə almasını nəzərdə tutan qətnamə üzrə mayın 21-nə planlaşdırılmış səsverməni qəfil ləğv edib.
İki gün əvvəl oxşar təşəbbüs ABŞ Senatından keçmişdi.
Səsvermənin konqresmenlərin Anım Günü (Memorial Day) tətili üçün Vaşinqtondan getməzdən əvvəl keçirilməsi planlaşdırılırdı.
Nümayəndələr Palatası bundan əvvəl hərbi səlahiyyətlərlə bağlı üç qətnaməni respublikaçıların yekdil dəstəyi ilə bloklamışdı. Lakin fərq getdikcə azalırdı – sonuncu qətnamə səslər bərabərləşdiyindən qəbul olunmamışdı. Mayın 21-nə nəzərdə tutulan səsvermədə daha çox respublikaçının demokratlarla birlikdə səs verəcəyi və sənədin keçəcəyi gözlənilirdi.
Qətnamə Konqresin hər iki palatasından keçsə belə, Trampın ona veto qoymaq səlahiyyəti qalır.