Senat Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran sənədin önünü açdı
ABŞ Senatı mayın 19-da prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyat aparmaq səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamənin prosedur mərhələsini təsdiqləyib, yəni sənədi bloklamayıb.
Bu, Senatdakı demokratların səkkizinci cəhdi idi və dörd respublikaçının dəstəyi sayəsində uğurla nəticələnib. Digər respublikaçılar isə səsvermədə iştirak etməyiblər. Prosedur səsverməsi zamanı qətnamə 50-47 səs fərqi ilə qəbul olunub.
Bundan əvvəl D.Tramp İrana qarşı yeni hərbi zərbələr endirilməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini göstərən bəyanatlarla çıxış etmişdi.
Qətnamə hələ Senatın özündə və Nümayəndələr Palatasında yekun səsverməyə çıxarılmalıdır. Sənəd tam qəbul olunacağı təqdirdə, prezidentin ona veto qoymaq hüququ da qalır.
Təşəbbüsün əsas məqsədi 1973-cü il tarixli Müharibə Səlahiyyətləri Aktına əsasən Trampın Konqresdən kənar əlavə hərbi zərbələr əmri verməsinin qarşısını almaqdır. Həmin qanuna görə, prezidentlər silahlı qüvvələri 60 gündən artıq müddətə döyüş əməliyyatlarına cəlb etmək üçün mütləq qaydada Konqresdən icazə almalıdırlar.
Qətnamənin tərəfdarları bildirirlər ki, qeyd olunan icazə müddəti artıq başa çatıb, çünki ABŞ və İsrailin İrana qarşı hava zərbələri fevralın 28-də başlayıb. Tramp administrasiyası isə aprelin 8-dən qüvvədə olan atəşkəsi əsas gətirərək hərbi əməliyyatların artıq dayandığını iddia edir.
Qətnaməni dəstəkləyən dörd respublikaçı senatordan biri Luiziana ştatını təmsil edən Bill Kassididir. O, əvvəllər bu cür təşəbbüslərin əleyhinə səs versə də, Trampı dəstəkləmədiyi üçün ştatda Respublikaçılar Partiyasının praymerizində (partiyadaxili seçki) məğlub olduqdan sonra mövqeyini dəyişib. Kassidi "X" sosial şəbəkəsində yazıb ki, hətta Luizianada prezident Trampın tərəfdarları arasında belə bu müharibədən ciddi narahatlıq keçirən insanlar var.
CENTCOM: 90-a yaxın gəmi marşrutunu dəyişməli olub
Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı dəniz blokadası tətbiq edildikdən sonra Amerika qüvvələri 89 gəmini öz marşrutunu dəyişməyə məcbur edib.
CENTCOM mayın 19-da "X" sosial şəbəkəsində yaydığı bəyanatda İran limanlarına ticarət axınının qarşısını almaq üçün blokadanın qətiyyətlə davam etdirildiyini vurğulayıb.
ABŞ İranla Pakistanda keçirilən üzbəüz danışıqların uğursuz başa çatmasından sonra, aprelin 13-də İran limanlarına qarşı dəniz blokadasına başlayıb. Həmin danışıqlar atəşkəs elan olunmasından bir neçə gün sonra təşkil edilmişdi. Tərəflərin sonradan bir-birinə qarşılıqlı zidd təkliflər irəli sürməsi səbəbindən bu diplomatik cəhdlər nəticəsiz qalıb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələrinə başlayandan sonra rəsmi Tehran Hörmüz boğazını bağlayıb. Bu addım isə regionda enerji təhlükəsizliyi və qlobal dəniz nəqliyyatı ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb.
ABŞ səfiri: İran iqtisadiyyatı çökmək üzrədir
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bildirib ki, İran hökumətinin maliyyə resursları "tükənmək üzrədir" və ölkə iqtisadiyyatı "çökmə həddindədir".
Səfirin sözlərinə görə, İslam Respublikası "yeni və dinc yanaşmaya keçmək əvəzinə, mülki elektrik stansiyalarını hədəf alır və dünyanı qaranlığa qərq edə biləcək nüvə silahı düzəltmək strategiyasından əl çəkmir".
Uolts rəsmi Vaşinqtonun bu vəziyyətə qarşı mövqeyini "buna dözə bilmərik və heç vaxt dözməyəcəyik" sözləri ilə ifadə edib.
ABŞ rəsmisinin çıxışından əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın münaqişədə ABŞ-yə böyük ziyan vurduğunu bildirib. O, mayın 19-da gecə X-də yazıb ki, ABŞ Konqresi müharibədə milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf edib. Nazir həmçinin İranın ilk dəfə ABŞ-nin "F-35" qırıcısını vurduğunu iddia edir.
İranlı nazir hər hansı yeni münaqişənin Vaşinqton üçün "daha çox sürpriz" gətirəcəyini qeyd etsə də, ətraflı danışmayıb.
Pakistanın daxili işlər naziri yenidən Tehrana yollanıb
Pakistanın daxili işlər naziri Möhsün Nəqvi İranın yüksək rütbəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedib. Bu, onun son bir həftə ərzində İrana reallaşdırdığı ikinci səfərdir.
Pakistan son dövrlər İran ilə ABŞ arasında vasitəçilik missiyasını öz üzərinə götürüb.
İran mediasının məlumatına görə, Nəqvi bundan əvvəl – mayın 16-17-də Tehran və Vaşinqton arasında dialoqu asanlaşdırmaq məqsədilə İrana səfər etmişdi. Həmin görüşlər çərçivəsində o, İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibaf ilə bir araya gəlib.