Keçid linkləri

2026, 30 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:10
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tehranın Vaşinqtona şərtləri: Uran zənginləşdirilməsi tanınsın, blokada ləğv edilsin

Tehranın Vaşinqtona göndərdiyi sülh təklifləri arasında İranın uranı zənginləşdirmək hüququnun rəsmən tanınması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və ölkənin dondurulmuş xarici aktivlərinin geri qaytarılması yer alır. Bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.

Qəribabadi mayın 19-da İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ilə görüşərək Vaşinqtonla danışıqların gedişi barədə hesabat təqdim edib.

Hesabata əsasən, Tehranın son təkliflərinə uranın zənginləşdirilməsi və dinc nüvə fəaliyyəti hüququnun tanınması ilə yanaşı, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının dərhal ləğvi də daxildir. Bundan başqa, İran tərəfi ABŞ-nin müharibə zərərlərini ödəməsini və yenidənqurma işləri üçün kompensasiya verməsini tələb edir.

Digər bəndlərdə isə birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurası qətnamələrinin ləğvi, həmçinin ABŞ silahlı qüvvələrinin regiondan tamamilə çıxarılması nəzərdə tutulur.

Aprelin 8-də İran və ABŞ arasında kövrək atəşkəs rejimi qüvvəyə minib. O zamandan bəri münaqişənin tamamilə başa çatdırılması məqsədilə Oman və İsveçrə vasitəsilə birbaşa, Pakistanın vasitəçiliyi ilə isə dolayı diplomatik təmaslar davam etdirilir.

ABŞ prezidenti Donald Tramp İranın şərtlərini dəfələrlə rədd edib və hətta bu təklifləri "zibil parçası" adlandırıb. Ağ ev rəhbəri Tehrana xəbərdarlıq edib ki, vaxt daralır və Vaşinqtonu qane edəcək saziş imzalanmasa, İran dağıdıcı hərbi zərbələrlə üzləşəcək.

Qətər: ABŞ-İran danışıqlarına daha çox vaxt lazımdır

Qətər Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarında razılığa gəlmək üçün daha çox vaxta ehtiyac olduğunu bildirib. Bu açıqlamadan bir gün əvvəl ABŞ prezidenti Donald Tramp diplomatik prosesə şans vermək məqsədilə İrana qarşı nəzərdə tutulan hərbi zərbələri təxirə saldığını elan etmişdi.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari Dohanın Pakistanın vasitəçilik səylərini tam dəstəklədiyini və regionda gərginliyin eskalasiyasının qarşısını almaqda maraqlı olduğunu vurğulayıb.

Əl-Ənsari Qətərin danışıqlar prosesinin uğurla tamamlanması üçün daha çox vaxt lazım olduğuna inandığını diqqətə çatdırıb.

D.Tramp mayın 18-də Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderlərinin ondan diplomatik təmaslara şərait yaratmağı xahiş etdiklərini bildirmişdi. Məhz bu səbəbdən Ağ ev rəhbəri ertəsi gün İrana qarşı planlaşdırılan hərbi əməliyyatı dayandırdığını açıqlayıb.

Əl-Ənsari regional təhlükəsizliyə toxunaraq deyib: "Biz region xalqlarını qorumaq və onların istənilən eskalasiyanın əsas itirən tərəfinə çevrilməsinin qarşısını almaq istəyirik".

Tramp: ABŞ yaxın günlərdə İrana yeni zərbələr endirə bilər

ABŞ prezidenti Donald Tramp deyir ki, Tehranla razılaşma əldə olunmasa, yaxın günlərdə İrana yeni hərbi zərbələr endirilə bilər.

Tramp mayın 19-da Ağ evin yeni ziyafət zalının tikinti meydançasında danışıb. O, bundan əvvəl İrana zərbə əmrini verməyə cəmi bir saat qalmış hücumu təxirə saldığını bildirib.

Prezident mayın 18-də “Truth Social”da yazıb ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderlərinin ona hücumu təxirə salmağı tövsiyə edib, "müqavilə bağlanacağını" deyiblər.

İranın razılığa gəlməsi üçün ona nə qədər vaxt verəcəyi sualına isə Tramp "iki-üç gün" deyib.

"Bəlkə cümə, şənbə, bazar günü, bəlkə də gələn həftənin əvvəli", – deyən Tramp əlavə edib ki, vaxt məhduddur, çünki "onların (İranın) nüvə silahı əldə etməsinə icazə verə bilmərik".

Tramp aprelin 8-də müvəqqəti atəşkəs elan edib. Mayın 22-də isə münaqişədə vasitəçilik edən Pakistanın xahişi ilə atəşkəsi qeyri-müəyyən müddətə uzatdığını bildirib.

Vens: ABŞ "hazırdır və silahlanıb", amma diplomatik razılaşma əldə etməyə çalışırıq

ABŞ prezidenti Donald Tramp İrana ölkəsinin "hazır və silahlanmış" olduğunu deyərək xəbərdarlıq edib. Vitse-prezident Cey Di Vens isə mayın 19-da Ağ evdə jurnalistlərə bildirib ki, onlar İrana nüvə silahı əldə etməyə imkan verəcək heç bir razılaşmaya getməyəcəklər.

Vens qeyd edib ki, İranın nüvə silahına yiyələnməsi regionu silahlanma yarışına sürükləyər, bu isə dünyanı daha təhlükəli hala gətirər.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar hələ də diplomatik razılaşma əldə etməyə çalışır, ancaq "tanqo oynamağa iki nəfər lazımdır".

Tərəflər arasındakı fasiləli danışıqlara toxunan Vens "əhəmiyyətli proqres" olduğunu söyləyib, iranlıların da razılaşma bağlamaq istədiyinə inandıqlarını vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi "məqsədlərinə nail olmaq" üçün hərbi əməliyyatları yenidən başlatmaq seçimini saxlayır, lakin prezident bunu istəmir.

Prezident Tramp isə bu açıqlamadan əvvəl deyib ki, diplomatik səylər Tehranla razılaşma ilə nəticələnməsə, yaxın günlərdə İrana yeni hərbi zərbələr endirilə bilər.

Davamı

XS
SM
MD
LG