Səudiyyə Ərəbistanı İraq ərazisindən buraxılan üç dronu vurub
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İraq hava məkanından ölkə ərazisinə daxil olan üç pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Nazirliyin rəsmisi general-mayor Türki əl-Maliki mayın 17-də bəyan edib ki, Krallıq öz suverenliyinə, təhlükəsizliyinə və vətəndaşlarına yönələn istənilən təhdidə cavab vermək hüququnu özündə saxlayır və bunun üçün bütün zəruri tədbirləri görəcək. Dronların hansı qruplaşma tərəfindən buraxıldığı hələlik məlum olmasa da, İraq ərazisində İranla müttəfiq olan çoxsaylı silahlı birləşmələr fəaliyyət göstərir. Həm İranyönümlü, həm də anti-İran qüvvələrin yerləşdiyi İraq tez-tez ABŞ və İsrailin İranla münaqişə poliqonuna çevrilir.
Bu hadisədən az əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yerləşən "Barakah" atom elektrik stansiyasına da PUA hücumu təşkil olunub və obyektdə yanğın baş verib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu hücumu kəskin pisləyərək, nüvə təhlükəsizliyinə qarşı hərbi fəaliyyətləri "qəbuledilməz" adlandırıb.
Səudiyyə Ərəbistanı və BƏƏ, adətən, İranın ABŞ və İsrailin hava zərbələrinə cavab olaraq həyata keçirdiyi raket və dron hücumlarının hədəfinə çevrilir. Bu zərbələr aprelin əvvəlində elan edilmiş atəşkəs dövründə də səngiməyib. Mediada hər iki Körfəz ölkəsinin İran ərazisindəki hədəflərə cavab zərbələri endirdiyi iddia edilsə də, nə Ər-Riyad, nə də Əbu-Dabi bu xəbərləri rəsmən təsdiqləyib.
İranın polis rəisi: Müharibə başlayandan 6 min 500 nəfər həbs edilib
İran polisinin rəisi Əhməd Rza Radan bildirib ki, müharibə başlayandan bəri "xəyanət və casusluq" ittihamı ilə təxminən 6 min 500 nəfər həbs olunub. O iddia edib ki, həmin şəxslərdən 567-si "riyakarlar, şər qüvvələr və əksinqilabçı" qruplarla əlaqəli olub. Radan həmçinin qeyd edib ki, yanvarda ölkəboyu etirazlar zamanı başlanan "düşmən əsgərlərin və xainlərin həbsi" hələ də davam edir.
"Amnesty International" və digər insan haqları qrupları Tehranın yanvar etirazlarından sonra və fevralın 28-də İsrail və ABŞ ilə müharibə başlayandan ölüm hökmündən istifadəni kəskin şəkildə artırdığını bildirirlər. Bu ilin əvvəlindən İranda azı beş nəfərin casusluq ittihamı ilə edam edildiyi güman olunur. Rejimin edamları daha çox gizli həyata keçirdiyi nəzərə alınsa, gerçək rəqəmin daha yüksək ola biləcəyi ehtimal edilir.
Merts BƏƏ-də nüvə stansiyasına İran hücumunu pisləyib
Almaniya kansleri Fridrix Merts İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və digər Körfəz ölkələrinə təşkil etdiyi hücumları pisləyib.
O, mayın 18-də X platformasında yazıb: "Atom obyektlərinə hücumlar bütün regionda insanların təhlükəsizliyinə təhdid yaradır. Zorakılığın daha da artmasına yol verilməməlidir".
"İran ABŞ ilə ciddi danışıqlara başlamalı, qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını heç bir məhdudiyyət olmadan açmalıdır", - Merts əlavə edib.
BƏƏ bir gün əvvəl "Barakah" Atom Elektrik Stansiyasına edilən dron hücumu nəticəsində yanğın baş verdiyini açıqlamışdı. Beynəlxalq Atom Enerjisi Agentliyi hücumla bağlı bəyanatında nüvə təhlükəsizliyini təhdid edən hərbi fəaliyyətin qəbuledilməz olduğunu bildirib.
İranda internet 80 gündür bloklanır
Mayın 18-i İranda internet blokadasının 80-ci günüdür. "NetBlocks" internet monitorinq qrupu bildirir ki, məhdudiyyətlərin ümumi müddəti artıq 1 min 896 saatı keçib.
"NetBlocks" mayın 18-də X platformasında yazıb: "Sosial şəbəkələr rejimpərəst məzmunla doludur. Bloklanmış proqramlara və ya xüsusi icazəli internetə çıxış əldə etməyə çalışan iranlılar bildirirlər ki, onlardan hər gün müəyyən sayda təbliğat xarakterli paylaşım etmək öhdəliyi qoyulur və bu prosesə süni intellekt vasitəsilə nəzarət olunur".
İnternet blokadası fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən sonra başlayıb. O vaxtdan bəri ölkənin beynəlxalq internet trafiki blokadadan əvvəlki orta səviyyənin 1 faizindən də aşağı düşüb. Başqa sözlə, iranlıların böyük əksəriyyəti üçün ölkə xaricində yerləşən istənilən sayt və ya tətbiqə giriş faktiki olaraq mümkünsüz olub.