Keçid linkləri

2026, 30 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:03
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

FTB keçmiş agentinin tutulmasına görə 200 min dollar vəd edir

ABŞ Federal Təhqiqat Bürosu (FTB) İranın xeyrinə casusluqda ittiham olunan keçmiş əks-kəşfiyyat agentinin yaxalanmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat elan edib.

FTB-nin mayın 14-də yaydığı bəyanata əsasən, hələ 2019-cu ilin fevralında böyük federal jüri ABŞ ordusunun keçmiş əməkdaşı və əks-kəşfiyyat agenti Monika Vitti casusluqda ittiham edib. Onun ABŞ-nin milli müdafiəsinə dair yüksək məxfi məlumatları İran hökumətinə ötürdüyü bildirilir.

Büronun məlumatında Vittin 2013-cü ildə rəsmi olaraq İrana qaçdığı qeyd olunur. İttiham aktına görə, o, Tehran rejimini strateji məlumatlarla təmin edərək ABŞ-nin həssas, eləcə də məxfi milli müdafiə sənədlərinə və xüsusi proqramlarına ciddi təhlükə yaradıb.

Əraqçi: ABŞ danışıqları davam etdirmək istəyir

Tehran Vaşinqtondan Tramp administrasiyasının Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün danışıqları davam etdirmək niyyətində olduğunu göstərən mesajlar alıb. Bu barədə İranın Xarici işlər naziri Abbas Əraqçi mayın 15-də bəyanat verib. ABŞ tərəfi isə hələlik bu iddianı rəsmən təsdiqləməyib.

Əraqçi Yeni Dehlidə keçirilən BRICS sammiti çərçivəsindəki mətbuat konfransında deyib: "Amerikalılardan yenidən mesajlar almışıq. Onlar danışıqları və diplomatik təmasları davam etdirməyə hazır olduqlarını bildirirlər".

ABŞ prezidenti Donald Tramp bugünlərdə İranın irəli sürdüyü son sülh təklifini "səfeh" və "tamamilə qəbuledilməz" adlandırmışdı.

Əraqçi vurğulayıb ki, İran həm hərbi münaqişənin yenidən alovlanmasına, həm də diplomatik həll yollarına hazırdır. Onun sözlərinə görə, Pakistanın vasitəçilik missiyası tamamilə uğursuzluğa düçar olmayıb, lakin prosesdə müəyyən problemlər yaranıb. İranın XİN rəhbəri ABŞ-nin danışıq təklifi və vasitəçilik prosesindəki problemlər barədə ətraflı danışmayıb.

Əraqçi həmçinin qeyd edib ki, İranın uranı zənginləşdirməsi məsələsi olduqca mürəkkəbdir: "Biz Amerika tərəfi ilə ortaq məxrəcə gəlmək üçün bu mövzuda müzakirələri təxirə salmağı təklif etmişik".

Tramp administrasiyası mümkün sülh sazişinin əsas şərti olaraq İrandan uran zənginləşdirilməsi fəaliyyətini ya uzunmüddətli dondurmağı, ya da tamamilə dayandırmağı tələb edir.

Tramp: İranın uran zənginləşdirməni 20 il dayandırmasını qəbul edərəm

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını 20 illiyə dondurmasına razı ola biləcəyini açıqlayıb.

Pekini tərk etdikdən dərhal sonra "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verən Tramp "20 il kifayətdir, amma bu, gerçək 20 il olmalıdır", - deyə bildirib.

İranın uran zənginləşdirmə proqramını müvəqqəti dayandırmağa və ya ona tamamilə son qoymağa razı olmaması Vaşinqtonla Tehran arasında əsas fikir ayrılığı olaraq qalır. Ağ ev administrasiyası ötən il ərzində İrandan uran zənginləşdirməkdən birdəfəlik imtina etməyi tələb edirdi. Rəsmi Tehran isə son danışıqlarda prosesin beş il müddətinə dondurulması təklifi ilə çıxış etmişdi.

Apreldə Pakistanda aparılan sülh danışıqları zamanı ABŞ mövqeyini yumşaldaraq İrana nüvə fəaliyyətini 20 illiyə dayandırmağı təklif etmişdi. "The Wall Street Journal" qəzetinin məlumatına görə, Trampın mayın 15-də səsləndirdiyi fikirlər onun İranın nüvə proqramını müəyyən müddətə dayandırmasını qəbul edə biləcəyinə dair indiyədək verdiyi ən açıq siqnaldır.

Donald Trump: İran üçün zaman daralır

ABŞ prezidenti Donald Tramp mayın 17-də “Truth Social” platformasında İrana “tez hərəkətə keçməyi” tövsiyə edib və ağır nəticələrlə hədələyib.

“İran üçün zaman daralır və onlar çox tez hərəkətə keçsələr yaxşıdır, yoxsa onlardan heç nə qalmayacaq”, – o yazıb. “VAXT ÇOX ƏHƏMİYYƏTLİDİR!” – prezident əlavə edib.

Trampın açıqlamadından öncə İran mediası yazıb ki, Vaşinqton Tehranın müharibəni dayandırmaqla bağlı təklifinə cavabında heç bir güzəşt irəli sürməyib. Tərəflər arasında təkliflər mübadiləsini Pakistan gerçəkləşdirir.

İran rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər. Dövlətə bağlı “Mehr” agentliyi isə yazıb ki, ABŞ “müharibə zamanı əldə edə bilmədiyi güzəştləri almağa çalışır” və bu, razılaşma yolunda maneəyə çevrilə bilər.

“Axios” nəşri mayın 17-də İsrail rəsmilərinə istinadla Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə danışdığını yazıb. Netanyahu münaqişədə əsas məsələlər həll olunanadək Tehrana hər hansı kompromisə qarşı çıxır.

“Axios” başqa bir xəbərində isə bildirib ki, ABŞ prezidenti bu həftə ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə hərbi əməliyyat variantlarını müzakirə edəcək.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi kampaniyaya başlayıb. Bir məqsəd İranın nüvə və ballistik imkanlarını məhdudlaşdırmaq idi.

İran buna cavabında qlobal neft ticarətinin beşdə birinin keçdiyi Hörmüz boğazını faktiki bağlayıb və bu da bazarlarda qiymətlərin kəskin artmasına səbəb olub. Bundan sonra bu strateji su marşrutu münaqişənin həllində əsas mövzulardan birinə çevrilib.

İslamabad İranla ABŞ arasında aprelin əvvəlində atəşkəs qüvvəyə minəndən vasitəçi rolunu oynayır. Tərəflərin İslamabadda danışıqları nəticəsiz başa çatıb.

Davamı

XS
SM
MD
LG