Kəşfiyyat: İran raket gücünü itirməyib – Tramp 'xəyanət' dedi
ABŞ kəşfiyyatının yeni qiymətləndirmələrinə görə, İran Birləşmiş Ştatlar və İsrail ilə aylarla davam edən silahlı münaqişəyə baxmayaraq, strateji raket imkanlarının əhəmiyyətli hissəsini qoruyub saxlayıb.
"The New York Times" və "The Washington Post" qəzetlərinin yazdığına görə, Tehran müharibədən əvvəlki raket arsenalının və mobil buraxılış qurğularının təxminən 70 faizini hələ də əlində saxlayır. Bundan başqa, İslam Respublikasının Hörmüz boğazı yaxınlığındakı strateji obyektlər də daxil olmaqla, yeraltı raket bazalarının 3/4-ü üzərində nəzarəti yenidən bərpa etdiyi bildirilir.
Bu məlumatlar Tramp administrasiyasının İranın hərbi cəhətdən, demək olar ki, çökdürülməsi ilə bağlı iddiaları ilə kəskin ziddiyyət təşkil edir.
ABŞ prezidenti Donald Tramp İranın hələ də döyüş qabiliyyətini qoruduğuna dair xəbərləri "saxta xəbərlər" adlandıraraq kəskin tənqid edib. O, mayın 12-si axşam "Truth Social" platformasında etdiyi paylaşımda bu cür məlumatları "faktiki XƏYANƏT" kimi dəyərləndirib. Tramp, konkret hansı xəbərləri nəzərdə tutduğunu açıqlamayıb.
Bu açıqlamalar münaqişənin sona çatdırılması ilə bağlı danışıqların dayandığı, Vaşinqtonda isə müharibənin maliyyə yükü ətrafında mübahisələrin gücləndiyi bir dövrə təsadüf edir.
Mayın 12-də müdafiə naziri Pit Heqset müharibənin ABŞ-nin sursat ehtiyatlarını təhlükəli həddə azaltdığı barədə iddiaları qətiyyətlə rədd edib. "Bizə lazım olan hər şeydən yetərincə var", - deyə o vurğulayıb.
Çin supertankeri Hörmüz boğazından keçməyə cəhd edib
Təxminən 2 milyon barel İraq nefti daşıyan Çin supertankeri mayın 13-də Hörmüz boğazından keçməyə cəhd göstərib. Bu məlumatı London Fond Birjası Qrupu (LSEG) və "Kpler" gəmi izləmə şirkətlərinin qeydləri təsdiqləyir.
"Yuan Hua Hu" gəmisi İranın Lark adası yaxınlığından keçərək Hörmüzün şərq hissəsi boyunca cənuba doğru hərəkət edib.
Gəmi mart ayından bəri Fars körfəzində qalırdı.
Əgər keçid uğurla başa çatarsa, bu, fevralın sonlarında ABŞ-İsrailin İranla müharibəsi başlayandan sonra Hörmüz boğazından keçdiyi bilinən üçüncü Çin neft tankeri olacaq.
Mənbələr "Reuters"ə bildirib ki, İran neft və qazını daha asan satmaq üçün İraq, Pakistan və başqa ölkələrlə sazişlər bağlayır. Bununla da İran Hörmüz boğazındakı gəmi hərəkətinə nəzarətini gücləndirir.
İranda tanınmış hüquqşünas Sutude girov qarşılığında azadlığa buraxılıb
Saxarov mükafatı laureatı, tanınmış hüquqşünas Nəsrin Sutudenin qızı Mehrəvə Xəndan anasının girov qarşılığında müvəqqəti azadlığa buraxıldığını açıqlayıb.
Xəndan bunu mayın 13-də "Instagram" hesabında yazıb.
Qadın hüquqları və siyasi məhbusların müdafiəçisi, ölüm hökmünə qarşı fəaliyyəti ilə tanınan Sutude aprelin 1-də Tehrandakı evində həbs edilmişdi. Hüquqşünas dəfələrlə saxlanılıb və həbs edilib.
Stude fevralın 28-də başlayan İran müharibəsindən əvvəl Fransanın "Le Point" jurnalına müsahibəsində İran xalqının qorunması üçün "humanitar müdaxilə" çağırışı etmişdi.
Sutudenin həyat yoldaşı, insan haqları fəalı Rza Xəndan isə 2024-cü ildən "Evin" həbsxanasında saxlanılır. O, məcburi hicab və ölüm hökmünə qarşı fəaliyyəti ilə tanınır.
Cey Di Vens: İranla danışıqlarda irəliləyiş var
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İranla danışıqlarda irəliləyiş əldə olunduğunu düşünür. Bununla belə, onun sözlərinə görə, bu irəliləyişin Donald Trampın müəyyənləşdirdiyi qırmızı xəttə uyğun olub-olmadığı hələ aydın deyil.
Vens mayın 13-də Ağ evdə jurnalistlərə deyib ki, həmin səhər ABŞ prezidentinin sülh danışıqları üzrə elçiləri Cared Kuşner və Stiv Uitkoffla İran məsələsini müzakirə edib, həmçinin ərəb rəsmiləri ilə təmasda olub.
O vurğulayıb: "Əsas sual budur ki, bu irəliləyiş prezidentin qırmızı xəttini əhatə edirmi?".
Vensin izahına görə, Trampın qırmızı xətti İranın heç vaxt nüvə silahı əldə etməməsinin qarşısını alacaq bir sıra təhlükəsizlik mexanizmlərini təmin etməkdir.
Vensin açıqlamasından əvvəl Tramp İranın danışıqlarda təqdim etdiyi yeni təklifi "tamamilə qəbuledilməz" adlandırmışdı.
İran və ABŞ aprelin 8-də iki həftəlik atəşkəs elan etdikdən sonra İslamabadda ilk birbaşa danışıqlarını keçiriblər. Danışıqlarda ABŞ nümayəndə heyətinə Vens, İran heyətinə isə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edib.
Danışıqlar nəticəsiz başa çatıb. Bundan sonra prezident Tramp İranla atəşkəsi müddət göstərmədən uzadıb. Daha sonra onun göstərişi ilə bölgədəki ABŞ hərbi qüvvələri İrana qarşı dəniz blokadasına başlayıb və bu blokada hələ də davam edir.