Rubio: İrana təzyiq göstərmək Çinin xeyrinədir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazının açılması məqsədilə İran hökumətinə təzyiq göstərmək Çinin maraqlarına uyğundur.
"Biz arqumentlərimizi çinlilərə çatdırmışıq və ümid edirəm ki, bunlar kifayət qədər inandırıcıdır. Onların bu həftənin sonunda BMT-də bu məsələ ilə bağlı addım atmaq imkanı olacaq", – Rubio ABŞ prezidenti Donald Trampı Pekində keçirilən ikigünlük sammitdə müşayiət edərkən "Fox News"a deyib.
Rubio onu da əlavə edib ki, Hörmüz boğazındakı mövcud gərginlik Çinə digər ölkələrdən daha çox zərər vurur və Pekin İranı dəniz ticarətinə mane olmaqdan çəkindirməlidir.
"Bu məsələnin həlli birbaşa onların öz maraqlarına uyğundur", – Rubio vurğulayıb. O qeyd edib ki, Çin gəmiləri Fars körfəzində ilişib qalıb, üstəlik, ötən həftə Çinin bir yük gəmisi "istəmədən də olsa", hücuma məruz qalıb.
"Ümid edirik ki, İranın hazırda Fars körfəzində törətdiyi əməllərdən çəkindirilməsi üçün onları daha fəal rol oynamağa inandıra biləcəyik", – Rubio bildirib.
İraqın şimalında kürd qruplaşmasının düşərgəsinə dron hücumu
İraq Kürdüstanının Ərbil şəhərinin şimalında yerləşən və İrana qarşı fəaliyyət göstərən kürd silahlı qruplaşmalarının düşərgəsinə iki dronla hücum edilib.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, hücum zamanı düşərgədəki avadanlıq və sursat anbarı hədəfə alınıb. Ölən və ya yaralananlar, eləcə də dağıntılarla bağlı hər hansı məlumat verilməyib.
Üç gün əvvəl isə Ərbilin şərqində yerləşən başqa bir düşərgəyə oxşar hücum təşkil edilmişdi.
Son aylar İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan bölgəsindəki kürd silahlı qruplaşmalarının mövqelərini dəfələrlə dron və raketlərlə hədəfə alıb.
BƏƏ sahillərində gəmi ələ keçirilib, İran sularına yönəldilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimal-şərqində lövbərdə olan gəmi "kənar şəxslər" tərəfindən ələ keçirilərək İranın ərazi sularına doğru yönləndirilib. Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) mayın 14-də məlumat yayıb.
Məlumata görə, hadisə BƏƏ-nin Füceyrə limanından 70 kilometr şimal-şərqdə baş verib. Gəminin ələ keçirildiyi və marşrutunun İran istiqamətinə dəyişdirildiyi bildirilib.
Gəmi və onun göyərtəsində olan şəxslərlə bağlı əlavə məlumat açıqlanmayıb.
Tramp və Si: Hörmüz boğazı açıq qalmalıdır
Ağ evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini bəyan ediblər. Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri Tehran bu strateji su yolunu faktiki olaraq bağlayıb. Hərbi əməliyyatlara qədər dünyadakı neft və mayeləşdirilmiş qaz (LNG) tədarükünün 20 faizi məhz bu marşrut vasitəsilə daşınırdı.
Çin tərəfinin yaydığı rəsmi açıqlamada isə Hörmüz boğazının adı birbaşa çəkilmir. Orada sadəcə iki liderin Yaxın Şərq, Ukrayna və Koreya yarımadası kimi ümumi mövzular barədə danışdığı bildirilir.
Çin hazırda İran neftinin ən böyük alıcılarından biridir və Tehran rejimi ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Buna görə də Vaşinqton istəyir ki, Pekin öz təsir rıçaqlarını işə salaraq İranı genişmiqyaslı sülh sazişini qəbul etməyə və Hörmüzdəki dəniz məhdudiyyətlərini yumşaltmağa razı salsın.
Amma Tramp Vaşinqtondan yola düşməzdən əvvəl ABŞ-nin bu münaqişənin həllində Çinin köməyinə ehtiyacı olduğu barədə iddiaları kəskin rədd edərək "İran məsələsində heç bir köməyə möhtac deyilik", — deyə cavab vermişdi.
"İran mövzusu ilə bağlı pərdəarxası çox ciddi və gərgin müzakirələrin aparılacağını gözləyirəm. Lakin bunun açıq şəkildə bəyan ediləcəyini düşünmürəm. Çünki bu cəhdlər nəticəsiz qalacağı təqdirdə Çin üçün ciddi reputasiya riski yarana bilər", — deyə "American Enterprise Institute"un eksperti İvon Çiu AzadlıqRadiosuna mövzunu şərh edib.
Görüşün sonunda Tramp Sini sentyabrın 24-də Ağ evə rəsmi səfərə dəvət edib.