İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'
İranlı deputat ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə Tehranın uranı 90 faizə qədər zənginləşdirə biləcəyini bəyan edib. Bu səviyyə birbaşa nüvə silahı istehsalı üçün kifayət edən dərəcə hesab olunur.
Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, mühafizəkar deputat İbrahim Rzai mayın 12-də "X" sosial şəbəkəsində yazıb ki, İran növbəti hücumlara cavab olaraq uranın zənginləşdirilməsi variantını nəzərdən keçirə bilər. O, parlamentarilərin bu imkanı yaxından araşdıracağını da əlavə edib.
ABŞ prezidenti Donald Tramp isə mayın 11-də verdiyi açıqlamada Vaşinqtonla Tehran arasındakı mövcud atəşkəsi süni nəfəs aparatına bağlı" vəziyyətə bənzədib. Tramp daha əvvəl İranın təkliflərini rədd etdiyini bildirib. O həmçinin iddia edib ki, ABŞ və İsrailin 2025-ci ilin iyununda "12 günlük müharibə" zamanı endirdiyi zərbələr İranın nüvə obyektlərini tamamilə sıradan çıxarıb və ölkənin uran zənginləşdirmə potensialını ciddi şəkildə zəiflədib.
Buna baxmayaraq, hazırda İranın ehtiyatındakı 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranın taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Texniki baxımdan bu material silah səviyyəsi sayılan 90 faizlik həddə çox yaxındır. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatı müsadirə və ya məhv edilmədiyi müddətcə, İranın nüvə proqramına ciddi zərbə vurmaq mümkün olmayacaq.
Tramp: ABŞ İran məsələsində Çinin köməyinə möhtac deyil
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpin İran müharibəsi məsələsində "nisbətən yaxşı" mövqe tutub, lakin Vaşinqton Pekinin dəstəyinə ehtiyac duymur.
Tramp bu açıqlamaları Çinə səfərindən əvvəl jurnalistlərə verib. "İran məsələsində hər hansı bir köməyə ehtiyacımız olduğunu düşünmürəm. Biz bu müharibədən qalib çıxacağıq – ya sülh yolu ilə, ya da digər vasitələrlə", –prezident vurğulayıb.
O, Çinə səfəri zamanı Si ilə İran mövzusunda ətraflı müzakirə aparacağını bildirib. Tramp Çin liderini "dost" adlandırıb və onunla yaxşı dil tapdıqlarını qeyd edib.
Tramp mayın 13-ü axşam saatlarında Çinə çatıb. Prezidentin mayın 14–15-də Si ilə danışıqlar aparması və bir sıra rəsmi tədbirlərdə iştirak etməsi gözlənilir. O, Çinə ən son 2017-ci ildə səfər etmişdi.
Bundan əlavə, Tramp İranın atəşkəslə bağlı son təklifini rədd edərək onu "tamamilə qəbuledilməz" və "inanılmaz dərəcədə zəif" adlandırıb.
ABŞ prezidentinin Çinə səfəri ilkin olaraq mart ayına planlaşdırılmışdı, lakin İran müharibəsi səbəbindən təxirə salınmışdı.
Qətərin ikinci LNG tankeri Hörmüz boğazını keçib
Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ikinci tankeri İran və Pakistan arasında əldə olunmuş xüsusi razılaşma çərçivəsində Hörmüz boğazını uğurla keçib. Regionda münaqişə risklərinə baxmayaraq, enerji tədarükünün davam etdirilməsi istiqamətində atılan bu addımlar diqqət çəkir.
London Fond Birjası Qrupunun məlumatlarına görə, "Mihzem" gəmisi mayın 11-də Qətərin Ras Laffan terminalından yola düşüb və ertəsi gün strateji əhəmiyyətli su yolunu arxada qoyaraq Pakistanın Qasım limanına istiqamətlənib.
Həftəsonu isə "Əl Xaraitiyat" tankeri artıq Hörmüz boğazından keçmişdi.
Məsələdən xəbərdar olan mənbə "Reuters" agentliyinə bildirib ki, İran həmin yüklərin Pakistana göndərilməsinə razılıq verib. Qeyd edək ki, Pakistan kəskin qaz çatışmazlığı ilə üz-üzədir. İslamabad hökumətlərarası saziş çərçivəsində Qətərdən LNG tədarükünün fasiləsizliyini təmin etmək üçün əlavə zəmanətlər əldə etməyə çalışır.
Pentaqon: İranla müharibənin dəyəri 29 milyard dollara çatıb
Pentaqon ABŞ-nin İranla müharibəsinin ümumi dəyərinin təxminən 29 milyard dollar olduğunu açıqlayıb. Bu rəqəm iki həftə əvvəl açıqlanandan 4 milyard dollar çoxdur.
Məlumat mayın 12-də Vaşinqtonda keçirilən büdcə dinləmələrində səsləndirilib.
Müdafiə naziri Pit Heqset bildirib ki, məbləğin artması yenilənmiş təmir və əməliyyat xərcləri ilə birbaşa bağlıdır. "Birləşmiş Qərargah komandası və maliyyə nəzarəti komandası bu hesablamanı davamlı olaraq yenidən nəzərdən keçirir", — o əlavə edib.
Müharibənin maliyyə yükünün getdikcə artması aralıq seçkilərə cəmi aylar qalmış prezident Donald Tramp administrasiyası və Respublikaçılar Partiyasına siyasi təzyiqlərin gücləndiyi bir dövrə təsadüf edir. Demokratlar ölkədə yaşayış xərclərinin yüksəlməsini müharibə ilə əlaqələndirirlər.