Fars körfəzində 1500 gəmi və 20 min ekipaj üzvü qalıb
İranın Hörmüz boğazındakı blokadası səbəbindən Fars körfəzində təxminən 1500 gəmi və onların ekipajları ilişib qalıb. Bunu mayın 7-də BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri bildirib.
"Hazırda təxminən 20 min ekipaj üzvü və 1500-ə yaxın gəmi oradan çıxa bilmir", – qurumun baş katibi Arsenio Dominqes Panamada keçirilən Amerika Dəniz Konvensiyasında deyib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə başlayandan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə raket və dron hücumları həyata keçirib, Hörmüz boğazına blokada tətbiq edib. Müharibəyədək dünyada neft və qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçirdi.
Dominqes deyib ki, körfəzdə qalan ekipaj üzvləri "başqa ölkələrin rifahı naminə hər gün öz işlərini görən günahsız insanlardır", lakin "öz nəzarətlərindən kənar geosiyasi vəziyyətin girovuna çevriliblər".
Onun sözlərinə görə, gəmilərə qarşı 30-dan çox hücum 10 dənizçinin həyatını itirməsinə səbəb olub.
Mayın 4-də ABŞ prezidenti Donald Tramp sözügedən gəmiləri müşayiət etmək və boğazın açılmasına nail olmaq üçün dəniz əməliyyatı elan edib. Vaşinqton özünün son sülh təklifinə Tehrandan cavab gözlədiyi üçün bu təşəbbüs az sonra dayandırılıb.
İsrailin zərbəsindən HƏMAS liderinin oğlu öldürülüb
HƏMAS silahlı qruplaşmasının yüksəkvəzifəli liderlərindən birinin oğlu Qəzza şəhərinə İsrailin hava zərbəsi nəticəsində aldığı yaralardan ölüb. Bu məlumatı mayın 8-də bir sıra media orqanları yayıb. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıyır.
"Middle East Monitor" nəşri Türkiyənin "Anadolu" agentliyinin müxbirinə istinadən yazıb ki, Xəlil əl-Həyyanın oğlu Əzzam əl-Həyya mayın 6-da axşam Qəzzanın şərqinə endirilən zərbə zamanı ağır yaralanıb və ertəsi gün ölüb.
Nəşrin istinad etdiyi fələstinli mənbələrə görə, Əzzam əl-Həyya Xəlil əl-Həyyanın İsraillə münaqişədə öldürülən dördüncü oğludur.
İsrail ordusu hələlik məsələni şərh etməyib.
İranın xarici işlər naziri Abbas Əraqçi Xəlil əl-Həyyaya başsağlığı verib. Məlumatı İranın yarırəsmi "Tasnim" agentliyi yayıb.
Xəlil əl-Həyya HƏMAS-ın yüksəkvəzifəli rəsmisi və siyasi bürosunun sədridir. O, Qəzza müharibəsi zamanı İsraillə atəşkəs danışıqlarında HƏMAS-ın əsas təmsilçilərindən olub.
Hörmüz boğazında Çin tankerinə hücum edilib
Çin Xarici İşlər Nazirliyi (XİN) Hörmüz boğazı yaxınlığında Çin ekipaj üzvlərinin olduğu, neft məhsulları daşıyan tankerə hücum edildiyini təsdiqləyib.
XİN sözçüsü Lin Cian bildirib ki, gəmidə Çin vətəndaşları olub, lakin ölən və yaralanan yoxdur.
Çinin "Caixin" media qurumu bundan əvvəl "CHINA OWNER&CREW" yazısı olan tankerin mayın 4-də hücuma məruz qaldığını yazmışdı.
Dəniz təhlükəsizliyi mənbələri gəminin Marşall adaları bayrağı ilə üzən "JV Innovation" tankeri olduğunu müəyyən ediblər. Gəminin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahilləri yaxınlığında yanmağa başladığı bildirilir.
Bu hücum mayın 6-da Pekində Çin xarici işlər naziri Van İ ilə iranlı həmkarı Abbas Əraqçinin danışıqlarından əvvəl baş verib. Onlar Hörmüz boğazının yenidən açılmasını müzakirə ediblər.
Çin İran neftinin əsas alıcılarından biridir və müharibəyə baxmayaraq, İrandan idxalı əsasən sabit saxlayıb.
Bu insident ABŞ və İranın yenidən qarşılıqlı atəş açması fonunda baş verib. Hörmüz boğazında gəmiçilik getdikcə daha çox pozulur.
İran ABŞ sanksiya siyahısındakı tankeri ələ keçirib
İran mediası ölkənin hərbi dəniz qüvvələrinin Oman körfəzində "Ocean Koi" adlı neft tankerini ələ keçirdiyini xəbər verib.
Xəbərlərdə iddia olunur ki, tanker İslam Respublikasına məxsus neft daşıyırmış və "regional vəziyyətdən yararlanaraq" İranın neft ixracına və maraqlarına zərər vurmağa, onları pozmağa çalışırmış”.
ABŞ Maliyyə Nazirliyi fevralda eyniadlı tankeri sanksiya siyahısına salıb, onun İran nefti və neft məhsullarının ixracı ilə əlaqəli olduğunu iddia edib.
İranın dövlətə yaxın media orqanlarının yaydığı məlumatlarda tankerin regional vəziyyətdən necə yararlandığı detallı izah olunmur. Onun nə zaman, dəqiq harada ələ keçirildiyi də açıqlanmayıb.
İranın IRIB dövlət televiziyası isə kiçik qayıqlardan tankerin göyərtəsinə çıxan silahlı şəxslərin görüntülərini yayımlayıb.