BƏƏ İran raketləri və dronlarını vurduğunu bildirir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan iki ballistik raketi və üç dronu zərərsizləşdirdiyini açıqlayıb. Hadisə nəticəsində üç nəfərin yaralandığı, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Ölkənin Müdafiə Nazirliyi mayın 8-də X sosial şəbəkəsində yazıb ki, İranın açıq hücumları başlayandan bəri BƏƏ qüvvələri 551 ballistik raketi, 29 qanadlı raketi və 2 min 263 dronu vurub.
Qurum hücumlar nəticəsində müxtəlif millətlərdən olan 230 nəfərin yaralandığını, 13 nəfərin isə həlak olduğunu bildirir. Ölənlərdən üçü hərbi sahə ilə əlaqəli, 10-u isə mülki şəxslərdir.
Nazirlik onu da əlavə edib ki, ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı istənilən təhdidlə mübarizə aparmağa tam hazırdır.
BƏƏ Yaxın Şərqdəki münaqişə fonunda İranı dəfələrlə raket və dron hücumlarına görə ittiham edib.
İranda casusluqda ittiham olunan şəxs edam edilib
İran ABŞ və İsrailin xeyrinə casusluqda ittiham olunan bir şəxsi edam edib. Bu barədə məhkəmə hakimiyyətinin rəsmi “Mizan” xəbər orqanı məlumat yayıb.
“Mizan” həmin şəxsin peyk fəaliyyəti ilə məşğul olan elmi qurumda çalışan 29 yaşlı İrfan Şəkurzadə olduğunu bildirib. Onun elmi tədqiqat layihəsi vasitəsilə əməkdaşlığa cəlb olunduğu, peyklərlə bağlı məxfi elmi məlumatları ötürdüyü iddia olunur.
Nəşrin iddiasına görə, Şəkurzadə müxtəlif mərhələlərdə həm ABŞ, həm də İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olub və həssas məlumatlar paylaşıb.
Qərb ölkələri İranın peyk proqramının ballistik raket texnologiyalarının inkişafı ilə bağlı olduğunu deyir. Məlumatda Şəkurzadənin hansı şəraitdə saxlanıldığı, edamın nə vaxt həyata keçirildiyi barədə detallı informasiya verilməyib.
İnsan haqları qurumlarının məlumatına görə, Şəkurzadə Tehrandakı İran Elm və Texnologiya Universitetində aerokosmik mühəndislik üzrə magistr təhsili alırdı.
Onun 2024-cü ildə həbs olunduğu, təkadamlıq kamerada saxlanıldığı, məcburi etiraflara vadar edildiyi bildirilir. İran Ali Məhkəməsinin bu yaxınlarda ölüm hökmünü qüvvədə saxladığı qeyd olunur.
İranda casusluq və ya dövlət əleyhinə ittihamlarla bağlı edamlar, təhlükəsizliklə bağlı məhkəmə proseslərinin miqyası artır.
Bu ölkə edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir. İnsan haqları qruplarının hesablamalarına əsasən, 2025-ci ildə ölkədə azı 1639 nəfər edam olunub.
İraqa məxsus tanker Hörmüz boğazından keçib – İran icazə verib
İran "Agus Fanorius" adlı VLCC tipli tankerin Hörmüz boğazından Tehranın müəyyən etdiyi marşrutla keçdiyini bildirir. Xəbəri mayın 11-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli yarı-rəsmi "Tasnim" agentliyi yayıb.
İraq nefti daşıyan və Vyetnama doğru hərəkət edən tankerin hazırda Oman dənizində olduğu bildirilir.
Mayın 9-da isə mayeləşdirilmiş qaz daşıyan Qətər tankeri Pakistan istiqamətində Hörmüz boğazından keçib. Həmin gün ABŞ dövlət katibi Marko Rubio Mayamidə Qətərin baş naziri ilə görüşüb.
"Reuters" agentliyi mənbələrə istinadla yazıb ki, tanker keçidi İranın razılığı ilə həyata keçirilib və bu addım İranla ABŞ-İsrail müharibəsində vasitəçi rolunu oynayan Qətər və Pakistanla etimad quruculuğu tədbiridir.
Tehrandan ABŞ-yə cavab: Müharibə bitsin, aktivlər qaytarılsın
Tehran ABŞ-nin son təklifinə cavab olaraq bölgədə müharibənin dayandırılmasını və xaricdə dondurulmuş aktivlərinin qaytarılmasını tələb edib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mayın 11-də həftəlik mətbuat konfransında bildirib.
"Biz amerikalılardan heç bir güzəşt tələb etməmişik. Tələb etdiyimiz yeganə şey İranın qanuni hüquqları idi", – sözçü vurğulayıb.
"İranın digər tələbləri Hörmüz boğazından təhlükəsiz keçid, bölgədə, eləcə də Livanda təhlükəsizliyin təmin olunmasıdır. Bunlar regional təhlükəsizlik üçün alicənab və qanuni təklif sayılır", – o bildirib.
Mayın 10-da ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müharibəni dayandırmaq planına İranın cavabını "tamamilə qəbuledilməz" adlandırmışdı.