Keçid linkləri

2026, 28 İyun, bazar, Bakı vaxtı 22:33
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

ABŞ İrana zərbələr endirib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

BƏƏ İranın Hörmüz boğazına nəzarətini rədd edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik müşaviri Ənvər Qarqaş İranın Hörmüz boğazı üzərində nəzarətini rədd edib. O, münaqişədən sonrakı dövrdə dəniz təhlükəsizliyinə dair beynəlxalq hüquqa əsaslanan təminatların vacibliyini vurğulayıb.

Qarqaş mayın 1-də X platformasında yazıb ki, "kollektiv beynəlxalq iradə və beynəlxalq hüququn müddəaları bu həyati əhəmiyyətli keçid üzərindən naviqasiya azadlığının əsas təminatçısıdır".

"İranın bütün qonşularına qarşı xain aqressiyasından sonra onun heç bir birtərəfli təşəbbüsünə etibar etmək və ya güvənmək olmaz", – o əlavə edib.

Son günlərdə İran rəsmiləri Tehranın Hörmüz boğazına nəzarət etmək niyyətini yenidən vurğulayıblar. Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan bəri Tehran boğazı faktiki olaraq bağlayıb.

Dünyada neft və mayeləşdirilmiş qazın təxminən 20 faizi, BƏƏ-nin mayeləşdirilmiş təbii qaz ixracının isə, demək olar ki, hamısı Hörmüz boğazından keçir. Boğazdan keçən neftin 12-13 faizi BƏƏ-nin payına düşür.

İran Pakistana yeni danışıqlar planı təqdim edib

İran ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynayan Pakistana yeni sülh təklifini çatdırıb. IRNA dövlət xəbər agentliyinin məlumatına görə, rəsmi Tehran son planın mətnini aprelin 30-da qarşı tərəfə ötürüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi televiziya müsahibəsində bildirib ki, ABŞ ilə istənilən təmasda Tehran üçün əsas prioritet müharibənin dayandırılması və davamlı sülhdür.

Lakin XİN diplomatik səyləri davam etdirsə də, ölkədəki mühafizəkar ruhanilər və deputatlar əsas məsələlərdə güzəştə getməyin əleyhinədirlər. Deputat Mahmud Nəbəvian Hörmüz boğazı üzərində nəzarəti, uranın zənginləşdirilməsini və nüvə materiallarının ölkə xaricinə çıxarılmamasını İranın üç "qırmızı xətti" adlandırıb. O, bu məsələlərin heç bir beynəlxalq razılaşmanın müzakirə mövzusu olmamalı olduğunu tələb edib.

IRNA təklifin detalları barədə məlumat verməsə də, "The Guardian" qəzeti planın əsas hədəfinin hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının yenidən açılması olduğunu bildirib. Nüvə proqramı üzrə detallı müzakirələrin isə növbəti mərhələyə saxlanılması nəzərdə tutulur.

ABŞ prezidenti Donald Tramp İranın nüvə danışıqları ilə əlaqələndirilməyən əvvəlki təklifini rədd etmişdi. Həftənin əvvəlində Tramp Tehrana "tezliklə ağıllanmağı" və razılaşma imzalamağı tövsiyə edib. Vaşinqton diplomatik cəhdlər uğursuz olarsa, hərbi varianta əl ata biləcəyini açıqlayıb. Paralel olaraq İsrail də artan nüvə təhdidləri fonunda hərbi zərbələri yenidən bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.

İran mediası: Tehran son sülh təklifinə ABŞ-dən cavab alıb

İran Xarici İşlər Nazirliyi mayın 3-də bildirib ki, Tehran son sülh təklifinə ABŞ-dən cavab alıb. İran təklifini danışıqlarda vasitəçilik edən Pakistana təqdim etmişdi.

ABŞ prezidenti Donald Tramp bir gün əvvəl demişdi ki, çox güman ki, İranın təklifini rədd edəcək, çünki "onlar kifayət qədər böyük bədəl ödəməyiblər". O həmçinin qeyd edib ki, İran rəhbərliyində parçalanma müşahidə edir və bunun müharibənin dayandırılması üzrə danışıqlara maneə yaratdığını deyib.

ABŞ-nin cavab verdiyini nə Vaşinqton, nə də İslamabad hələlik təsdiqləyib. İranın dövlət mediası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadla xəbər verir ki, hazırkı mərhələdə İranın nüvə imkanları ilə bağlı heç bir danışıq aparılmır.

Bu məsələ mümkün razılaşma üçün əsas mövzulardan biri olaraq qalır. ABŞ-nin İrana qarşı əsas tələbi budur. Tehran isə nüvə ambisiyalarından imtina etməyə razılaşmayıb. Məlumata görə, İran bu mövzunun hazırkı danışıqlardan kənarda saxlanmasına çalışır.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələrinə başlayıb. Aprelin 8-dən etibarən tərəflər arasında kövrək atəşkəs qüvvədədir.

Tehran ABŞ-ni 'aşırı' tələblərdən əl çəkməyə çağırır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ni iki ölkə arasında sülh danışıqlarının irəliləməsi üçün aşırı tələblərdən əl çəkməyə çağırıb.

"Bu mərhələdə prioritetimiz müharibəni dayandırmaqdır", – o, mayın 4-də dövlət televiziyasında yayımlanan brifinqdə deyib.

"Digər tərəf ağlabatan yanaşma sərgiləməli və İranla bağlı aşırı tələblərindən imtina etməlidir", – deyən sözçü Tehranın hansı tələbləri aşırı saydığını açıqlamayıb.

İran bir gün əvvəl bildirib ki, tərəflər arasında danışıqlarda vasitəçilik edən Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi son sülh təklifinə Vaşinqtondan cavab alıb.

ABŞ prezidenti Donald Tramp isə deyib ki, çox güman ki, İranın təklifini rədd edəcək, çünki "onlar kifayət qədər böyük bədəl ödəməyiblər". Tramp detallı danışmayıb.

Davamı

XS
SM
MD
LG