Müctəba Xamenei: İran Hörmüz boğazını qoruyacaq
İranın ali lideri Müctəba Xamenei sərt bəyanat yayaraq Körfəz regionunun təhlükəsizliyini təmin edəcəklərini və "düşmənin su yolundan sui-istifadəsini" dayandıracaqlarını bildirib. Bu bəyanat ABŞ-nin Hörmüz boğazından keçərək İran limanlarına daxil olan gəmilərə tətbiq etdiyi blokadaya işarə sayılır.
Xamenei həm ölkə daxilində, həm də xaricdə yaşayan iranlıların ölkənin dəniz, quru və hava sərhədlərini qətiyyətlə qoruyacaqlarını vurğulayıb.
56 yaşlı M.Xamenei atası Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürüldükdən sonra ali lider seçilib. Lakin atasının ölümündən sonra ictimaiyyət qarşısına çıxmayıb. ABŞ rəsmiləri onun həmin zərbələr zamanı ağır yaralandığını ehtimal edirlər.
Hazırda Hörmüz boğazından yalnız İranın icazə verdiyi gəmilər keçə bilir. Boğazın faktiki bağlanması neft qiymətlərinin artmasına səbəb olub.
"Yenidən hərəkətə keçməli ola bilərik" – İsrail İranı hədələyir
İsrailin müdafiə naziri İsrael Kats aprelin 30-da bildirib ki, Tehranın yenidən təhdidə çevrilməməsi üçün ölkəsi "yenidən hərəkətə keçməyə məcbur qala bilər".
Nazirin ofisinin yaydığı bəyanatda deyilir ki, ABŞ prezidenti Donald Tramp baş nazir Binyamin Netanyahu ilə koordinasiya şəraitində kampaniyanın məqsədlərinə çatmağa çalışır. Həmin məqsəd isə İranın gələcəkdə İsrail, ABŞ və azad dünya üçün yenidən təhdidə çevrilməməsini təmin etməkdir.
"Bu səyləri dəstəkləyirik və zəruri yardımı göstəririk, lakin bu məqsədlərə nail olmaq üçün yaxın zamanda yenidən hərəkətə keçməli ola bilərik", – bəyanatda vurğulanır.
ABŞ və İsrailin İrana qarşı birgə hərbi kampaniyası aprelin 8-də Vaşinqtonla Tehran arasında atəşkəs razılaşdırıldıqdan sonra dayandırılıb.
Bundan sonra İsrail ilə Livan da atəşkəs əldə edib. Bununla belə, həm İsrail, həm də "Hizbullah" Livanda bir-birinə hücumlar edir.
Həm silahlı qruplaşma, həm də siyasi təşkilat olan "Hizbullah" Livanın cənubunda böyük əraziyə nəzarət edir. ABŞ onu terror təşkilatı sayır. Avropa İttifaqı isə onun yalnız silahlı qanadını qara siyahıya salıb, siyasi qanadını deyil.
Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb
Aprelin 30-da gecə saatlarında Tehranda hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. İran mediasının yaydığı məlumata görə, şəhərin müxtəlif istiqamətlərində zenit qurğularından atəş səsləri eşidilib. İlkin ehtimala görə, sistemlər pilotsuz uçuş aparatlarına reaksiya verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" və "Fars" agentlikləri bildirir ki, təxminən 20 dəqiqə ərzində Tehran səmasında kiçik uçuş aparatları və kəşfiyyat dronları hədəfə alınıb. Baş verənlərin hərbi təlim, yoxsa real hədəfə qarşı əməliyyat olduğu hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Məlumatda qeyd olunur ki, fəaliyyət dayandıqdan sonra paytaxtda vəziyyət normallaşıb. Hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.
Aprelin 8-də İran və ABŞ qüvvələri arasında atəşkəs razılaşmasından sonra tərəflər arasında birbaşa hərbi toqquşmalar dayandırılıb.
Skot Bessent: İran valyutası rekord həddə ucuzlaşıb
ABŞ-nin maliyyə naziri Skot Bessent deyir ki, artan iqtisadi təzyiq, ölkəsinin İranın neft ixracına və dəniz marşrutlarına qarşı tətbiq etdiyi blokada fonunda İranın milli valyutası rekord səviyyədə ucuzlaşıb.
"Neft sənayesinin iflic olduğu, valyutanın sürətlə dəyər itirdiyi bir vaxtda İran rejimi nəhayət etiraf etməlidir ki, İran xalqı mövcud rejimin törətdiyi dağıntılardan qat-qat yaxşısına layiqdir", – o, X platformasında yazıb.
"İran xalqı yeni bir dövrə layiqdir. Bunu isə korrupsiyaya bulaşmış və xaotik İran rejimi təmin edə bilməz", – Bessent əlavə edib.